Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir qrup ərəb dövləti ilə Qətər arasında baş verən diplomatik qalmaqala münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belaruslu həmkarı Vladimir Makeylə keçirdiyi birgə mətbuat konfransında Rusiya XİN başçısı Moskvanın Qətər ətrafında baş verən diplomatik qalmaqala müdaxilə etmək niyyətində olmadıqlarını söyləyib:
"Bu, onların öz işidir, ikitərəfli münasibətlərə adi olan məsələdir. Biz bu qərarlara müdaxilə etmirik, baxmayaraq ki, bizi dünyada baş verən bütün hadisələrdə şübhəli bilirlər. Lakin sizi əmin edirəm ki, belə deyil".
Analoji mövqe Kremldən də gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Fars körfəzi ölkələri ilə mehriban münasibətlərin tərəfdarı olduğunu vurğulayıb: "Rusiya regionun daxili işinə qarışa bilməz. Biz Fars körfəzində sabitlik və sülh atmosferinin olmasında maraqlıyıq".
D.Peskov Rusiyanın blokadaya alınan Qətərə dəstək verməsinin mümkünlüyü barədə suala cavab vermək istəməyib.