|
|
|
|

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Məzun günü” keçirilib.
Bu barədə 525.az -a UNEC-dən məlumat verilib.
Tədbirin rəsmi açılışında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Elmi Şuranın üzvləri UNEC himninin sədaları altında səhnəyə dəvət olunublar.
UNEC-in rektoru professor Ədalət Muradov məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirib ki, “Məzun günü” universitet həyatının başa çatması deyil, yeni həyat mərhələsinin başlanğıcıdır. Rektor UNEC-dən 6091 tələbənin məzun olduğunu bildirib. O qeyd edib ki, UNEC məzunlara yalnız peşəkar biliklər deyil, həm də məsuliyyət, dürüstlük, vətənpərvərlik və yüksək mənəvi dəyərlər aşılayıb.
Rektor məzunlara müraciətlə deyib: “Heç vaxt uğurunuzu yalnız maaşınızla ölçməyin. Maaş artır, azalır. Şirkətlər dəyişir, vəzifələr gəlir və gedir. Amma dürüstlük, vicdan, etibar və insani dəyərlər ömür boyu sizinlə qalır”. O bildirib ki, süni intellektin sürətlə inkişaf etdiyi dövrdə belə bu dəyərlər dəyişməz qalacaq.
Çıxışının sonunda Prezident İlham Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” ifadəsini xatırladan Ədalət Muradov bu sözləri gənclərə verilən ən böyük dəyər, göstərilən etimad və bəslənilən böyük ümid adlandırıb. O, məzunlara inandığını ifadə edib və onları UNEC-in adını daim uca tutmağa çağırıb.
Tədbirdə çıxış edən fəxri qonaq, Milli Məclis sədrinin müavini Rafael Hüseynov məzunları təbrik edərək, onların gələcək həyatında biliklə yanaşı, yüksək mənəvi dəyərlərə sadiq qalmasının vacibliyini vurğulayıb. O bildirib ki, əsl qəhrəmanlıq insanın öz peşəsini vicdanla yerinə yetirməsində, Vətənə və cəmiyyətə faydalı olmasındadır. Rafael Hüseynov gəncləri çalışqan, məsuliyyətli və layiqli Azərbaycan vətəndaşları olmağa çağıraraq, onlara gələcək həyat yollarında uğurlar arzulayıb.
“Məzun günü”ndə Universitetdaxili İki Diplom proqramının 20 məzununa, eyni zamanda, UNEC-in Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirən 11 məzuna diplomlar təqdim edilib.
Sonra UNEC-i bakalavriat səviyyəsi üzrə ən yüksək ortalama (99,5) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) məzunu Türkan Bayramova çıxış edərək, bu illər ərzində ona dəstək olan valideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünü bildirib.
Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursu ən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.
“Məzun günü” ənənəvi və həyəcanlı “papaqatma” mərasimindən sonra məşhur müğənni və DJ-lərin musiqi nömrələri ilə davam edərək, məzunlara sevincli və unudulmaz anlar yaşadıb.





