|
|
|
|

Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk Dünyası Həftəsi" çərçivəsində "Bir mədəniyyət xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərgi açılıb.
Bu barədə 525.a-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sərgi türk mədəniyyətinin ən mühüm yazılı irs nümunələrindən biri sayılan Mahmud Kaşğarlının "Divanü lüğat-it-türk" əsərinin müasir bədii interpretasiyasını əhatə edir.
Sərgi haqqında məlumat verən muzeyin direktoru Əminə Məlikova bildirib ki, ekspozisiyada təqdim olunan əsərlər "Divanü lüğat-it-türk"də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və əsərdə əksini tapan zəngin mədəni irsdən ilhamlanaraq yaradılıb.
Sonra Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Yunus Emrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, türkiyəli professor Şükrü Haluk Akalın və Türkiyə Milli Təhsil Nazirliyi Həyatboyu Öyrənmə Baş İdarəsinin mütəxəssisi Dilay Nakış çıxış edərək "Türk Dünyası Həftəsi"nin və sərginin əhəmiyyətini vurğulayıblar.
Sərgi iyulun 13-dək ziyarətçilər üçün açıq olacaq.



