|
|
|
|

Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrətin təşəbbüsü ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə növbəti əlamətdar layihə həyata keçirilib. Məktəbin kollektivi bu əlamətdar günü Qarabağ Universitetinə mənəvi dəstək göstərməklə qeyd edib və ali təhsil müəssisəsinin kitabxanasına 200 kitab hədiyyə edib.
525.az xəbər verir ki, məktəbdə hər il Silahlı Qüvvələr Günü xüsusi təntənə ilə qeyd olunur. Bu il isə direktor Almaz Həsrətin təşəbbüsü ilə tədbir daha fərqli məzmun kəsb edib. "Son zəng" mərasimində məzunların hədiyyə etdikləri bədii kitablar, eləcə də müəllim kollektivinin topladığı nəşrlər Qarabağ Universitetinin kitabxanasına təqdim olunub.
Kitablar arasında Azərbaycanın tanınmış elm, ədəbiyyat və ictimai fikir nümayəndələrinin əsərləri yer alıb. Bunlara Xalq şairi Sabir Rüstəmxanlı, professor Misir Mərdanov, professor Mahirə Nağıqızı, millət vəkili Elçin Mirzəbəyli, Kərkük türkmənlərinin tanınmış araşdırmaçısı və şairi Şəmsəddin Küzəci, Əməkdar jurnalist Azər Həsrət və digər müəlliflərin kitabları daxildir.
Qarabağ Universitetində məktəb kollektivini Nəşriyyat və Kitabxana Mərkəzinin direktoru Dönməz Xəlilov qarşılayaraq göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyi adından təşəkkürünü bildirib. O, qonaqlara universitetin fəaliyyəti, inkişaf istiqamətləri və gələcək planları barədə ətraflı məlumat verib.
Görüş zamanı çıxış edən məktəbin direktoru Almaz Həsrət qeyd edib ki, məhz 26 İyun tarixinin seçilməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu gün Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində dayanan qəhrəman hərbçilərə sonsuz ehtiramın ifadəsidir. Direktor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində Qarabağ yenidən öz doğma sahibinə qovuşub və bu gün həmin torpaqlarda həyat yenidən canlanır.
Məktəb kollektivi Qarabağa səfər zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə də yaxından tanış olub. Müəllimlər bildiriblər ki, əvvəlki səfərlərində viran qalmış yaşayış məntəqələrini gördükləri halda, bu dəfə tamamilə fərqli mənzərənin şahidi olublar. Yeni yollar, yaşayış məntəqələri, sosial infrastruktur və tikinti layihələri Azərbaycanın bu torpaqlara həyat qaytardığını nümayiş etdirir.
Qeyd olunub ki, Qarabağın gələcək inkişafında yüksək ixtisaslı kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Qarabağ Universiteti regionun elmi, təhsil və intellektual inkişafında mühüm rol oynayacaq strateji ali təhsil müəssisəsidir. Universitet yüksək akademik standartlara əsaslanan təhsil mühiti yaratmaqla yanaşı, tələbələrin peşəkar və şəxsi inkişafı üçün geniş imkanlar təqdim edir.
Məhz bu məqsədlə Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi universitetin kitab fondunun zənginləşdirilməsinə öz töhfəsini vermək qərarına gəlib. Universitetin kitabxanasına təqdim olunan 200 kitab gələcək tələbələrin istifadəsinə veriləcək.
Səfərin sonunda Almaz Həsrət bildirib ki, Qarabağ Universitetinə dəstək birdəfəlik aksiya olmayacaq. Məktəb kollektivi bundan sonra da universitetlə əməkdaşlığı davam etdirmək, kitab fondunun zənginləşdirilməsi və digər təşəbbüslərlə bu ali təhsil müəssisəsinə dəstək göstərmək niyyətindədir.
Beləliklə, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəb növbəti dəfə vətənpərvərlik, maarifçilik və milli-mənəvi dəyərlərin təbliği istiqamətində nümunəvi təşəbbüs nümayiş etdirərək təhsil müəssisələri arasında əməkdaşlığın və həmrəyliyin gözəl örnəyini ortaya qoyub.






