“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçən ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsinin ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, ötən il ölkəsində baş verən xain çevriliş cəhdi bugünə qədər ölkəsinə qarşı ən böyük xəyanətlərdən biridir.
Onun sözlərinə görə, 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə edilib. Nəticədə 250 Türkiyə vətəndaşı şəhid olub, 2000-dən çox insan isə yaralanıb:
“Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacarıb. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək, öz gələcəyinə sahib çıxıb”.
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli isə çxışında qeyd edib ki, Türkiyə xalqı öz prezidentinin ətrafında sıx birləşərək, mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan verməyib: “Türk xalqı qətiyyətli mövqe nümayiş etdirib.
Azərbaycan xalqı 1994-1995-ci illərdə ulu öndərin çağırışı ilə çevrilişlərə yox dediyi kimi, Türkiyə xalqı da baş verən çevrilişə qaarşı çıxaraq hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoyub”.
Tədbir millət vəkilləri, QHT təmsiçiləri və digər ictimaət nümayəndələrinin çıxışları ilə davam edib.
Ceyhun ABASOV