|
|
|
|
Hesabat yığıncağı ölkə rəhbərinin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni-kütləvi tədbirləri əks etdirən filmin izlənilməsi ilə başlayıb.
Hesabat yığıncağını açan Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı bildirib ki, qarşıdakı ildə şəhərin iqtisadi və ictimai inkişafının templəri daha da sürətlənəcək, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək.
Sonra Gəncənin iri sənaye müəssisələrinin 2017-ci ildəki inkişaf perspektivləri haqda danışılıb. "DETAL Alüminium" MMC-nin baş direktoru Sərxan Babayev bildirib ki, şəhər iqtisadiyyatında mühüm rol oynayan, dünyanın 17-dən çox ölkəsinə məhsul göndərən "DET.AL Alüminium" MMC-nin Gəncə Alüminium zavodunda ötən il 2015-ci illə müqayisədə istehsalın həcmi 22,7 faiz artıb. Qeyd olunub ki, "DET.Al Alüminium" MMC-də 2017-ci ildə istehsalın genişləndirilməsi ilə əlaqədar olaraq Anod istehsalı və II Faza Elektrolid zavodlarının inşası, yeni istehsal xətlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin baş direktoru Kamran Nəzərov isə hesabat məruzəsində vurğulayıb ki, avtomobilqayıranlar Belarusiyanın Minsk Traktor zavodu, Rusiyanın Ural Avtomobil zavodu və digər zavodlarla qarşılıqlı səmərəli layihələrin axtarışı və reallaşdırılmasına istiqamətləniblər. Qeyd olunub ki, şəhər iqtisadiyyatında mühüm rol oynayan "Gəncə Avtomobil zavodu" İstehsalat Birliyində 2015-ci illə müqayisədə müvafiq olaraq istehsalın həcmi 1,8 dəfə artıb.
Yığıncaqda Gəncənin tarixində 2016-cı ilin gənclərin xüsusi fəallığı ilə yadda qalacağı vurğulanıb. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında diqqətə çatdırıb ki, 2016-cı il ərzində gənclərlə iş sahəsi üzrə 207 tədbir keçirmiş, o cümlədən, 192 yerli, 15 beynəlxalq tədbir, həmçinin idman sahəsi üzrə idmanın müxtəlif növlərindən 64 şəhər birinciliyi və kütləvi idman tədbirləri keçirmiş, həmin tədbirlərdə 60 mindən çox gəncin iştirakı təmin edilib. "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsi çərçivəsində "Türk Şurasının Gənclər Festivalı", "Avropa Gənclər Festivalı", "Tarixin canlı səhifələri IV Festivalı", "Avropa Şəhərciyi 2016-Gəncə", "Wonderland Azərbaycan" beynəlxalq yay düşərgəsi, Ümumrespublika "Gənclər Debat Forumu - Payız 2016" layihəsinin final mərhələsi, beynəlxalq forumlar və sair bu kimi onlarla iri həcmli layihə uğurla reallaşdırılıb. 2016-cı ilin dekabrın 20-də "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin hesabat məruzəsi dinlənilib. Şəhər rəhbəri bildirib ki, 2016-cı il ərzində şəhərdə müqayisəli qiymətlərlə 859,5 milyon manat ümumi daxili məhsul buraxılmışdır ki, bu da faktiki qiymətlərlə 956,1 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 18,8 milyon manat çoxdur. Sənaye müəssisələrinin anbarlarında əvvəlki illərdən qalan qalıqlar da nəzərə alınmaqla, hazır məhsul ehtiyatı 19 milyon 259 min manat olub.
Respublikada sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncə şəhərində "Stadler" sərnişin vaqon istehsalı zavodunun tikintisinə cari ildə başlanılması məqsədilə intensiv işlər aparılır. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektar torpaq sahəsində illik istehsal gücü 3,5 milyon kv. metr olan Süni mərmər qranit və quru inşaat qarışıqları zavodunun, illik istehsal gücü 30 milyon ədəd olan kərpic istehsalı müəssisənin inşası davam etdirilməkdədir.
Gəncə istehsalçılarının uğurlarından danışarkən, E. Vəliyev qeyd edib ki, 2016-cı ildə Gəncədə keçirilən "IV Beynəlxalq Şərab Festivalı"nda "Gəncə Şərab-2" ASC-nin istehsal etdiyi "Roze" şərabı qızıl medala, "Hill side" Saperavi şərabı isə gümüş medala layiq görülüb; 2017-ci ildə bu müəssisədə üzümçülük təsərrüfatı 15 hektar genişləndirilərək ümumi sahəsi 420 hektara çatdırılacaqdır.
Şəhər rəhbəri qeyd edib ki, "Gəncə Cihazqayırma zavodu" ASC-də 2016-cı ildə 450 min manata yaxın yeni müasir texnoloji avadanlıqlar alınaraq quraşdırılıb istifadəyə verilib, bu müəssisədə istehsal olunan məhsulun 2 milyon 787 min manatlıq hissəsi xaricə ixrac olunub, 2017-ci ildə müəssisədə yeni qaz tənzimləyici şkafların istehsalı nəzərdə tutulur.
Yığıncaqda "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar hesabat dövründə həyata keçirilmiş digər işlərdən də danışılıb. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində ötən il 7 mərtəbəli 514 yerlik tələbə yataqxanası istifadəyə verilib, layihə çərçivəsində ikinci yataqxananın tikintisi isə davam etdirilir. 2016-cı ildə A.Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası və İnfeksion Xəstəxana, 6 saylı Poliklinika əsaslı təmir olunub, müasir tibbi avadanlıq və cihazlarla təmin olunaraq istifadəyə verilib. A.Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanası ən müasir müalicə metodlarından sayılan Nüvə Maqnit Rezonans və Kompyuter Tomoqrafiyası, Ultrasəs müayinə, rəqəmsal rentgen aparatı, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, koaqulometrlə narkoz aparatları, monitorlarla və digər aparat avadanlıqlarla təmin olunaraq istifadəyə verilməsi sakinlərin yüksək səviyyədə səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaradıb.
Tədbirdə sosial inkişaf, təhsil, şəhərsalma və digər sahələrə aid bir sıra perspektiv məsələlər də müzakirə edilib.
Hesabat yığncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov 2016-cı il ərzində Gəncə şəhərində görülmüş işləri, həyata keçirilən layihələri təqdirəlayiq hesab edərək, ölkə başçısının diqqət və qayğısı sayəsində Gəncədə aparılan uğurlu işləri, şəhər rəhbərliyinin təşkilatçılığının və gəncəlilərin öz şəhərlərinə olan böyük məhəbbətinin nəticəsi kimi dəyərləndirib.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət də qəbul olunub.
Zakir Muradov
Gəncə