
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ABŞ-ın keçmiş prezidenti Corc Buşun nəvəsi Corc Preskot Buşu qəbul edib.
ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan rektor onu ADU-da görməkdən məmnun olduğunu bildirib.
Universitet haqqında məlumat verən professor Səməd Seyidov burada müxtəlif dillərin tədris olunduğunu qeyd edib. O, ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında danışaraq, Amerika Mərkəzinin fəaliyyətini xüsusi olaraq vurğulayıb və universitetdə olan ən böyük mərkəz olduğunu əlavə edib. ABŞ səfirliyi ilə əlaqələrdən söz açan S.Seyidov hər həftə səfirlik əməkdaşlarının ADU tələbələri üçün mühazirə oxuduğunu deyərək, ABŞ ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Azərbaycan və ABŞ münasibətlərindən danışan rektor ADU-nun təhsil sistemindəki rolundan və Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından söz açıb. ADU-nun Amerika universitetləri ilə əlaqələrinə toxunan rektor qarşılıqlı əməkdaşlığın inkişaf etdiyini və universitetlər arası tələbə-müəllim mübadiləsinin uğurla aparıldığını qonağın diqqətinə çatdırıb.
Corc Preskot Buş ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. O, Azərbaycana ilk dəfə gəldiyini və buradan gözəl təəssüratlarla ayrılacağını qeyd edib. ADU ilə səfirlik arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Corc Preskot Buş bu əməkdaşlığın davamlı olmasını arzulayıb.
Görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksində tələbələr qarşısında çıxış edib.
Xatırladaq ki, Corc Preskot Buş Azərbaycana mayın 6-8-də Beynəlxalq Nizami Mərkəzi və Madrid klubu tərəfindən Bakıda təşkil olunmuş Cənubi Qafqaz forumunda iştirak etmək üçün gəlib.



