NATO-Rusiya generalları arasında görüşün ardıcıl olaraq üçüncü dəfə Bakıda keçirilməsinə qərar verilməsi beynəlxalq ictimaiyyətin, o cümlədən, böyük dövlətlərin Azərbaycana yüksək etibar və etimadının bariz sübutu kimi qiymətləndirilir.
Keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Bakıda bir araya gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu dəfə, yanvar ayının sonlarında NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti ilə görüşəcək.
Azərbaycan, paytaxt Bakının dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi, ayrı-ayrı sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq edən məkan kimi müsbət imic qazanması beynəlxalq ictimaiyyətin böyük rəğbəti ilə qarşılanır. Balanslı siyasət kursu yürüdən Azərbaycan müxtəlif ölkələr, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yürütmək, irimiqyaslı layihələr həyata keçirməklə öz nüfuzunu daha da artırıb, etibarlı tərəfdaş imicini yüksək səviyyəyə qaldırıb. Ona görə də, son vaxtlar ayrı-ayrı güc mərkəzləri də öz aralarında olan problemləri həll etmək, münasibətlərin yeni xəttini müəyyənləşdirmək üçün dünyada unikal dialoq məkanı kimi tanınan Bakıya üz tuturlar. Ancaq bu yaxınlarda ABŞ Dövlət Departamentinin dövlətimizi terror riski daşıyan ölkələr kateqoriyasına aid etməsi onu göstərir ki, bəzi ölkələrdə Azərbaycanın əldə etdiyi bu uğurlar qısqanclıq, narahatlıqla qarşılanır. Dövlətimiz amerikalı turistlərin təhlükəsizliyi baxımından risk daşıyan dövlətlər arasında ikinci kateqoriyaya daxil edilib. Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi baxımından dörd kateqoriyaya bölünüb: Birinci kateqoriya - adi ehtiyat tədbirləri kifayətdir; ikinci kateqoriya - ölkəyə səfər zamanı son dərəcə ehtiyatlı olun; üçüncü kateqoriya - bu ölkəyə səyahət etməklə bağlı qərarınızı yenidən nəzərdən keçirin; dördüncü kateqoriya - bu ölkəyə səyahət etməyin.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, ABŞ Dövlət Departamentinin bu addımı təəssüf doğurur: "Azərbaycan dünyada ən sabit, təhlükəsizliyin yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Dövlətimizdə bütün azadlıqlar təmin olunub, dinindən, irqindən asılı olmayaraq, bütün ölkə vətəndaşları bərabər hüquqlara sahibdirlər. Tarix boyu Azərbaycanda etnik zəmində qarşıdurma baş verməyib. İnsanlar sərbəst şəkildə öz dini ayinlərini icra edir, adət-ənənələrinə uyğun həyat yaşayırlar".
Azərbaycan dövlətinin multikultural ənənələri daim yaşatdığını, ölkədə tolerant mühitin hökm sürdüyünü deyən E.Həsənli qeyd edib ki, paytaxt Bakı dəfələrlə sivilizasiyalararası forum, siyasi, iqtisadi, humanitar, idman, mədəniyyət tərbirlərinə uğurla ev sahibliyi edib: "Ölkəmizin paytaxtı unikal dialoq mərkəzinə, beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu məkana çevrilib. Bunun nəticəsidir ki, artıq üçüncü dəfədir NATO-Rusiya generalları arasında görüşün Bakıda keçirilməsinə qərar verilib. Bu, dünya birliyinin, beynəlxalq ictimaiyyətin dövlətimizə etibar və etimadının bariz sübutudur. Belə bir halda ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına daxil etməsi yalnız ikili standartlardan xəbər verir".
Azərbaycanın qazandığı uğurların, dünyada müstəqil siyasət yürütməsinin bəzi dövlətləri narahat etdiyini, qıcıqlandırdığını deyən ekspert hesab edir ki, dünya gücləri o qədər də böyük olmayan dövlətləri tabe etmək, öz maraqları çərçivəsində siyasət yürütməyə vadar etməyə çalışır: "Azərbaycan dövləti isə müstəqil siyasət xəttinə sadiq qalaraq digər dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraqlara hesablanan əməkdaşlıq əlaqələri qurur. Bu münasibətlər heç bir halda üçüncü dövlətin əleyhinə yönəlmir. Əksinə, Azərbaycan dəfələrlə müəyyən dövlətlər arasında münasibətlərin gərgin olduğu vaxt barışdırıcı qüvvə kimi çıxış edərək, problemlərin aradan qalxmasına nail olub".
Hazırkı dövrdə Avropa dövlətləri, eləcə də ABŞ-da tez-tez terror hadisələrinin baş verdiyini xatırladan E.Həsənlinin sözlərinə görə, nə dini, nə də irqi zəmində Azərbaycanda bu cür hallar baş vermir: "Ancaq biz Amerikada az qala hər gün ksenefobiya, islamofobiya zəminində cinayət hadisələrinin baş verdiyini görür, eşidirik. Böyük dövlətlər bu cür halların qarşısını almaq əvəzinə Azərbaycanı qeyri-obyektiv məlumatlar əsasında müəyyən məsələlərdə ittiham edir".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, ABŞ Dövlət Departamentinin belə yanaşması antiazərbaycan qüvvə və mərkəzlərin verdikləri yanlış və qərəzli məlumatlardan doğur, başdan-başa yanlışdır, Azərbaycan gerçəkliyini qətiyyən doğru əks etdirmir: "Azərbaycan təhlükəsiz yaşayış üçün ABŞ-ın özündən də etibarlı ölkədir. Günün günorta çağı parklardan keçməyin, metroya girməyin, axşam saat 20.00-dan sonra küçəyə çıxmağın təhlükəli olduğu, terror aktlarının tez-tez baş verdiyi bir ölkənin rəsmi qurumunun belə bir qənaətə gəlməsi təəccüb və təəssüf doğurur". M.Qasımlı hesab edir ki, Birləşmiş Ştatların bu yanlışlığı düzəltməsində fayda var.
Deputat Zahid Oruc isə qeyd edib ki, ABŞ və digər avroatlantik məkanına daxil olan dövlətlərin vətəndaşları üçün Azərbaycanda hər hansı təhlükə yoxdur. O, SİA-ya bildirib ki, bunun əksini qeyd etmək bir tərəfdən ABŞ-ın strateji maraqlarına, mənafelərinə ziyandır, digər tərəfdən o biri dövlətləri sanki Qərbin qarşısında üstün mövqeyə çıxarır: "Çünki gördüyünüz kimi, bu məsələ ilə bağlı dərhal regionun digər dövlətlərindən də açıqlamalar verilib. Misal üçün Rusiya vətəndaşları üçün Bakı və ya onun çevrəsi sülh və əmin-amanlıq şəraitində öz fəaliyyətlərini həyata keçirə bilir, turist səfərləri edirlər".
Deputatın sözlərinə görə, bu, çox yanlış informasiyalar əsasında formalaşan rəydir: "Burada əsas məsələ ABŞ-ın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı tam əhatəli məlumatları müəyyənləşdirməməsi və bu işə qeyri-ciddi yanaşmasıdır. Əgər biz dünyada terror təhlükəsizliyi amilinin hansı kriteriyalar əsasında müəyyənləşdirdiyini götürsək, o zaman burada əhalinin ümumi gəlirləri, cəmiyyətdə hər hansı böhran vəziyyəti və onun həlli yollarının axtarılması, dövlət-vətəndaş münasibətləri, etnik və milli kimliklər arasında əlaqələr, dinə münasibət, regional və digər problemlər əsasında hər hansı nəticəyə gəlinər. O nöqteyi-nəzərdən çıxış etdikdə tam əminliklə söyləmək mümkündür ki, bu gün Azərbaycan cəmiyyətində hər hansı fərqli məsələyə münasibətdə problemləri silah gücünə aydınlaşdırmaqla deyil, daha güzəştli mövqe hakimdir".
Z.Oruc söyləyib ki, hətta din məsələsində də ölkə içərisində hər hansı məkana çıxıb gedən, cihad müharibəsi aparmaq istəyən qüvvələrin yolu təhlükəsizlik orqanları tərəfindən kəsilir, kəşfiyyat strukturları bu məsələni daxili nəzarət altında saxlayır: "Yeganə olaraq regionda həyata keçirilən işğalçılıq siyasəti və bunun doğurduğu problemlər fonunda bölgədə risklər var. Lakin bunu Azərbaycan yaratmayıb. Əksinə, ABŞ doğurdan da işğalın terrora təsirini minimuma endirmək istəyirsə, bundan ötrü ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr kimi torpaqların işğaldan azad edilməsinə dəstək verməklə bölgədə ümumən hərbi vəziyyətin təhlükəsizliyə mənfi təsirini aradan qaldıra bilər".
Deputat onu da qeyd edib ki, Ermənistanın Azərbaycandan qeyd olunan şəraitə görə üstün tutulması ağılasığmazdır: "Necə ola bilər ki, Ermənistan Azərbaycandan qeyd olunan şəraitə görə üstün yerə qoyulsun? Bu, ağılasığmazdır. Bütün bu illər ərzində ABŞ-ın iqtisadi korporasiyaları, transmilli şirkətləri əsas yatırımlarını bizim ölkəyə yönəldiblər. Avropa dövlətləri də fəal iqtisadi tərəfdaş kimi bizimlə əlaqə qururlar. Belə olan halda, onlar milyardlarını qeyri-sabit ölkəyə qoyardılarmı? Əgər onlar vəsaitlərinə, eyni zamanda, insanları ilə bağlı hər hansı təhlükənin olduğunu hiss etsəydilər, o zaman Azərbaycanla iş görərdilərmi? Necə ki, Afrikanın ayrı-ayrı məkanlarında Avropa şirkətlərinin fəaliyyətini görmək mümkün deyil. Belə olan təqdirdə hesab edirəm ki, Azərbaycanı terror riskli ölkə yerinə qoymaq və bunu öz ölkə vətəndaşları üçün təhlükə siqnalı kimi qələmə vermək çox yanlışdır".
Z.Oruc hesab edir ki, Azərbaycanın diplomatik orqanları bu yöndə artıq fəaliyyətdədir: "Lazımi bütün məlumatlar istər səfirliyə, istərsə də ABŞ Dövlət Departamentinə təqdim olunacaq. Bununla, Azərbaycan regionda həqiqətən sülhyaradıcı dövlət kimi təkcə öz vətəndaşları üçün yox, həm də xarici ölkə vətəndaşları üçün yaradılan çox rahat şəraiti bir daha hər kəsə təqdim edə biləcək".
Ceyhun ABASOV