
Yazının birinci hissəsi - https://525.az/news/331564-eli-kerimle-bagli-dogma-xatireler
...Divarlar kitabla dolu idi. Çox mütaliə edirdi. Evə daxil olanda, anam birinci iş otağına daxil olub onunla görüşdü. Əynində qəhvəyi rəngli pijaması vardı. Mənim də üzümdən öpdü.
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt! (Əli Kərim)
“Nə xoşbəxt imişəm bir zaman, Allah”, - deyən Əli Kərimin şeirlərinə mahnı bəstələnsəydi...
Emin Sabitoğlu: “5-6 dəfə cəhd elədim, amma gücüm çatmadı...”
İki dahi şəxs - şair Xəlil Rza Ulutürk və bəstəkar Emin Sabitoğlu Göyçaya Əli Kərimin məzarını ziyarət etmək üçün gəlirdilər. Bizim ev İcra Hakimiyyətinə yaxındır. Onları orada gözlədim. Maşından düşən kimi, idarədə tədbirə dəvət olunsalar da, onlar birbaşa Əli Kərim parkına baş çəkdilər. Orda kiçik anım tədbiri keçirdik. Məzar üstə uşaqlar da gül dəstələri qoydu. O vaxt xüsusi çəkiliş yox idi, ancaq sadə kiçik kamera ilə ümumi tədbir görüntüləri qeyd edildi. Parkın yuxarı hissəsində onlara yeməkxanada nahar etməyi təklif etdim. Xəlil Rza Ulutürk razı oldu. Dedi “Ulduz” jurnalının baş redaktoru Abbas Abdulla da o vaxta qədər bura gəlib çatar. Abbas müəllim də Türkiyədən Gürcüstana, ordan da bura gəlirdi. Təxminən yarım saat sonra Abbas müəllim də gəlib çatdı. Hələ də barmağında iri gümüşdən kişi üzüyü yadımdadır. Elə masa ətrafında qəflətən Xəlil Rza Ulutürk məndən adımı soruşdu. Vaqif demişdim ki, dərhal çantasından iri ağ kağız çıxarıb şeir yazmağa başladı. Emin Sabitoğlu “ay Xəlil qoy bir tikə çörəyimizi yeyək”, - deyib gülümsədi. “Yox, bacıoğluma bir şeir yazmalıyam, təb gəlibsə, yazacam”, - dedi. Şeiri yazıb tez çantaya qoydu. Sonra da “Emin müəlim sizdən incimişəm”, - dedi. Emin müəllim təəccüblə səbəbini soruşanda “niyə Əli Kərimin şeirlərinə mahnı bəstələmirsiz?”, - deyə giley etdi. Emin Sabitoğlu da əlini atıb çörəydən bir tikə kəsərək and içdi ki, “bu çörək haqqı 5-6 dəfə cəhd elədim, amma gücüm çatmadı”, - dedi. Səbəbini də “biz mahnı yazanda nəqarətini götürüb yazırıq, şeirdə bəzi sözləri dəyişir, əlavə edir, yaxud çıxarırırıq. 5-6 dəfə cəhd eləsəm də, alınmadı. Əli Kərimin şeirindən nəinki bir söz, bir misra, bir nöqtə çıxarsan, şeir zəif qalır, ölür, amma yenə cəhd edəcəm”, - deyə söz verdi. Emin müəllim həm də Xəlil Rzaya 70 illik yubileyini keçirməyi ilə bağlı edilən təklifi xatırlatdı. Dedi ki, ondan məkan, zaman, ssenari işlərini necə edilməsini soruşublar. Xalq oyanışının vaxtları idi, artıq 20 Yanvar hadisəsi baş vermişdi. Xəlil Rza da Lefortova həbsxanasından qayıtmışdı. O da cavabında “Əvvəl Əli Kərimə yubiley edin, əgər xoşuma gəlsə, öz yubileyimə icazə verəcəm”, - deyib. Söhbət getdikcə Xəlil Rza Ulutürk özü də bunu eşidir. Demək, Əli Kərim istedadlı şair olub ki, Xəlil Rza Ulutürk ona belə dəyər verib. Yazdığı şeiri isə göstərmədən özü ilə apardı. Bilmədim nə şeiri yazdı, amma özümə də maraqlı qaldı. Güman ki, məni simaca dayıma bənzətdi. Bir az oxşarlıq var axı.
“Əli Kərim şeiri özünə tabe edən şair olub”
Əli Kərimin “İlk görüş” şeiri var. Oxucu bunu şeir kimi oxuyub keçər. Biz ailə üzvü kimi, şeirlə bağlı anamızdan, gəlinbacımızdan (Elza xanım) bəzi xatirələri bilirik. Bu, Əli Kərim ilə Elza xanımın ilk görüş tarixi ilə bağlıdır. Elza xanım Bakıda Lermontov küçəsində yaşayırdı və 10-cu sinifdə oxuyurdu. Sinif yoldaşı ilə (bu qızın qardaşı Əli Kərimlə dost olub) dərsdən gələndə təsadüfən bir-birlərini görürlər. Sonralar şair həmin küçədə tez-tez gəlib dururmuş. Elza xanım da Əli Kərimə xəbər göndərir ki, bizim küçədə gəlib dayanma. Əli Kərim də yumorlu cavabından qalmayıb “sənə görə yox, Lermontovu çox xoşladığımdan o küçədə dayanıram, ona görə baş çəkirəm” deyir.
Təbii ki, bu, bir zarafat idi. Əli Kərim ona görə o küçəyə gedirdi (gülür). Şeirdəki ilk görüşün nə zaman, harda olması yazılmasa da, ancaq “Kəlmələr dağıldı sahil boyunca” təsvirindən bilirsən ki, görüş bulvardadır. “Əynində sevincdən biçilmiş ağ don” yazmaqla geyimini, üstəlik də, o geyimin hazırlıqlı, yəni sevincdən biçilməsini, “Əllərin qonmağa bir yer tapmadı” misrasında isə əlini göyərçin kimi təsvir edir. “Sözlərin qırıldı, töküldü bir-bir” misrasında isə boynundakı boyunbağını göstərir. Gözlərin sirli söhbəti ilə dillərin yalan söhbətini misralara elə düzür ki, duyğu dolu, təsviri bənzərsiz bu şeiri oxumamaq mümkün olmur. Bir sözlə, ilk görüş zaman ötsə də, qocalmır, hər yeni görüşlə yaşayır.
Sonra da gözlərin sirli söhbəti:
- Sevirsən?
- Sevirəm.
- Hər zaman?
- Hər an!
Sonra da dillərin şirin yalanı:
- Sevmirsən?
- Sevmirəm?
İndi o vaxtdan:
Saatlar,
həftələr, illər ötüşür.
Amma o ilk görüş yaşayır hələ.
Qocalmır, zamana yanıqlar verib,
Yaşayır hər yeni görüşümüzlə.
Şeir nəşr olunanda, tənqidçilər “Gözündə çaşqınlıq ala-toranı” misrasındakı ala-toran sözünə çox təəccüb, çaşqın qalırlar. Bu sözün şeirdəki mənasını soruşurlar. Ala-toran gecə ilə-gündüzün qovuşduğu andır deyə qeyri müəyyənlikdir. Elə şair də bu sözlə qızın ilk görüş təəssüratları ilə bağlı çaşqın qalmasına işarə edir. Qeyri müəyyənliyin ən gözəl ifadəsidir. Şair sözün fəlsəfi çalarlarını ortalığa qoyub. Tənqidçilər isə bu sözün burdakı mənasını axtarır? Əli Kərim şeiri özünə tabe edən şair olub (gülür).
Altay Məmmədov “Tanıdığım Əli Kərim” kitabında qeyd edir ki, Mirzə İbrahimovdan Əli Kərimin ölüm teleqramını alır və səhər özünü Bakıya çatdırır. Əli Kərimin Fəxri xiyabanda (nə "A", nə "B", nə də "V" bölümlərində) dəfn olunmasına razılıq verilmir deyə günortaya qədər cənazə ortalıqda qalır. Əli Kərimin "göstəriciləri" Fəxri xiyabanın "Mendeleyev cədvəli" nə qətiyyən uyğun gəlmir. Hətta müəllif öz-özünə sual edir ki, qeyri-adilər qeyri-adisini dəfn etmək üçün iki kvadratmetr torpaq sahəsi niyə böyük bir problemə çevrilmişdi?! Əslində bu problemləri "bərabərlik" deyə-deyə insanları qeyri-bərabər edənlər yaratmışdılar. Bu an haqsızlığı görən sizin atanızın gur, bir qədər də acıqlı səsi eşidilir.
- A kişilər, qoyun adamımızı aparaq ana yurdunda rahatca dəfn edək!.. Doğrudurmu? Ümumiyyətlə, şairin gənc 38 yaşda ölüm səbəbi nə idi? Gözlənilən idi?
- O, öləcəyini qabaqcadan bilib. Heç kimə bildirməyib, hətta ailəsinə belə. Xatirələrdə var. Elza xanım deyir ki, axşam saatlarında Əli Kərimin qulaqdan ağrısı tutur və onu xəstəxanaya aparırlar. Həkimlər deyir ki, gecəni xəstəxanada qalsın. Ona görə həyat yoldaşı uşaqlarına baş çəkməyə qayıdır. Təkrar xəstəxanaya qayıdır. Bir az gözlədikdən sonra həkimlərin ardıcıl palataya daxil olub geri qayıtdığını müşahidə edir.

Demə, ona son tibbi yardım edirlərmiş. Otaqda tək tibb bacısı idi. Az sonra o da Əli Kərimin ölüm xəbərini verir. O kədərli gün də 1969-cu ilin iyunun 29-u idi. Tibb bacısı ona deyib ki, “gözünü siz bağlayırsız, yoxsa mən?”
Onun ölümü ailəsi, dostları üçün ani olsa da, “Vəsiyyət” şeirində “İnandım öləcəyimə...
Demədim heç kimə” ifadəsi ilə buna ehyam edir, bildirir (səsləndirir - red).
Yeri oldu-olmadı həkim ki
girdi xəstənin qılığına,
Nəsə pıçıldadı
dostlarından birinin qulağına -Onda həkim, Salam-əleykim! Hardan gəldi çıxdı ölüm - bu qoca kaftar.
Yaman kəmfürsətdir.
Görmür ki əlimdə nə qədər işim var?
Heç kim inanmır ki,
Öləcək...
Elə mən də...
“naməlum yerdə dəfn etsəniz, Əli Kərimi məzardan çıxarıb Göyçayda dəfn edəcəm”
Əslində şair ölümə çox şeir yazıb. Qəribə bir faktı deyim. Əli Kərimin “Ölüm palatada” şeirində təsvir olunur ki, şairin xəstə yatdığı qonşu palatada əslən göyçaylı bir gənc qadın da xəstə yatır. O palatada vəfat edir və onu rayonun Potu kənd qəbiristanlığında dəfn edirlər. Təsadüfən bu qəbir Əli Kərimin atası Paşa kişinin qəbri ilə yanaşı olur. İllər öncə babanın qəbrinə ziyarətə gedəndə anam o qadının ölüm tarixi ilə bağlı bu məlumatı mənimlə bölüşdü. Dayımın xəstəliyi qaraciyər serrozu idi, amma ölümü ilə bağlı müəmmalı iddialar da var. Öldürdülər deyənlər də olur. Bəlkə də mənəvi cəhətdən bunu deyirlər. Həqiqət bizə tam aydın deyil, ancaq xəstəliyi olub. Yuxarıdakı şeirində də öləcəyini bildiyini yazır. Ancaq yaradıcılığına əngəl olanlar, onu sevməyənlər də var idi. Güman ki, şairə mənəvi cəhətdən bu da pis təsir edib. Vəfat xəbərini eşidəndə atam Göyçaydan Bakıya tək yola düşür. Çatanda artıq cənazənin evə gətirildiyini, baş tərəfində də sənətkar Habil Əliyevin “Zəminxarə” təsnifini ifa etdiyini görür. Şeirində də övladlarının (üç oğlu var) tabuta yaxın buraxılmamasını qeyd edir. Üstəlik, məzarına kağız, qələm qoyulmasını, hətta mahnı çaldırılmasını, dostlarının şeir deməsini də rica edir. Ona görə də Habil Əliyev şairin son arzunu yerinə yetirir. Fəxri xiyabanda dəfni üçün Rəsul Rza bir neçə dəfə cəhd etsə də, razılıq olmur. Səbəbi də partiyaya, kommunizmə aid şerinin olmamasıdır. Ümumiyyətlə, Altay müəllim kitabında yazırdı: “Əli Kərim nə Xalq yazıçısıdır, nə də Əməkdar incəsənət xadimidir, nə dövlət mükafatı laureatıdır, nə də komsomol, nə ordeni var, nə də medalı, nə də heç olmasa rayon sovetinin deputatıdır, hələ üstəlik, də "bezpartiynidir". Buna görə də icazə vermirlər. Fəxri xiyabana icazə verilmədiyini görən atam Göyçayda dəfn olunmasını təklif edib. Görüb ki, bir polis (milis) mayoru qarşıya çıxaraq Bakının hansısa ucqar bir qəbiristanlığında məzar qazıldığını, Əli Kərimin orda dəfn edilməsini israr edir. Atam da anlayır ki, Əli Kərimin məzarı zamanla it-bata düşəcəkdir. Naməlum, ucqar qəbiristanlıqda bir məzar olacaqdır. Atam da “yetimliklə böyümüş (anası müəyyən səbəblərdən itkin düşüb deyə Xədicə adlı qadın saxlayıb) adamam, o naməlum yerdə dəfn etsəniz, Əli Kərimi çıxarıb aparacam. Yuxarı instansiyaya məruzə edin ki, mən onu mütləq Göyçayda aparıb dəfn edəcəm”, - deyib. Hətta atam sarı avtobus da tutub, sürücünü də razı salıb. Görüb ki, keçmiş milis əməkdaşı Rəsul Rza ilə kənara çəkilərək nəsə danışdıqdan sonra yoxa çıxdılar. Güman ki, yuxarı instansiyaya məruzə edib dəfnin Göyçayda olmasına razı saldılar.
“mənasını bilməsəm də, on il o daşlar məzar üstündə qaldı”
Sonra da cənazəni götürüb rayona yola düşdük. Öncə bizim evə gətirdilər. O zaman bizim köhnə bir evimiz vardı, kasıb yaşayırdıq. Bu şəkil də dəfnlə bağlı şəkildir (göstərir). Uşaq olsam da, dəfn mərasimində Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni, aktyor Yusif Vəliyevi, Tofiq Bayramı gördüm. Şəkilə də düşüblər. Hətta Bəxtiyar Vahabzadə atama yas mərasimi üçün pul da verib. Dəfndən sonra Şəkiyə qayıtdı. Sonrakı yeddi mərasimində təkrar iştirak edib. Dayımın dəfn mərasimində də iştirak etdim. İndiki Əli Kərim parkında məzar qazıb dəfn etdik. Ora əvvəl boş, səhra kimi yer idi. Uşaq vaxtı təsadüfən şam ağacı qırmağa gedəndə azıb qalmışdım orda. Oturub ağlamışdım. Nənəmlə qonşumuz Hökümə ana axtarıb məni tapmışdılar. Qismətə bax, həmin yerdə də Əli Kərim dəfn oldu. İndiki kimi xatırlayıram. Çəhrayı rəngli bir dəftər, açıq yaşıl rəngli də qələm, hətta aralarında su çəkən də vardı. Onu dəftərin arasına qoyurdular, çünki o vaxtlar mürəkkəblə yazılırdı. İkisini də məzarına qoyub vəsiyyətinə əməl etdilər. Sonra dəfndə iştirak edən şairlər indiki Göyçay çayından çəkilən kanaldan daş gətirib məzar üstünə düzdülər. Tam mənasını bilməsəm də, on il o daşlar məzar üstündə qaldı. Başdaşı da Hüngütlü kəndindən kəsilib gətirilən tut ağacından idi. Üstü də oyma ilə yazıldı. Sonra məzarın ətrafına alüminiumdan hasar çəkildi. Ancaq o vaxtki Göyçay rayon Partiya Komitəsi (birinci katib Ənvər Ələkbərov idi - red.) Əli Kərimin dəfninə razı deyildi. Gecə suyu açmaqla onun məzarını 1-2 ay müddətində su içində qoydular.

1972-ci ildə Rəsul Rzanın səyi ilə Əli Kərimin dəfn olunduğu əraziyə Nazirlər Kabinetinin rəyi ilə “Əli Kərim parkı” adı verildi. Ardınca parka müdir, bağban, mədəniyyət işçiləri, fəhlə kimi ştat cədvəli açıldı. Orda Balamirzə adlı bağban vardı. Çox gözəl işlər görürdü. Mədəniyyət parkı kimi fəaliyyət göstərirdi. 2017-ci il idi. Eşitdik ki, oranı satmaq istəyirlər. Həmin şəxslərin adını çəkmirəm. Hətta qəbrin ətrafına iki metrəlik divar hördülər və qapı qoydular. Sonra bizim evə adam göndərdilər ki, ailə icazə versə, müəllim (çox güman icra başçısını nəzərdə tutur 0 red.) deyir ki, Əli Kərimin məzarı keçirilsin Şəhidlər xiyabanının ərazisinə (parkda Qarabağ şəhidlərin dəfn olunduğu yerdə). Görünür ki, məqsəd başqa idi.
“Əli Kərim deyiləndə sadəcə park deyil, onun yaradıcılığına da bələd olsunlar”
Üç məzar var orda. Əli Kərim, Əli Səmədli, İsgəndər Coşqun. Üçü parkın ərazisində ayrı tərəfdədirlər. Guya parkın mədəni, yəni əyləncə, konsert proqramları təşkil edilən hissəsi ilə düz gəlmirmiş. Razı olmadıq. Hətta İsgəndər Coşqun ölüm ayağında olanda bacısı gələrək anamdan Əli Kərimin yanında dəfn edilməsini xahiş etdi. Uşaqlıq, gənclik dostu, qonşu olublar. O, rəhmətə gedəndə də anamı İcra Hakimiyyətinə çağırıb təkrar icazə aldılar. Mədəniyyətdən dini şuraya qədər bütün regional komitələr iştirak edirdi.
Əli Səmədli isə vəfat edəndə anam həyatda yox idi deyə, Əli Kərimin yanında dəfn üçün məndən icazə aldılar. O da şairin yerlisi, məsləkdaşı, dostu olub. Biri sağında, digəri solundadır. Hətta bəzi adamlar irad tutur ki, niyə onların başdaşı tərs qoyulub? Əslində şairlərin dəfnində dini adətlərə əməl olunub. Sadəcə abidələr parkın giriş hissəsinə qoyulub. Hətta parkın daxilindən ora cığır salınmasını təklif etsələr də, alınmadı. Əli Kərim parkı ilə də rayona gözəllik gətirdi. Yayda park nəinki Göyçayın, ətraf rayonların əhalisi üçün də istirahət məkanıdır. Hətta bir dəfə dostlarla görüşəndə tədqiqatçı Jalə Cəfərli təklif etdi ki, Göyçay Rayon İcra Hakimiyyətinə gedib şairin yaradıcılığı naminə parkda elektron tablo düzəltdirilməsini xahiş edəcək. Hansı ki, o tabloda şairin məşhur şeirlərinin siyahısı qeyd edilməklə aktyorların ifasında səslənəcək. Bilməyənlər üçün məlumat olsun. Əli Kərim deyiləndə sadəcə park deyil, onun yaradıcılığına da bələd olsunlar. İki gün də o təklif üçün rayonda qaldı. Çox təəssüflər, təklif oldu, ancaq bu faydalı təklifə əməl olunmadı.
- Ömrünün son anlarında gedib şairə baş çəkmişdiniz? Ümumiyyətlə, Vaqif bəy, dayınız Əli Kərimi ən son necə xatırlayırsınız?
- Qeyd edim ki, mənim (Vaqif) və böyük bacımın (Xuraman) adımızı dayım qoyub. Yeddi yaşım vardı. Xəstə olanda anamla ikimiz getdik. Həmin O Vaqif küçəsi 30 ünvanında yerləşən evinə. Əvvəl də getmişdik. Övladlarından Orxan balaca idi, amma Azər məndən dörd yaş, Paşa isə iki yaş böyük idi. Onların həyətində hokkey oynamışıq. O vaxt bu oyun məşhur idi. O aləti düzəldirdik. Hətta oyun alətlərini onlarda oynayıb sonra rayona gətirmişdim. Evləri yamacda idi. Birinci mərtəbədə yaşayırdılar. İçəri daxil olan kimi uzun bir dəhliz var idi. Bir pilləkan düşürdün dəhlizdən aşağı.Ən axırıncı yataq otağı idi. Evə daxil olan kimi, sağ tərəfdə dayımın iş otağı idi. Təxminən üç kvadrat yarımın üç kvadrat yarıma otaq idi. Giriş qapısı və həyətə baxan pəncərə boş idi. Divarlar kitabla dolu idi. Çox mütaliə edirdi. Evə daxil olanda, anam birinci iş otağına daxil olub onunla görüşdü. Əynində qəhvəyi rəngli pijaması vardı. Mənim də üzümdən öpdü. Bir neçə gün onlarda qaldıqdan sonra qayıtdıq. Anam ya ali təhsilə sənəd verirdi, ya da mühazirəsi olmuşdu. Xatırlamıram. Özü isə bizə əsasən yayda qonaq gəlirdi. Bir dəfə şair Fikrət Qoca ilə gəlmişdi. Ağdaşa gedirdilər. Həyətimizdə gilas ağacı vardı. Onun altında qoyulan masada əyləşib beş on dəqiqə bizi görüb çıxıb getdilər.

- Yuxarı instansiyalarda məşhur deyildi, tanımaq istəmirdilər, ancaq xalq sevirdi.
- Ucarda qohumlarımız var. O vaxt əsas nəqliyyat qatar idi. Avtomobil çox az idi. Bəzən bəzi şairlərdə deyilir ki, guya Əli Kərim əhali arasında məşhur deyildi. Əksinə, yuxarı instansiyalarda məşhur deyildi, tanımaq istəmirdilər, ancaq xalq sevirdi. “İki sevgi” və “Qaytar Ana borcunu” şeiri artıq möhürü vurmuşdu (gülür).
Bir dəfə Əli Kərim Fikrət Qoca ilə Ağdaşa gedir. Ucar rayonundakı qohumlar bu gəlişdən xəbər tutur. Öncədən toplaşıb qatarın gəlişini gözləyirlər. Ətrafdakılar da bunu biləndə onlara qoşulur. Qatar Lək stansiyasında dayanır. Əli Kərim onlarla görüşdükdən sonra Ağdaşa yola düşür. Həmin səfərdən xatirə olaraq dayımın Fikrət Qoca ilə şəkli də qalır.
Bu da yaşanılan hadisədir. Çox göyçaylı bunu bilir. Əli Kərim Rəsul Rza ilə bir dəfə Göyçayda oxucuların görüşünə gəlir və şeir deyirlər. Əli Kərim tək bir şeirini səsləndirdi, ancaq camaatın əlindən zal dağılırdı. Sağlığında şairin sevərləri, yaradıcılığını bəyənən oxucuları çox idi. Həmin zaman Musa Yaqub da Göyçayda oxuyurdu. Hətta o da, Əli Kərimə olan xalq sevgisinin şahidi olub. Özünə söz verərək “mütləq mən də yazacam”, - deyib. Hətta o görüşdən sonra o da çox şeir yazır. Öncə ciddiyə almasalar da, sonralar Musa Yaqubun da yaxşı şeir yazmasının şahidi olurlar.
Onun şeir yazmasında Əli Kərimin təsiri olub. Bunu Əli Səmədlinin kiçik qardaşı Məhəmmədalı dayı danışırdı. O, Əli Kərim ilə çox yaxın idi.
Babamın vəfatından sonra burdakı ev satılır. Əli Kərim bacı və anasını götürüb Bakıya köçür. Bir müddət orda qalırlar. Anam ailə qurub təkrar rayona köçür. Nənəm də qayıdıb onunla rayonda yaşayır. Böyük oğlu Paşa AMEA-nın Əlyazmalar İnstitutunda direktor vəzifəsinə qədər yüksəldi. Beş-altı xarici dil bilirdi. Professora qədər elmi dərəcəsi vardı. İkinci oğlu Azər riyaziyyat üzrə ixtisaslaşmışdır. Hətta “Kərimov teoremi” üzrə ixtirası var ki, bu teoremdən dünya universitetlərində dərs keçirilir. Yaponiya və Türkiyə onu dəvət etmişdi. Türkiyəni seçib Ankarada elmlə məşğul olur. Avqustda bizə qonaq gələcəklər. Səbirsizliklə gözləyirəm. Kiçik oğlu Orxan da Ukraynada iqtisadiyyat üzrə ali təhsil almışdı. Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışırdı. İkisi vəfat edib. Yalnız Paşa bir az bədii yaradıcılıqla məşğul oldu, amma Əli Kərim zirvəsi tək idi. Nəinki vətəndaş, şairlər belə onu özünə kumir seçir. Məsələn, Ramiz Rövşən bunu etiraf edib. Ramiz Rövşən də yaxşı şairdir, həyatı yazır. Bəxtiyar Vahabzadə deyirdi: “İlhamım gəlməyəndə gedib Əli Kərimi oxuyuram”.
- Necə oldu ki, Əli Kərim ilə bağlı xatirələri toplamağa, onun yaradıcılığını, şeirlərini dərindən öyrənməyə başladınız? Vaqif bəy, təşəbbüs özünüzün idi?
- İlk dəfə Əli Kərim ilə tanışlığım ana tərəfimdən oldu. 9-10 yaşım olardı, anam şairin kitabını açıb qoydu qarşıma ki, bu şeiri oxu. “Qaytar Ana borcunu” şeiri idi. Şeir xoşuma gəlsə də, təcrübəsizlikdən mahiyyəti tam dərk etmədim. “O qıza” şeirini oxudum, heç nə anlamadım. O vaxta qədər mənə məktəbdə tez-tez “Vaqif Əli Kərimin bacısı oğludur”, - deyə müraciət, təqdimat edirdilər. Dəfnində dayım kimi iştirak etmişəm, amma şair kimi gücünü dərk etməmişəm. Zaman keçdikcə anam Əli Kərimin uşaqlıq, yeniyetməlik, gənclik illərindən, kimliyindən , şeirlərinin gücündən, ilk sevgisindən danışdı mənə. Mən böyüdükcə bunları həzm edib, araşdırıb, təhlil edib şairin böyüklüyünü, istedadını dərk etdim. Zamanla elə bildim ki, Əli Kərim mənim qəlbimi oxuyub yazıb. Artıq onun şeirlərini oxuyanda kədərlənirəm. O zərif, incə, saf duyğular elə o dövrlə getdi. Ən sevdiyim şeirləri “O qıza”, “İki sevgi”, “Qaytar Ana borcunu”, “Qayıt”, “Daş” şeiridir. O şeirlərdə şairin özü var, hissi var, çağırışı var. Mən onun iki əl dəsmalını, uşaqlıq duasını, şəkillərini qoruyub saxlayıram. Çin istehsallı dəsmallarını da anama verib ki, yu. Yaddan çıxıb qalıb bizdə. Hərdən qoxusunu alıram. Anama yazdığı şəxsi məktubları da var, onlar da qalır. Anamla atam yeni ailə quranda 17 gün Ucarda yaşayıblar. Məktubda da nənəmi Bakıya apardığını, Ucardan qayıtdığını yazır. Üstəlik, məktubda zarafatla “Ucar çox istidir, Arifə de səni aparsın Göyçaya” yazır. Atama “qardaşım Arif”, - deyə xitab edirdi.
“Adi bir insanam mən”
Şairin ölümündən sonra dəfələrlə Bakıdan rayona şair, yazıçılar gəlirdi. Bir dəfə Anar Rza, Fikrət Qoca, Fikrət Sadıq, Qabil, Nisə Qasımova, mədəniyyət işçiləri gəlmişdi. Böyük tədbir keçirildi. Orada Qabil müəllim maraqlı bir söhbət elədi. Dedi ki, Hindistanda böyük şeir məbədi var. İçəridə divardan mismar vurulub. Kim öz şeirini güclü hesab edirsə, o məbədə daxil olur. Mismardan asılmış şeiri oxuyur. Öz vicdanına görə obyektiv yanaşıb şeirini güclü hesab edirsə, asılan şeiri üstünə öz şeirini asır. Zəif hesab edirsə, oranı tərk edir. Hətta “Əli Kərimin “Qaytar Ana borcunu” şeirini o mismardan assan, o şeirin üstünə güclü şeir tapılmaz” fikrini xüsusilə bildirdi. Əli Kərim yaradıcılığında individual yanaşma, fitri duyğu var. Bir dəfə ondan tərcümeyi-hal istəyirlər. Oturub tərcümeyi-hal yazmaqdansa,
“Adi bir insanam mən,
adidən də adiyəm.
Bir əl boyda kağıza.
Sığmaz amma bu aləm” dərin duyğu və yaşantılarını, çoxunun diqqət yetirmədiyi anları qeyd edir, sonda özünü xoşbəxt adi insan hesab edir. Mən isə “dayı, vallah, sən çox qeyri-adi adamsan” deyirəm. Füzuliyə yazdığı şeirdə “Dünya səni qocaltdı, yaşıdın olsun deyə”, yaxud Nəsimiyə həsr etdiyi şeirdə “Ölümün Nəsimi zirvəsi” ifadəsi adi düşüncə məhsulu deyil axı! (gülür - red.)

“Tut ağacını görəndə hönkürtü ilə ağacı qucaqlayıb Əli Kərim ilə keçən günlərini yad etdilər”
Doxsanıncı illər idi. İranla sərhəd açıldı. İllərin bir-birinə həsrət qalan qohumları nəhayət ki, qovuşurdu. Vaxtilə Göyçayda bir küçədə yaşayan və Əli Kərimin qohumları olan Heydər və Cahangir qardaşları da 1949-cu ildə valideynləri ilə İrana həkimə gedirlər. Geri qayıdanda sərhəddə artıq rus qoşunları olmadığını görürlər. Onlar geri çəkilib deyə, sərhədlər bağlanır. Əlacsız Parsabad şəhərinə gedirlər. Üç ildən sonra bir nəfər onlara Arazdan gizlin yolla keçirəcəyinə söz versə də, bu cəhd alınmır. Əlacsız qalıb orada yaşayırlar. Bir gün Təbrizə həkimə gedəndə həkimlərin (ər-arvad) Bakıdan olduğu məlum olur. İldə bir-iki dəfə Bakıya gedib gəlirlərmiş. Onlar da qohumlarımızın göyçaylı olduğunu biləndə seviniblər.
Deyiblər ki, yerliniz Əli Kərim qonşumuzdur. Əli Kərim adını eşidəndə bunlar həm sevinib, həm ehtiyat ediblər. Amma xahiş ediblər ki, məktublarını Əli Kərimə çatdırsınlar. Qohumların oxuma-yazması olmadığından həkimlər qohumların əvəzindən fars dilində məktub yazır. Altı aydan sonra qayıdanda Əli Kərimə verirlər. O dövr də çətin idi. İzləmə, nəzarət vardı. Tədbirli olaraq Əli Kərim fars dilində məktubu anama göndərərək yazır: “Bacı İranda bibimizin uşaqları tapılıb. Onlar məktub göndərib. Məktubu tərcümə edərək cavab məktubu yazıb göndərin. Anam da o zaman 8 nömrəli bağçada müdir işləyirdi. Hər gün Əli Kərimin əvvəl yaşadığı evin yanından keçib çay ətrafı anamla bağçaya gedirdim. Rayonda fars dilini bilən bir qadın vardı. Anam məktubu onun yanına aparıb tərcümə edirdi. Anam ana dilində deyirdi. O da fars dilində cavab yazırdı. Dayım onların tapıldığını bilsə də, sonrakı məktublaşmadan xəbri olmadı. Vəfat etmişdir. O vaxtdan qohumlar bizlə 1975-ci ilə qədər məktublaşdılar. Sonra heç bir tərəfdən nə məktub gəlirdi, nə məktub gedirdi. Çünki məktublar gəlib çatmırdı. Sərhədlər açılandan sonra, 1994-cü ildə bizi nəhayət gəlib tapdılar. Öncə Hüngütlü kəndinə gəldilər, çünki əvvəl buranı görüblər. Məndən onları dayımgilə aparmağı xahiş etdilər. O ev satılsa da, həyətə daxil olan kimi, həyətdəki tut ağacını görəndə hönkürtü ilə ağacı qucaqlayıb Əli Kərim ilə keçən günlərini yad etdilər: “Bu tut ağacından ikimiz o qədər yelləncəkdə yellənmişik. Bir-birimizdən yellənmək üstündə küsüb-incimişik” deyərək o kövrək xatirələri andılar.
“Əlinin xatirəsi möhürün həllini tapdı”
Sovet hökuməti dağılıb. Əlifba kirildən latına dəyişdi. Məcburiyyət yarandı ki, idarədəki möhürlər dəyişilsin. Maarif müdiri Asif müəllim idi. Möhürləri Bakıya aparsa da, amma dəyişmirlər. Anam bunu biləndə deyir ki, Bakıya gedəcəm ver sənədlərin möhürün dəyişdirim. Deyir, “xeyr, mən edə bilmədimsə, sən necə edəcəksən?” Təkidlə on bir bağçanın möhürün alıb Bakıya gedir. Allahın adın çəkib nəşriyyata daxil olur. Deyir ki, qəbulda gözləyəndə gördüm ki, yaşlı kişi diqqətlə mənə baxır. Yaxınlaşıb “bağışlayın, siz Əminə bacı deyilsiz, Əli Kərimin bacısı?” sualını verir. Təsdiq edib. Soruşub ki, Nəbi Xəzrinin toyu yadındadır. Əli Kərim ilə birgə iştirak edirdiz? Nəbi Xəzrinin də toyu üç otaqlı evdə olub. Bir dəcəl uşaq da masalarda gəzirdi. Əli də deyirdi ki, dəyməyin, məclisin yaraşığıdır. Anam xatırlayır. Özünü təqdim edir. Həmin şəxs də o toyda iştirak etdiyini deyir və anamdan bura gəlmə səbəbin soruşur. Anam möhürləri göstərəndə alıb bir saata həll edir. Günortadan sonra da anam möhürləri götürüb rayona qayıdır. Təəccüblənsələr də, anam “Əlinin xatirəsi möhürün həllini tapdı” deyirdi. Təbii ki, Əli Kərim xatirəsinə olan hörmətdən dolayı bacısının işini gecikdirmədən həll ediblər. Allah rəhmət eləsin!
- Vaqif bəy, dayınızın ananıza yazdığı məktubda “Xədicə anaya salam söylə” yazır. Kimdir Xədicə ana?
- Babam ticarətçi olub və onu müharibəyə çağırıblar. Nənəm də yeni doğulmuş körpəsi, yəni atamla tək qalıb. Qonşular tənha qadın kimi nənəmə kömək edib, atamı aparıb baxırlarmış. Atamın dayısı Mahaçqala şəhərinin birinci katibi olub. Ağır müharibə də gedir. Ona xəbər çatır ki, bacının əri müharibədir və bacın da uşaqla tək qalıb. Ona qısa müddətə icazə verirlər ki, maşınla get bacının problemini həll et, tez qayıt.
Göyçaya çatır, bacısını tapır. Uşağı götür gəl deyir. Uşaq da qonşuda olur. Nənəm qonşuya keçir, axtarır, tapmır. Qonşu deyir ki, uşağı o biri qonşu aparıb. Uşağı axtarmağa başlayır. Qardaşı hirslənir ki, vaxt azdır, zaman yoxdur. Uşaq qonşuda qalır, bacısını məcbur götürüb Salyana, qohumlarına aparıb təhvil verir. Salyanda bir müddətdən sonra anama bir seyid elçi düşür, onunla evlənir və Cəlilabada köçürlər. Atam da tək qalmasın deyə Xədicə adlı qadın götürüb saxlayır. O, 2 nömrəli məktəbdə dərs deyirdi. Hərəkət məhdudluğu vardı. O, atama ikinci ana olub. Hətta qan pulu almaq üçün yaşını da böyüdür. Onun övladı olmurdu. Ona görə Əli Kərim Xədicə anaya salam deyirdi. O, atama sahib çıxmışdı, ana olmuşdu. Babam müharibədən qayıdandan sonra həyat yoldaşının təkrar evləndiyini xəbər alır. O da Dursun adlı qadınla evlənir. Atam beləcə ögey ana himayəsində böyüyür. Sonra da atam anamla evlənir. 1975-ci il idi. 6-cı sinifdə oxuyurdum. Qapı döyülür. Yaşlı bir qadın mənə baxaraq adımı çəkir, atamı soruşur. Nənəmin ikinci ailəsindən oğlu, qızı olur. Oğlu, yəni ögey əmim Mirdamət bəy diş həkimi olur. Mixayloya çox bənzəyirdi. Bakıda Əli Kərimi taparaq atamı, ünvanımızı alır. Nənəmə də oğlunun tapıldığını deyirlər. Həmin yaşlı qadın da nənəm olur. Evə dəvət etdim, çay süzdüm. Qəribə hiss idi. Valideynlərim işdə idi. Tez yanacaqdoldurma məntəqəsinə gedib atamı orda iş başında gördüm. Atama “gözün aydın dədə, anan gəlib”, - deyə şad xəbəri verdim. Sevincdən uşaq halı alan atam tələsik taksi tutub evə gəldi. O tarixi an, o ana-bala görüşünü müşahidə etmək dəhşət idi. Yadıma düşəndə hər dəfə kövrəlirəm. Üç ay bizdə qaldı. Yadımdadır, mənə qırmızı köynək və ətir almışdır. Sonra biz onlara getdik. Ögey bibi və əmimizi gördük. Nənəmin qardaşı isə sonradan Gəncə şəhərinin birinci katibi olub deyə orda yaşayıb. Sağ olduğunu eşitdik. Onu tapmaq üçün atam, nənəm, mən öncə Ucara, ordan Gəncəyə getdik. Binada yaşayırdı. Gördük xəstədir. Bacısı ilə görüşdü. Nənəm atamı göstərib dayıma dedi ki, “həmin uşaqdır, övladımı gəlib tapmışam”. Qardaşı durub elə ağlayırdı. Atama sarılıb üzr istədi: “Vallah geciksəydim, məni güllələyərdilər” deyib ağlayırdı. Atam onu müharibəyə görə anlayıb bağışladı. Hətta dayısına ən yaxşı həkimi çağırtdırdı, müalicəsini etdirdi. Evinə birgə bazarlıq elədik. Hər ay bir bazar günü atam gedib dayısına baş çəkir, ehtiyacı ilə maraqlanır, bazarlıq edirdi. Hətta vəfat edəndə də dəfn və yas mərasimlərində iştirak etdi. Beləcə, biz səhv atamın da nakam böyüməyinə, ögey ana himayəsində yaşamağına səbəb olur. Kədərli ana-bala itkisinin tapılması da Əli Kərimə görə olur.
- Yaxşı ki, nəslimizin, Göyçayımızın, Ədəbiyyatımızın Əli Kərimi var!
Dəyərli xatirələri bizimlə bölüşdüyü üçün şairin bacısı oğlu Vaqif Mehdiyevə təşəkkür edərək, atasına cansağlığı arzu edirik. Onunla həmyaşıd nakam şair Əli Kərim isə yaşasaydı, 95 yaşı olacaqdı. Vaxtilə ondan küsən həyat yoldaşı Elza xanıma yazdığı “Qayıt” şeirini indi şairin ruhuna səslənsək, qayıdıb sahmana salarmı bu kainatı?!
Qayıt, yerinə qoy Ayı, Günəşi, -
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
Günel Sabirqızı



