Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Heydər Əliyev: Zaman və müasirlik" mövzusunda elmi sessiya keçirilib.
Sessiyada Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib ki, Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək Azərbaycanı xilas edib, onu parçalanmaqdan, işğaldan qoruyub. Onun sözlərinə görə, 1993-cü ildən bu günə kimi Azərbaycan inkişaf edib, dünyanın inkişaf etməkdə olan ölkələri sırasına qatılıb. AMEA prezidenti qeyd edib ki, bu gün Heydər Əliyevin ən böyük əsərləri Azərbaycan və prezident İlham Əliyevdir: "H.Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə vətəndaş müharibəsinin qarşısı alınıb, torpaqların işğalı dayandırılıb, ölkənin parçalanması təhlükəsi aradan qalxıb. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb".
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Heydər Əliyevlə bağlı xatirələrini danışıb. O bildirib ki, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyevin hər kəsin ürəyində öz yeri var: "Ulu öndərin Azərbaycan xalqı və ölkənin inkişafı üçün göstərdiyi xidmətləri sözlərlə ifadə etmək mümkün deyil. Bunlar nəticəsində həmin dövr üçün geridə qalan ölkəmiz qısa zamanda inkişaf edərək qüdrətli dövlətə, yeni Azərbaycana çevrilib. Heydər Əliyev ölkənin bütün dövrləri əhatə edən inkişafı üçün nəzəri, ictimai, siyasi yol proqramı qoyub: "Azərbaycanın tərəqqisi üçün əsası ümummilli lider tərəfindən qoyulan siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkəmiz ildən-ilə daha da möhkəmlənəcək, inkişaf edəcək".
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev Azərbaycan elminin, təhsilinin inkişafında böyük xidmətlər göstərib. H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin, AMEA-nın yeni inkişaf mərhələsi başlanıb. Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli-mənəvi dəyərlərinin tədqiqi istiqamətində araşdırmaların aparılmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb: "Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə akademiyanın mühüm elmi problemlərinin həllində, alimlərin mükafatlandırılmasında, onların dünya elminin ön sıralarında mövqe tutmasında, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmi işçilərin rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb".
Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, bu sahənin inkişafına göstərilən dövlət qayğısından danışıb. O bildirilib ki, H.Əliyev hər zaman gənclərin ölkənin ictimai-siyasi həyatında və müxtəlif sahələrdə fəal iştirakına diqqət və qayğı ilə yanaşıb: "Heydər Əliyev fevralın 2-ni Azərbaycanda Gənclər Günü elan edib. Bu gün də Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var".
S.QARAYEVA