Azərbaycan dövlətinin yürütdüyü siyasətdə sosial sahə önəmli yer tutur. Əhalinin rifah halının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ölkədə çoxsaylı dövlət proqramları qəbul olunub, bunların əsasında böyük layihələr icra edilib.
Statistik göstəricilərə görə, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb. Ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1.5 milyondan artıq yeni iş yeri açılıb. Dövr ərzində 3 mindən çox məktəb, 6 yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib.
Bütün bunlarla yanaşı, ölkə əhalisinin bütün kommunal problemləri həll edilib. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatdırılıb. Həmçinin, regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, bununla da əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. 4 su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.
Eyni zamanda, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub. Habelə, Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb.
Sosial tədbirlər çərçivəsində məcburi köçkünlərin mənzil-məişət problemləri də həll edilməkdir. Bu mənada, qayğıya ehtiyacı olan bu təbəqə üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.
Bu illər ərzində əhalinin maaş, pensiya təminatının yaxşıılaşdırılması istiqamətində də addımlar atılıb. Bundan əlavə, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.
Eyni zamanda, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər və media işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.
Azərbaycanda aparılan quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Azərbaycanda son illər ərzində sosial sahədə gözlənildiyindən daha çox addımlar atılıb. O, "Trend"ə bildirib ki, son illər ərzində prezident İlham Əliyev tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastruktur layihələrinə xüsusi diqqət yetirilib: "Əhalinin aztəminatlı, xüsusilə yoxsul təbəqəsinin və əlillərin problemlərinin həlli istiqamətində addımlar atılıb. Azərbaycan İpoteka Fondunun yaradılması, ipoteka şərtlərinin asanlaşdırılması, əhalinin mənzil problemlərinin həlli üçün imkanların yaradılması, sosial evlərin tikintisinə başlanılması, əlillər üçün evlərin tikilməsi, jurnalistlərə evlərin paylanılması - bütün bunların hamısı sosial kateqoriyaya aid olan məsələlərdir".
Deputat son illər ərzində sosial sahədə mövcud olan bir çox nöqsanların aradan qaldırıldığını söyləyib. Onun sözlərinə görə, əvvəllər sosial müavinətlərin verilməsi, əlilliyin müəyyən edilməsi sahəsində mövcud olan bir çox neqativ hallar ortadan qaldırılıb.
F.Mustafayev deyib ki, sosial sahə bütün ölkələrdə, o cümlədən, ABŞ-da həmişə nöqsanların olduğu sahə olub: "İstər-istəməz əhalinin işsizi də, yoxsulu da, müəyyən problemləri həll edilməyənləri də olur. Amma bu insanların çox sıxıntı içində qalmaması üçün bu istiqamətdə vaxtaşırı çevik qərarların qəbul olunması vacibdir. Devalvasiya zamanı kreditlərlə, bank kartları ilə bağlı insanların müəyyən çətinlikləri yarandı. Amma bu sahədə də müəyyən islahatların aparılması ümid yaratdı ki, devalvasiya və başqa proseslərdən zərər çəkmiş insanların problemlərinin həlli istiqamətində müəyyən müsbət addımlar atılacaq".
Deputat Musa Quliyev isə qeyd edib ki, Azərbaycan dövlətinin sosial siyasətinin əsasında insan amili və onun rifahı dayanır.
Dövlətin sosial siyasətinin bir neçə istiqamətinin olduğunu deyən deputat qeyd edib ki, bu siyasət Azərbaycanda insanların keyfiyyətli həyat sürməsinə yönəlib.
M.Quliyev bildirib ki, Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksinə görə, 200 dövlət arasında 70-ci yerdə dayanır. Bunun MDB məkanında ən yaxşı göstəricilərdən biri olduğunu deyən deputat bildirib ki, bu göstəriciyə əhalinin sosial rifah halının ardıcıl şəkildə yaxşılaşması, pensiya təminatı, məşğulluğun təmini, yoxsulluğun aşağı salınması, mənzil təminatının yaxşılaşdırılması, təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılması ilə nail olunub.
Deputat əlavə edib ki, Azərbaycan vətəndaşlarına sosial təminat 2 istiqamət üzrə həyata keçirilir: "Biri odur ki, ümumi olaraq, bütün vətəndaşların sosial təminat hüquqları təmin edilir. Yəni vətəndaşlar işlə təmin olunur, dövlət hər bir kəsin sağlamlığına, təhsil almasına, sağlam mühitdə yaşamasına təminat verir. Digər istiqamət isə odur ki, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət öz yardımını göstərir. Yəni onlara ünvanlı sosial müavinətlər verilir, əməkdə, təhsildə, mədəniyyətdə və s. sahələrdə fərqlənənlərə Prezidentin xüsusi təqaüdü verilir".
M.Quliyev qeyd edib ki, dövlət tərəfindən əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.
Bununla yanaşı, Qarabağ əlilləri və şəhid ailələri üçün dövlətin ayrıca proqramının olduğunu xatırladan M.Quliyev deyib ki, hər il yüzlərlə belə ailələr mənzillə təmin olunurlar.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycan hüquqi dövlətdir. Onun sözlərinə görə, Azərbaycan milli dövlətçiliyinin əsasında həm də sosial dövlət olmaq fəlsəfəsi durur: "Azərbaycan dövləti xalqın və vətəndaşların rifahının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb".
H.Babaoğlu qeyd edib ki, Azərbaycanda sosial siyasətin dərin hüquqi kökləri var: "Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzunmüddətli siyasət məhz ölkənin sosial problemlərinin həlli, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində olub. Məhz bu məqsədlə dövlət başçısının rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı da daxil olmaqla bir neçə dövlət proqramı qəbul edilib. Bu çərçivədə regionların inkişafı, yeni kommunikasiyaların qurulması, iş yerlərinin açılması, mövcud regionun iqtisadi göstəriciləri nəzərə alınmaqla istehsal müəssisələrinin yaradılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib. Azərbaycan dövlətinin sosial siyasətinin əsasları da çoxşaxəlidir. Bu, məşğulluğun artırılması və işsizliyin aradan qaldırılması, yeni sənaye regionlarının, məhəllələrinin, ölkədə idmanın inkişafı ilə bağlı bütün regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətindədir. Bu sırada qaçqın və məcburi köçkünlərin problemlərinin həllini də xüsusi qeyd etmək lazımdır. İndiyədək Azərbaycanda bununla bağlı 100-dək qəsəbə inşa edilib və onların ixtiyarına verilib".
Deputatın sözlərinə görə, əgər daha geniş təhlil etsək, görərik ki, bütün bunlarla yanaşı, sosial siyasətin tərkib hissəsinə həm də ölkədə səhiyyə xidmətinin yaxşılaşdırılması da daxildir: "Bu istiqamətdə atılan addımlardan biri də icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bu məqsədlə 2 pilot rayon seçilib. Bu da Azərbaycanda əhaliyə sosial-səhiyyə sahəsində xidmətin yaxşılaşdırılmasına təsir edir".
H.Babaoğlu bildirib ki, bununla yanaşı, prezident İlham Əliyevin rəhbərliyi altında yeni bir sosial layihə həyata keçirilir: "Bu, aztəminatlı ailələr üçün sosial evlərin tikilməsi layihəsidir. Bu layihə ekspertlər tərəfindən xüsusi qiymətləndirilir. Onun uğurla davam etməsi göstərir ki, gələcəkdə ölkədə aztəminatlı ailələr asan yolla mənzillər əldə edəcəklər. Bu da şübhəsiz, Azərbaycanda sosial siyasətin tərkib hissəsi kimi sosial problemlərin həlli istiqamətində mühüm addımlardan biri kimi səciyyələndirilməlidir".
H.Babaoğlu əlavə edib ki, bütövlükdə bu siyasət nəticəsində hazırda Azərbaycanda işsizliyin səviyyəsin 5 faizdən də aşağı düşüb: "Hər bir ölkədə ən güclü sosial göstəricilərdən biri işsizliyin səviyyəsi hesab edilir. Ötən illər ərzində Azərbaycanda, xüsusən də özəl sektorda çoxsaylı iş yerlərinin yaradılması bu sahənin perspektivindən də xəbər verir. Azərbaycanda sosial məsələlər bu gün də diqqət mərkəzindədir, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət indi də uğurla davam etdirilir. Bir neçə gün öncə Hacıqabul rayonunda yeni sənaye məhəlləsinin, Bakının Pirallahı rayonunda yeni iş yerlərinin yeni sənaye mərkəzinin, iş yerlərinin yaradılması ölkədə sosial problemlərin həllinə və işsizliyin aradan qaldırılmasına xidmət edən addımlardır. Bütövlükdə qeyd etmək olar ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilir, əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılır".
Ceyhun ABASOV