|
|
|
|
Ölkəmizdə böyük Heydər Əliyev ideyalarına sadiq qalmaqla, həyata keçirilən tədbirlər özünün inkişafla zəngin əhatə dairəsini genişləndirib və uzaq gələcək üçün güclü perspektivlərə malik yeni səhifələr açıb.
Bunlar iqtisadiyyatın sahə strukturunun təşkilatlanmasından, şaxələndirmə proseslərinin stimullaşdırılmasından, insanların artan tələbatlarının ifadə oluna biləcəyi böyük təminat qabiliyyətinə malik iqtisadiyyatın qurulmasından, inkişaf yolunda addımlayan ölkələrin hər biri üçün yeni ideyalar bəyan edən tədbirlərin həyata keçirilməsindən və milli iqtisadiyyatın prioritet seçdiyi istiqamətlərin çevik mexanizmlər vasitəsilə gerçəkləşdirilməsi amillərindən ibarət olmaqla, müasir dünyanın strateji məsələlərindən birinə çevrilib.
Artıq cari ilin səkkiz ayı geridə qaldı. Keçən dövr Azərbaycan Respublikasının dünyanın məruz qaldığı hərbi, terror, sosial və iqtisadi təhdidlərə baxmayaraq, öz potensialını artırması və daha da qüdrətlənməsilə öz əhəmiyyətini artırdı. Ölkəmiz təbii sərvətlərindən səmərəli istifadədə, sosial-iqtisadi inkişafının davamlı təminatında, bu sahələr üzrə məqsədyönlü addımlar atması kimi məsələlərin həllində ciddi yol qət etdi. Ən əlamətdar tədbir kimi cari ilin sentyabr ayının 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni müqavilənin imzalanması mərasiminin keçirilməsini qeyd etmək yerinə düşər. Bu, hər şeydən əvvəl, Azərbaycanın böyük Heydər Əliyevin neft strategiyasından hələ uzun müddət faydalanacağına əsaslar gətirməklə, hədəflərə doğru daha güclü əzmkarlıq yaratmaqdadır. Eyni zamanda, ölkə başçısı cənab İlham Əliyevin təcrübəli idarəetmə ilə gerçəkləşdirdiyi strateji layihələrin mühüm tərkib hissəsi olaraq bu müqavilə, dünya ölkələrinin Azərbaycanın haqq səsinə, onun inkişafına, beynəlxalq miqyasdakı mövqeyinə verdikləri dəstəyin gerçək təsdiqinə çevrildi. Digər tərəfdən, bu, dünya bazarında Azərbaycan neftinin rəqabətqabiliyyətliliyinin, keyfiyyətliliyinin və yüksək istehlak dəyərinə malik olmasının məntiqi nəticəsi idi.
Təbii ki, hazırda ölkəmizdə neft sektoru, qeyri-neft sektorunun çoxşaxəli inkişafı məqsədlərinə xidmət etməklə, onun alternativ inkişaf mənbəyinə çevrilməsində mühüm amildir. Bu mənada mövcud iqtisadi siyasətin daha çox regional mahiyyətinin artırılmasında, daha doğrusu, qeyri-neft sektorunun inkişafında regionların xüsusi çəkisinin yüksəldilməsində dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlər öz səmərəli nəticələrilə fərqlənməkdədir. Heç şübhəsiz, bu sahədə 2004-cü ildən icrasına başlanan və hazırda da davam edən regional inkişaf proqramlarının xüsusi əhəmiyyəti vardır.
Qeyd etmək lazımdır ki, nəzərdə tutulan məqsədlərin gerçəkləşdirilməsi, sosial dayanıqlılığın möhkəmlənməsinə istiqamətlənən siyasətin yeridilməsi, milli iqtisadiyyatın inkişafı baxımından aktual hesab edilən sahələrin daha da gücləndirilməsi mühüm dövlət siyasətinə çevrilmişdir. Bu mənada ölkənin makroiqtisadi maraqlarının qorunması və üstün tutulmasında, qeyri-neft sektorunun inkişafından ibarət hədəflərinin gerçəkləşdirilməsində və s. məsələlərin həllində regionların, o cümlədən, Naxçıvan Muxtar Respublikasının qətiyyətli yeri olmuşdur. Müasir iqtisadi şəraitdə ümummilli lider Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi sosial-iqtisadi siyasət məhz muxtar respublikadan başlanmaqla, ümumilikdə ölkəmizə sülh, əminəmanlıq və rifah gətirdi. Məhz son 22 ildə də güclü baza əsasında davam edən bu strategiya muxtar respublikanın mövcud inkişaf səviyyəsinin daha da yüksəlməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikasının əldə etdiyi sosial-iqtisadi inkişafa diqqət edərkən onun:
- mövcud iqtisadi imkanların əhatə dairəsini daha da genişləndirdiyini;
- yeni iqtisadi potensial formalaşdırdığını və bununla da yeni istehsal sahələrinin yaradılmasındakı təsirini artırdığını;
- cari və gələcək dövrlər çoxşaxəliliyə təminat verəcək təşəbbüslərin dəstəklənməsi sahəsində məqsədyönlülüyü təmin etdiyini görməkdəyik.
Bu məsələlər muxtar respublikanın səkkiz aylıq sosial-iqtisadi inkişafında da özünü göstərməkdədir. Belə ki, müvafiq dövrdə burada 1 milyard 705 milyon 749 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın keyfiyyət göstəricilərinin gerçək ifadəsi olan bu amil insanların gündəlik yaşam tərzinin yaxşılaşmasına xidmət etməkdədir. Elə buna görədir ki, dövlətin iqtisadi prioritetlərinə aid edilən insan amili və onun bir potensial qüvvə kimi inkişafı məsələləri muxtar respublikanın cari inkişaf dövründə də öz aktuallığını qorumuş və nəticədə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 3788 manata yüksəlmişdir.
Bu uğurların fonunda muxtar respublikada iqtisadi potensialın artan miqyasda təşkili və idarə olunması özünü bütün tərəflərilə yanaşı, səmərəli investisiya siyasəti və güclü infrastruktur quruculuğunda da göstərməkdədir. Qeyd edək ki, bunlar iqtisadiyyatın sahə strukturu üzrə bütün istiqamətlərdə özünü göstərmiş və daha da aktuallaşmışdır. İqtisadiyyatın şaxələndirilməsindən, qeyri-neft sektorunun üstünlüyündən ibarət hədəflər muxtar respublika iqtisadiyyatında sahələr üzrə davamlı inkişafı təmin edə bilmişdir. Bu baxımdan qeyd edə bilərik ki, muxtar respublikada 2017-ci ilin yanvar-avqust ayları ərzində yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri tutan sənaye sahəsində 708 milyon 256 min manat həcmində məhsul istehsal olunmuşdur. Bu da təbii ki, müvafiq sahə üzrə istehsal imkanlarının genişləndirilməsində əhəmiyyətli nailiyyət hesab edilməlidir.
Naxçıvan Muxtar Respublikası daha mütərəqqi iqtisadiyyat quruculuğu istiqamətində inamla addımlamaqdadır. Statistik rəqəmlərə müraciət edərkən son on il ərzində muxtar respublikada iqtisadi və sosial sahələrə 7 milyard 154 milyon 193 min 400 manat həcmində investisiya yönəldildiyini görməkdəyik. Xüsusən, 2007-ci ildən 1 yanvar 2017-ci il tarixədək investisiya qoyuluşlarının 6 milyard 345 milyon 844 min 600 manatı və ya 88,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat dinamik inkişaf etməkdədir. Tikmək, qurmaq, müasirliklə tarixiliyin vəhdətindən ibarət ənənəyə sadiq qalmaqla, abad və rəvan quruculuq işlərinin əsaslarını müəyyən etmək ən zəruri məqsədlərə çevrilmişdir. Burada həyata keçirilən infrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 635 milyon 580 min manat dəyərində investisiya yönəldilmiş və güclü potensial yaradılmışdır. Qeyd edilən göstəricinin 594 milyon 228 min manatı isə tikinti-quraşdırma işlərinin payına düşür.
Bütün dövrlərdə ən aktual məsələlərdən birini ərzaq məhsulları sahəsində etibarlı təminat qabiliyyətli iqtisadiyyatın qurulması təşkil etmişdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikanın mövcud potensialının daha da artırılmasını təmin etməkdədir. Əhalinin yerli məhsullardan istifadədə, süni qiymət artımından qorunmasında, daxili bazarda məhsul bolluğundan yararlanmasında, keyfiyyətli və rəqabətədavamlı məhsulları seçim və istehlak imkanlarının genişlənməsində çox zəruri əhəmiyyətə malik sahə kimi kənd təsərrüfatını qeyd edə bilərik. İqtisadi perspektivlərin təkanverici qüvvəsi kimi bu sahədə 2017-ci ilin müvafiq aylarında 279 milyon 334 min 800 manat dəyərində məhsul istehsal edilmiş və mövcud potensial daha da artırılmışdır.
Azərbaycan Respublikasında artıq uzaq gələcək üçün hədəf və prioritetlər müəyyən edilmişdir. Bu məqsədlə də 6 dekabr 2016-cı il tarixdə dövlət başçısının imzaladığı 1138 nömrəli Fərmanla 12 əsas istiqamət üzrə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilmişdir. Bu Fərmanın tətbiqi ilə əlaqədar Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Fərmanı olmuşdur. Həmin tarixi sənəddə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq istiqamətində bir sıra məqsəd və vəzifələr müəyyən edilmiş, bununla bağlı İşçi Qrupu yaradılmışdır. Yəni bu hüquqi aktla təsərrüfat subyektlərinin fəaliyyəti artıq yeni inkişaf səviyyəsinə xas olmaqla, hədəf və priroitetlər əsas götürülməklə tənzimlənəcəkdir.
Qeyd edək ki, bu proseslər ölkəmizdə i
stehsal və sosial infrastruktur potensialının dayanıqlı inkişafı fonunda daha mütərəqqi nəticələr verəcəkdir. Həmin təşəbbüslər muxtar respublikada da sosial-iqtisadi inkişafa təkan verəcək səviyyədə təmin edilməklə təşkil və idarə olunmaqdadır. Belə ki, təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarını daha da yaxşılaşdırmaq məqsədilə cari ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 milyon 52 min 500 manat məbləğində kreditlər verilmişdir. Həmin kreditlərin 3 milyon 82 min 400 manatı qısamüddətli, 17 milyon 970 min 100 manatı uzunmüddətli kreditlərdən ibarət olmuşdur.
Şaxələndirmə prosesləri muxtar respublikada iqtisadiyyatın sosial mahiyyətini yüksəltməklə yanaşı, həm də onun idarə olunmasındakı səmərəliliyin artırılmasını təmin etməkdədir. Burada iqtisadi siyasətin əsas məqsədlərindən birini təbii ki, tarixi, coğrafi, iqtisadi əhəmiyyətliliyin önə çıxarılması, onun istehsal əhəmiyyətinin və potensialının artırılması, eləcə də prioritetlər baxımından turizm infrastrukturunun təkmilləşdirilməsindən ibarət tədbirlər təşkil etməkdədir. Turizmə yeni yanaşma, muxtar respublikanın malik olduğu iqtisadi resursların müasir dövrün tələblərinə xas təşkilatlanması ilə daha da önəmli görünür. Bu mənada həm iqtisadi, həm də hüquqi tənzimləmə siyasəti muxtar respublikada mövsümi və sahəvi mənsubiyyət baxımından çox müxtəlif məkanların turizm əhəmiyyətinin yüksəldilməsinə hesablanıb. Sevindirici haldır ki, artıq bu tədbirlər öz nəticələrini verməkdədir. Belə ki, istinad etdiyimiz ilin yanvar-avqust aylarında muxtar respublikaya 243 min 22 nəfər turist gəlmişdir ki, bu da ərazinin cəlbediciliyinin ifadəsi və bu sahədəki fəaliyyətin başlandığı dövr üçün çox əhəmiyyətli göstəricidir.
Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi maraqlarının beynəlxalq miqyasda qorunması və daha dolğun ifadəsində də zəruri əhəmiyyətə malikdir. Coğrafi yerləşməsinə görə iqtisadi münasibətlərin təkanverici qüvvəsi kimi güclü potensial formalaşdıran muxtar respublika ölkələrarası inam, güvən və yardımlaşmadan ibarət humanist dəyərlərin bəyanında qətiyyətli addımlar atmaqdadır. Bu isə təbii ki, həm də ölkənin və onun regional siyasətinin səmərəliliyində mühüm məsələdir. Qeyd edək ki, xarici iqtisadi münasibətlər özündə milli iqtisadiyyatın beynəlxalq aləmə çıxış imkanlarının məcmu ifadəsini də daşımaqdadır. Bu mənada muxtar respublikada əldə edilən potensial milli-iqtisadi maraqlarla yanaşı, həm də ölkənin beynəlxalq maraqlarının sağlam təminatını mümkün edir ki, bu da Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinə etibarlılığı daha da artırmış olur. Fikrimizi əsaslandırmaq üçün deyə bilərik ki, cari ilin yanvar-avqust aylarında muxtar respublikada 304 milyon 838 min 500 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi formalaşmışdır. İxracın şaxələndirilməsi və stimullaşdırılması məqsədlərinin səmərəli nəticəsi olaraq son bir il ərzində bu sahədəki potensialın 1,2 faiz artaraq 284 milyon 341 min 600 ABŞ dolları təşkil etdiyini görməkdəyik. Təbii ki, bu, öz növbəsində idxalın minimuma endirilməsi və məhdudlaşdırılmasına səbəb olmaqla, həmin göstəricinin 27,1 faiz azalaraq 20 milyon 496 min 900 ABŞ dolları təşkil etməsinə şərat yaratmışdır. Əldə edilən nəticələr isə pozitivliyi ilə fərqlənərək 263 milyon 844 min 700 ABŞ dollarlıq müsbət saldonun yaranmasına imkanlar açmışdır.
Beləliklə, Naxçıvan Muxtar Respublikası iqtisadi və sosial təşəbbüslərin səmərəli gerçəkləşdirilməsinə qətiyyətlə davam etməkdədir. Ölkənin milli iqtisadiyyat üzrə prioritetlərinə çevik təminat yaradan bu amillər uzaq gələcək üçün güclü stimul yaratmaqdadır.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent