"Qətər və Azərbaycan arasındakı əlaqələr özünəməxsusluğu ilə seçilir və sevindirici haldır ki, hazırda əlaqələrimiz bütün sahələrdə inkişaf edir. Bu əlaqələr ötən illər ərzində böyük sıçrayış edib. Belə ki, 2017-ci ilin yanvarın 31-də Qətər hökuməti ilə Azərbaycan hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə birgə komissiyanın Bakı şəhərində ilk toplantısı keçirildi və orada iki ölkə üçün qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edildi".
Bu fikirləri Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Yusif əl-Saai ötən il ərzində iki ölkənin münasibətlərinin səviyyəsini qiymətləndirərkən bildirib. O deyib ki, Qətər və Azərbaycan arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü ildə qurulub. Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin fevralın 27-də Dohaya tarixi səfəri iki ölkə arasındakı əlaqələrə böyük bir təkan verdi. Bu hadisələr ölkələrimiz arasında mövcud olan qarşılıqlı hörmət və ehtirama söykənən investisiya və ticarət sahələrində əməkdaşlıq əlaqələrinin inkişafı və yeni perspektivlərin açılması üçün yeni imkanlar yaradır ki, bu da hər iki tərəfin səmimi istəyindən irəli gəlir.
İqtisadi-ticarət əlaqələrindən danışan diplomat vurğulayıb ki, son zamanlarda, xüsusilə də Qətər dövləti blokadaya məruz qaldıqdan sonra ticari əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edir. Bu da blokadadan irəli gələn çətinliklərin aradan qaldırılması çərçivəsində bir sıra Azərbaycan şirkətlərinin ərzaq məhsullarını Qətər bazarlarına çatdırmasında əksini tapıb. Qətər iqtisadiyyatının əsasını neft və qaz hasilatının təşkil etdiyi halda neftin uzuclaşmasının Qətər iqtisadiyyatına təsirindən danışan səfir deyib: "Şübhə yoxdur ki, neftin qiymətinin ucuzlaşması neft ölkələrinin iqtisadiyyatına təsir edib. Amma Qətər gəlirlərin intersifikasiyasına nail olub və bu da böhranla bağlı problemlərin aradan qaldırılmasına imkan verib. Neftin qiymətinin enməsi neft və qaz gəlirlərinə əsaslanmaq əvəzinə Qətər iqtisadiyyatının intersifikasiyası üçün bir fürsət olub. Qeyd etmək lazımdır ki, ötən il OPEK-ə rəhbərliyi ərzində Qətər bu təşkilatdakı müxtəlif qüvvələr arasında istehsalın azaldılmasında razılığa nail olunması üçün səylər göstərib".
Turizm sahəsində əlaqələrin inkişafından danışan səfir deyib ki, iki ölkənin turizm qurumları Azərbaycana gələn qətərli turistlərin sayının artması, onlara yüksək səviyyəli xidmət göstərilməsi və bəzi hallarda rastlaşdıqları çətinliklərin aradan qaldırılması üçün əməkdaşlıqlarını genişləndirirlər: "Bunlara baxmayaraq, qətərli turistlər bəzi çətinliklərlə qarşılaşırlar və onlar arasında ən başlıcası səfər müddətinin on gündən artıq davam etdiyi zaman onların miqrasiya idarəsində qeydiyyata alınmasıdır, baxmayaraq ki, giriş vizasının müddədi 30 gündür. Buna görə də, bu çatışmazlıqların və gözlənilməz çətinliklərin aradan qaldırılması üçün inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etmək lazımdır.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayan diplomat bildirib ki, Qətər dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Qarabağ probleminin siyasi yollarla, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə müvafiq olaraq həllini dəstəkləyir. Bu münaqişənin həlli Cənubi Qafqaz strateji regionunda sabitlik və təhlükəsizliyə xidmət edir.
O, 2018-ci ildə iki ölkənin münasibətlərinin inkişafında əsas istiqamətlərdən də danışıb: "İki ölkə arasında özünəməxsus əlaqələr fonunda müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün çalışacağıq ki, bu da iki dost xalqın mənafeyinə uyğundur. Məqsədimiz yaxın gələcəkdə ticarət mübadiləsini genişləndirmək, iqtisadi və investisiya sahələrində əməkdaşlığı artırmaq, hər iki ölkənin məsul şəxslərinin rəsmi və dövri səfərlərini, iki ölkənin iqtisadi qurumları arasında konfransların, sərgilərin keçirilməsini dəstəkləməkdir. Eyni zamanda, Azərbaycana səfər edən qətərli turistlərin sayını artırmaq və onlara yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün iki ölkənin turizm və səyahət qurumları arasında əlaqələri genişləndirmək istəyirik: "Qeyd etdiyim kimi, Azərbaycan prezidenti İlham Əliyev ötən il fevralın 27-də Qətərə səfər edib. İki ölkə arasında özəl əlaqələr olduğuna görə yaxın zamanda yüksək səviyyəli qarşılıqlı səfərlərin olacağını da gözləyirik. Azərbaycan gözəl ölkə, onun səxavətli xalqı isə qonaqpərvərdir. Azərbaycan Qərb və Şərq arasında ticarət və enerji marşrutlarının kəsişdiyi regionda yerləşməklə Avropa ilə Asiya və eyni zamanda, İslam və xristian dünyaları arasında təbii körpü rolunu oynayır".
PƏRVANƏ