Azərbaycanın Belarusdakı sabiq səfiri, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə "Müstəqil dövlətlərin dostluqlarının möhkəmlənməsi və inkişafından ötrü göstərdiyi aktiv və uzunmüddətli əməyinə görə" MDB-nin icraçı katibi Sergey Lebedev tərəfindən diploma layiq görülüb.
Bu barədə "525"ə açıqlama verən sabiq səfir Azərbaycanda bu mükafata layiq görülən ilk diplomat olduğunu vurğulayıb: "Əslində, bu diploma dekabr ayında layiq görülmüşəm. Ancaq müəyyən səbəblərdən Azərbaycana aprel ayında gəlib çıxıb. Mən Azərbaycanda bu mükafata layiq görülən ilk səfirəm".
Belarusdakı fəaliyyətindən danışan İ.Vahabzadə əslində bu təltifin onun üçün gözlənilməz olduğunu bildirib: "Səfirin ən ümdə vəzifəsi adını daşıdığı ölkəni hər yerdə hər zaman layiqincə təmsil etməkdir. Səfir yeri gələndə sərt və sözünü keçirməyi bacaran biri olmalıdır. Mən Belarusiyada işləyərkən öz ölkəmizə qarşı çox haqsızlıqlarla üzləşirdim. Var qüvvəmlə çalışırdım ki, Azərbaycan həqiqətlərini, xüsusən Qarabağ gerçəklərini orada da sübut edə bilim. Əlbəttə, mənə qarşı çıxanlar, sözümü eşitmək istəməyənlər, haqq səsimi boğmağa çalışanlar çox olurdu. Ancaq mənim vəzifəm də məhz bu cür şəraitdə səsimi eşitdirməkdir. Bu diplomu mənə təqdim edən S.Lebedevin özü ilə dəfələrlə mübahisəm düşüb. Ancaq demək ki, mənim o mübahisələrim onların gözündə doğru bir diplomat kimi formalaşmağıma maneə deyilmiş".
Səfir dünya ölkələrinin Azərbaycana münasibətinə də toxunub: "Dünyanın bir ölkəni necə tanıması onun səfirinin fəaliyyəti ilə əlaqədardır. Əgər səfir öz fəaliyyətində yanlışlıqlara, səhvlərə yol verərsə, özünü işlədiyi ölkədə normal əxlaq çərçivələri xaricində apararsa, bu, əlbəttə, həmin ölkə haqqında yanlış düşüncələr yaradacaq. Mən 25-26 illik səfir fəaliyyətim boyunca çalışmışam hər yerdə Azərbaycanın adına layiq işlər görüm. Məni oraya cənab prezidentimiz İlham Əliyev təyin edib göndərmişdi. Mənim də borcum prezidentin və xalqın mənə olan etimadını doğrultmaqdır. Digər ölkələrin Azərbaycana qarşı münasibəti çox gözəldir. Bu, əlbəttə, cənab prezidentimizin doğru siyasi fəaliyyətinin nəticəsidir. Bizim öhdəmizə isə onun açdığı bu cığırla düzgün şəkildə irəliləmək düşür.
Məlum Qarabağ məsələsinə görə, ən çox erməni diplomatları ilə üz-üzə qalmalı olurdum. Bu zaman əlbəttə, hər kəs kənardan dəstək arzulayır. Mən BMT-də işləyərkən bu dəstəyi heç şübhəsiz Türkiyə, İsrail və başqa ölkələrdən görürdüm. Ancaq bəzən elə ölkələrin nümayəndələri olurdu ki, açıq şəkildə erməni və onları dəstəkləyən ölkələrə qarşı çıxmağa cəsarəti çatmırdı. Bu zaman onlar sadəcə susqunluq mövqeyini seçirdilər".
Söhbətində Qarabağ probleminə toxunan İ.Vahabzadə Azərbaycan həqiqətlərini Belarus xalqına çatdırmaq üçün hansı vasitələrdən istifadə etdiyindən də söz açıb: "İnsanlar üç təbəqədən ibarətdir. Birinci təbəqə gənclərdir. Mən dövlət universitetində Sosialist xalqları ədəbiyyatından dərs deyirdim. Mühazirələrimdə rus, gürcü, erməni, özbət, qazax və s. ədəbiyyatlarını tələbələrə öyrətmək bir pedaqoq kimi borcum idi. Ancaq mən hər zaman fürsət tapdıqca gənclərə Azərbaycandan, ədəbiyyatımızdan, Qarabağ problemindən daha geniş söhbətlər edirdim. Vaxtaşırı Azərbaycan yazıçılarının əsərlərini tərcümə edib orada çapına nail olurdum.
İkinci təbəqə işçi təbəqədir. Onlar qəzet, jurnal oxuyurlar. Onları ələ almaq üçün Azərbaycan, Qarabağ haqqında məqalələr, yazılar yazırdım və tez-tez mətbuatda bu yazılarımla çıxış edirdim.
Üçüncü təbəqə yaşlı nəsildir. Onlar isə televizora baxırlar. Bunun üçün də mən televiziyalarla işləyirdim. Ya proqramlara qonaq olur, orada danışıb, xalqa məlumatlar ötürürdüm, ya da Azərbaycan filmlərinin orada nümayişini təşkil edirdim. Filmləri seçərkən də elə seçirdim ki, mütləq orada bir dəfə də olsun "Qarabağ" adı çəkilsin. Məsələn, "Dərviş Parisi partladır" filmində "Qarabağın gözəl təbiəti", "Qarabağ atları" kimi ifadələr işlənir. Orada səfir olduğum müddətdə 200-dən çox Azərbaycan filmi nümayiş etdirmişdim. Bu və bu kimi işlərlə tarixi gerçəklərimizi xalqa anlatmağa çalışırdıq".
İ.Vahabzadə səfir olduğu ölkələrdə Azərbaycan diasporunun fəaliyyətindən də danışıb: "Diasporun fəaliyyəti ölkədə azərbaycanlıların sayından da asılıdır. Məsələn, Moldova Respublikasında cəmi 20 min azərbaycanlı yaşayır. Onları bir araya toplamaq o qədər də çətin məsələ deyil. Ancaq Belarusda bu rəqəm bir neçə dəfə çoxdur. Əlbəttə, say artdıqca onları bir araya toplamaq çətin olur. Ancaq diasporun fəaliyyətindən narazı qaldığımı deyə bilmərəm. Onlar da kifayətin qədər səylə ölkəmizi tanıtmağa çalışırlar".
Hazırda Prezidentin sərəncamını gözlədiyini deyən İ.Vahabzadə işləyəcəyi növbəti ölkənin onun üçün heç bir fərqi olmadığını qeyd edib: "Əsl diplomat ölkə seçimi etməməlidir. Mənim üçün haraya göndəriləcəyimin heç bir fərqi yoxdur. Bu, əvvəldən də belə olub. Qərar çıxandan bir ay, ayyarım müddətində gedəcəyim ölkəni araşdırıb, öyrənirəm və zamanı çatanda da fəaliyyətimə başlayıram. Ən ucqar, ən geridəqalmış ölkədə də, ən müasir ölkədə də mənim fəaliyyətim, məqsədim dəyişməyəcəkdir. Cənab Prezident İlham Əliyev haranı məsləhət bilsə, orada da fəaliyyətimi davam etdirəcəyəm".
Şahanə MÜŞFİQ