Dekabrın 11-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycanın intellektual BİRincisi” layihəsinin Bakı şəhəri üzrə 11 rayonun iştirakı ilə sonuncu seçim turu keçirilib.
Təşkilatdan verilən məlumata görə, yarışlarda Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının gənc intellektualları iştirak ediblər.
Açılış mərasimində YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov çıxış ediblər.
Açılış mərasimindən sonra "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap" və "Vətəni Tanı" intellectual oyunlarına start verilib.
Sonuncu seçim turunda "Nə? Harada? Nə zaman?", "Xəmsə" intellektual oyunlarında Yasamal rayonu, "Vətəni Tanı" intellektual oyununda Nizami rayonu, "Axtar-tap" intellektual oyununda Binəqədi rayonunun gənc intellektualları qalib gəliblar.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.
Ceyhun ABASOV