|
|
|
|
Oktyabrın 2-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası öz işinə başlayıb. İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi tədbir BƏT-in baş direktoru Qay Rayderin "Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar" mövzusunda hesabat məruzəsi dinlənililib və məruzə ətrafında müzakirələr aparılıb.
İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib. Nazir BƏT-in baş direktoru Qay Rayderin sosial inkişafın dəstəklənməsinə və layiqli əmək konsepsiyasının reallaşdırılmasına yönəlmiş məsələləri əhatə edən məruzəsinin təşkilatın hazırkı və gələcək fəaliyyətinin başlıca mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb: "Məruzədə qeyd edildiyi kimi, qlobal iqtisadi böhrandan sonrakı dövrdə layiqli əmək konsepsiyasından irəli gələn təşəbbüslər həm bu proseslərə cəlb olunan region ölkələri, həm də bütövlükdə dünya birliyi üçün daha əhəmiyyətli məqsədlərin qarşıya qoyularaq onlara nail olunmasını nəzərdə tutur. Əhalinin məşğulluq imkanlarının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş səylərin koordinasiyası bu gün antiböhran siyasətinin əsas prioritet istiqaməti kimi qəbul olunur".
S.Müslümov bildirib ki, tarix cəmiyyətin və tərəqqinin inkişaf səviyyəsinin bəşəriyyətin öz gələcəyi konsepsiyasını düzgün formalaşdırması bacarığından asılı olduğunu göstərir: "Qloballaşan dünyada ictimai inkişafın müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, bu əmək sferasının transformasiyasına səbəb olur. Bu baxımdan müasir dövrdə əmək sferasının gələcəyinə yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, əmək münasibətlərinin tənzimlənməsi, miqrasiya prosesləri, bacarıqların artırılması və təhsil imkanlarının genişləndirilməsi kontekstində praqmatik baxışın formalaşdırılması dayanıqlı iqtisadi artımı, layiqli iş yerlərinin yaradılmasını, bütövlükdə insan kapitalının inkişafını təmin edən yeni mexanizmlərin yaradılması üçün əsas şərtlərdən biridir. Bunu dərk edərək, Azərbaycan hökuməti sosial tərəfdaşlarla birgə BƏT-in çağırışına cavab verərək, "Əməyin gələcəyi" təşəbbüsünə öz dəstəyini bildirib".
Nazir vurğulayıb ki, Azərbaycanda innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas strateji hədəfləridir: "Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olub. Davos Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan Respublikası daha iki pillə irəliləyərək iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşıb".
S.Müslümov Azərbaycanda dövlət məşğulluq siyasətinin bir çox beynəlxalq təşkilatlarla, xüsusilə BƏT-lə sıx əməkdaşlıq çərçivəsində beynəlxalq norma və standartlar, dünya əhəmiyyətli beynəlxalq sənədlər əsasında hazırlanaraq həyata keçirildiyini diqqətə çatdırıb: "BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması bəşəriyyəti dayanıqlı inkişaf yoluna aparacaq yeni Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Azərbaycan könüllü olaraq ölkədə Dayanıqlı İnkişafın 6 Məqsədinin icrası üzrə Hesabatın hazırlanmasını bəyan edib və bu ilin iyul ayında Hesabat uğurla təqdim olunub".
Nazir növbəti ildə Azərbaycanda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair beynəlxalq konfransda BƏT-in baş direktoru Qay Rayderin iştirakının da nəzərdə tutulduğunu bildirib: "2016-cı ilin sentyabr ayında Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addım oldu. Bu Proqram çərçivəsində həyata keçirilən tədbirlər sırasında ölkəmizdə yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanmasını, Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi üçün təlim kurslarının təşkilini, gənclərin məşğulluğunun artırılmasına yönələn bir sıra layihələrin icrasını, əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində BƏT-lə birgə fəaliyyətin həyata keçirilməsini xüsusi qeyd etmək istərdim". S.Müslümov Azərbaycanın özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsində təcrübəsinin region ölkələri üçün BƏT tərəfindən ən yaxşı nümunə kimi göstərildiyini vurğulayıb: "Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan BƏT-in siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür".
S.Müslümovun tədbir çərçivəsində BƏT-in baş direktoru ilə görüşü, habelə digər bir sıra görüşlər keçirməsi, əmək və məşğulluq sahəsində qarşılıqlı maraq doğuran məsələlərə və gələcək əməkdaşlığa dair müzakirələrin aparılması da səfər proqramına daxildir.
Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının 10-cu Avropa Regional İclası oktyabrın 5-də başa çatacaq.
Ceyhun ABASOV