|
|
|
|
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının hazırladığı “Azərbaycan – UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilib.
APA-nın məlumatına görə, kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, qeyd edib ki, Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron resurs http://unesco.preslib.az/ domenində yerləşdirilib. Elektron resurs iki dildə - Azərbaycan və ingilis dillərində hazırlanıb.
Elektron resursun strukturu haqqında ətraflı məlumat verən kitabxananın direktoru bildirib ki, resurs 6 əsas bölmədən və 46 yarımbölmədən ibarətdir. Birinci bölmədə UNESCO-nun yaranması, nizamnaməsi, rəhbər və icraedici orqanları, üzv ölkələr və xoşməramlı səfirlər haqqında məlumat verilir. Xoşməramlı səfir Mehriban Əliyevanın fəaliyyətinin xronikası da bu bölmədə öz əksini tapıb. Resursun “Azərbaycan və UNESCO” adlı digər bölməsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına və Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycanın maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar daxil edilib.
“UNESCO-nun yubiley tədbirləri” bölməsində həm Azərbaycanın hələ Sovet İttifaqının tərkibində olarkən, həm də müstəqillik illərində UNESCO tərəfindən Azərbaycanın görkəmli şair və yazıçılarının, alim və filosoflarının, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin təntənəli mərasimlə qeyd edilməsi barədə materiallar öz əksini tapıb. Azərbaycan Respublikasının UNESCO-nun beynəlxalq konvensiyalarına qoşulması barədə sənədlərin mətnləri elektron resursun “Beynəlxalq konvensiyalar” bölməsində toplanılıb.
“E-Kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində UNESCO-ya və Azərbaycanın mədəni irsinə aid 100-dək kitabın elektron versiyaları yerləşdirilib. Eyni zamanda, resursun hazırlanmasında istifadə olunmuş kitabların, dövri mətbuat materiallarının və saytların siyahısı ayrıca verilib.