|
|
|
|
"Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində 2018-ci ildə Azərbaycan yeni nailiyyətlər qazanacaq".
Bu sözləri politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, 2017-ci ilin son aylarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tək regionun deyil, ümumilikdə bütün dünyanın diqqətini cəlb edib:
"Azərbaycan bu layihə ilə yenidən dünyanın diqqət mərkəzinə düşüb. Avropa ölkələrinin demək olar ki, hamısı bu layihənin belə sürətlə reallaşmasına təəccüblənmişdi. Prezidentin rəhbərliyi ilə həyata keçirilən və dünyanın hər yerində maraqla qarşılanan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2018-ci ildə Azərbaycan və layihədə iştirak edən digər ölkələr üçün xeyli miqdarda gəlir gətirəcək. Bu dəmir yolu xətti ölkəmizin yalnız iqtisadi yox, həm də siyasi gücünü artıracaq. Digər böyük layihələrdən Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi və "Trans-Adriatik" (TAP) layihələrini də qeyd etmək lazımdır. Yaxın aylarda, yəni 2018-ci ilin ortalarında TANAP layihəsinin istifadəyə verilməsi gözlənilir və bununla ölkəmiz növbəti dəfə dünyanın gündəmində olacaq. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsidir. TANAP Türkiyə-Gürcüstan sərhədində "Cənubi Qafqaz" boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Fikrimcə, 2018-ci ildə baş tutacaq bu cür tədbir və layihələrin təşkili hər bir azərbaycanlını sevindirməlidir".
Politoloq hesab edir ki, qlobal layihələrlə yanaşı, prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncam ölkəmiz və xalqımız üçün əlamətdar tarixi hadisəni özündə əks etdirir.
İdman ölkəsi olan Azərbaycanda bu il də beynəlxalq əhəmiyyətli yarışların təşkil olunacağını xatırladan R.Alıyev bildirib ki, iyun ayında Azərbaycanda beynəlxalq Velosipedçilər İttifaqının (UCI) "BMX Racing" növü üzrə Dünya çempionatı keçiriləcək: "Bundan başqa, Bakı şəhəri martın 15-dən 18-dək idman gimnastikası üzrə Dünya Kubokuna, aprelin 12-dən 15-dək batut gimnastikası, tamblinq və mini batut üzrə Avropa çempionatına, aprelin 27-dən 29-dək bədii gimnastika üzrə Dünya Kubokuna və iyunun 22-dən 23-dək yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək. Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin 82-ci iclası da bu ilin dekabrın 2-dən 3-dək Bakıda keçiriləcək. Həmçinin, dünyanın böyük idman yarışlarından olan "Formula-1" üzrə Azərbaycan qran-prisi aprelin 27-dən 29-dək ölkəmizdə baş tutacaq".
R.Alıyev qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması ölkəmizin bir çox siyasi və mədəni tədbirlərə də ev sahibliyi etməsinə imkan yaradır: "Bu il Azərbaycanda bir sıra mühüm siyasi tədbirlərə keçiriləcək. 2018-ci ilin aprelin 3-dən 6-dək Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək. Eyni zamanda, 80-dən artıq ölkədən 300-dən mütəxəssisin qatılacağı Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq. Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi-konfransları keçiriləcək. Bütün bunlar bir daha onu göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2018-ci ildə daha da inkişaf edəcək və ölkəmiz qazandığı uğurları ilə daim dünyanın diqqətində olacaq. Neftin qiymətinin artması ilə də ölkə iqtisadiyyatı daha da inkişaf edəcək. Bu da hərbi gücümüzün artmasına gətirib çıxaracaq, ölkə ərazisində sosial layihələrin daha da genişlənməsinə şərait yaradacaq, qaçqın və məcburi köçkünlərimizin, eyni zamanda ehtiyacı olan digər insanların mənzil və məişət problemləri həll olunacaq".
Ceyhun ABASOV