|
|
|
|
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplamış abituriyentlə görüşüb.
BANM-in mətbuat xidmətindən verilən məlumata əsasən, Səbayıl rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədov, 220 nömrəli tam orta məktəbin məzunu Xəlidə Əliyeva və İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən tam orta məktəbin məzunu Vahab Cəbrayılov BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçəcəklər.
Görüşdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
700 bal toplayan abituriyentləri təbrik edən rektor vurğulayıb ki, Azərbaycanda bilikli gənclər məhz Bakı Ali Neft Məktəbini seçirlər.
Bildirilib ki, yüksək bal toplamış tələbələr gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə də örnək olacaqlar.
Görüş zamanı qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan abituriyentlər gələcəkdə ölkəmizin inkişafı üçün əlində olan bütün imkanlardan istifadə edəcəyini bildirib.
Qeyd edək ki, I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 700 bal toplamış 5 abituriyentin 4-ü BANM-i seçib.
S.QARAYEVA