|
|
|
|
Azərbaycanın paytaxtı Bakı növbəti dəfə NATO-Rusiya görüşünə ev sahibliyi edəcək.
Keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Bakıda bir araya gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu dəfə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti ilə danışıqlar masasına əyləşəcək. "Trend"in məlumatına görə, bu barədə xəbəri adı gizli saxlanılan Amerika və Avropanın vəzifəli şəxslərinə istinadən "BuzzFeed" portalı yayıb.
Bildirilib ki, yanvar ayının sonlarında Avropada Birləşmiş Silahlı Qüvvələrin Ali baş komandanı general Kertis Skaparrotti Azərbaycanda, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə görüş keçirməlidir.
"NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir. Bu bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib". Bu sözləri APA-ya açıqlamasında NATO hərbi rəsmisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda gözlənilən görüşlə bağlı sualı şərh edərkən deyib.
O bildirib ki, bu kontekstdə general Kertis Skaparroti və general Valeri Gerasimov arasında ötən il sentyabrın 14-də telefon danışığı olub: "Onlar təlimlərdə şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıblar. Bu danışıq NATO-nun şəffaflıq siyasəti və Rusiya rəhbərliyi ilə siyasi səviyyədə aparılan daimi dialoqa uyğun olaraq, hərbi əlaqələri inkişaf etdirməyə qarşılıqlı marağı nümayiş etdirdi. Prosesin gedişində baş verəcək istənilən irəliləyiş barədə məlumat açıqlanacaq".
Generallar arasında bu cür görüşlərin artıq ənənəvi olaraq Bakıda keçirilməsi ölkəmizin artan nüfuzundan, bölgədə oynadığı əhəmiyyətli roldan xəbər verir. Bu, bir daha sübut edir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi, qlobal məsələlərin müzakirə olunduğu, ciddi qərarların qəbul edildiyi mühüm platforma, unikal dialoq məkanına çevrilib. Bu mənada, növbəti NATO-Rusiya görüşünün Bakıda keçirilməsi dövlətimizin nüfuzuna, beynəlxalq arenada formalaşdırdığı yüksək imicə verilən növbəti böyük qiymətdir.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib və artıq belə görüşlərin Bakıda keçirilməsi təəccüb doğurmur: "Şübhəsiz ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin başqa səbəbləri də var. Bu, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır".
E.Mirzəbəyli bildirib ki, Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibəti var: "Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir və eyni zamanda, heç bir hərbi-siyasi blokun üzvlüyünə can atmır. Düşünürəm ki, ölkəmizin regionda və dünyada gedən proseslərə, münaqişələrin həllinə ayrı-ayrı güclərin deyil, beynəlxalq hüququn norma və prinsiplərindən yanaşması da qlobal güclərin seçiminə öz müsbət təsirini göstərir. Bildiyiniz kimi, bu il mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Azərbaycanın təşəbbüsü ilə baş tutmuş Bakı prosesinin 10-cu ildönümü qeyd olunacaq. Bu müddət ərzində gerçəkləşdirilən ümumdünya mədəniyyətlərarası dialoq forumları, yaradılan əməkdaşlıq platformalarının səmərəliliyi Bakı prosesinin qlobal hərəkat kimi qəbul olunmasına zəmin yaradıb. Təbii ki, bu amillər də Bakının qısa müddət ərzində üçüncü dəfə qlobal güclərin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsində önəmli rol oynayıb".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı isə bildirib ki, NATO-Rusiya generallarının son görüşlərinin Bakıda keçirilməsi Azərbaycan dövlətinin etibarının, dövlətimizin beynəlxalq nüfuzunun daha da artdığını sübut edir: "Bu, həm də ölkəmizin mövqelərinin möhkəmləndiyini, belə görüşləri keçirmək üçün böyük təcrübəyə malik olduğunu, heç bir ölkənin dediyi ilə oturub-qalxmadığını, tam müstəqil siyasət yürütdüyünü, yalnız özünün milli-dövlət maraqlarını qoruduğunu və prezident İlham Əliyevə olan böyük hörmət və etimadın göstəricisidir".
Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə hesab edir ki, bu cür görüşlərin Bakıda keçirilməsi Azərbaycanın uğurlu xarici siyasətinin göstəricilərindən biridir. O, "Moderator.az"a bildirib ki, bu gün Azərbaycan həm dövlətçiliyinin inkişafı, həm də beynəlxalq aləmdə aktiv siyasəti ilə diplomatik mərkəzlərdən birinə çevrilib: "Ölkəmizdə keçirilən beynəlxalq görüşlər bu statusumuzu daha da möhkəmləndirib. Cəmi il yarım ərzində Bakıda üçüncü görüş olacaq ki, Rusiyanın baş qərargah rəisi ABŞ-NATO hərbi rəhbərliyi ilə görüşür. Bu, onu göstərir ki, Azərbaycan bu gün hər iki güc mərkəzi ilə yaxşı münasibətdədir. Həmçinin, ölkəmizdə olan stabillik, Azərbaycanda olan qanunçuluq, təhlükəsizliyin yüksək səviyyədə təminatı tərəfləri tamamilə qane edir. Azərbaycan bu gün həm Şərqin, həm də Qərbin ən yaxşı cəhətlərini özündə birləşdirən unikal bir dövlətdir. Bu baxımdan, Rusiya-NATO hərbi yetkililərinin Bakı görüşü sübut edir ki, Azərbaycan dünyada yüksək siyasi nüfuza malikdir. Bu prosesin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət bu cür görüşlərin məhz Bakıda keçirilməsinə zəmin yaradır. Bu, bizim dövlətimizin uğurudur".
Ceyhun ABASOV