|
|
|
|
Məlum olduğu kimi, Bolqarıstanın baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycanda rəsmi səfərdə olub.
B.Borisov prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib. Danışıqlarda ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra prezident İlham Əliyevlə Bolqarıstanın baş naziri Boyko Borisov mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkə başçısı qeyd edib ki, Azərbaycanla Bolqarsıtan arasında əlaqələr çox uğurla inkişaf edir, siyasi sahədə fəal əməkdaşlıq mövcuddur. Prezident bildirib ki, danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı idi: "Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları var. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaq. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaq. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. "Şahdəniz-2" layihəsinin icrası 99 faizə çatıb. "Şahdəniz-2" Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulub. Bu layihənin icrası da 90 faizə çatıb. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq".
Bolqarıstanın baş naziri isə qeyd edib ki, Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: "Ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır".
Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Boyko Borisovun Azərbaycana səfərindən 6 gün əvvəl Boqlarıstan prezidenti Rumen Radev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng etmişdi: "Telefon söhbətində iki əsas mövzuya toxunuldu: Bakı-Sofiya hava reysinin açılması və "Cənub Qaz Dəhlizi" layihəsi. Söhbətin sonunda Bolqarıstan prezidenti azərbaycanlı həmkarını Sofiyaya rəsmi səfərə dəvət edib. Rumen Radevin prezident İlham Əliyevə zəngi Bolqarıstan baş nazirinin Bakıya səfərinin əhəmiyyətini artırıb. Çünki elə Bolqarıstanın baş naziri Boyko Borisov da Bakıda prezidentlərin telefonda danışdığı mövzuları geniş müzakirə edib. Bu səfər və Bolqarıstanla əlaqələrin inkişafı rəsmi Bakı üçün də vacibdir. Bolqarıstan 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edəcək. Ona görə də yeni ildə Azərbaycana ilk rəsmi səfərin Bolqarıstan baş nazirinin həyata keçirməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, iki dəvlətin rəsmiləri arasında səmimi münasibətlər formalaşıb. Bundan başqa, Bolqarıstanın baş naziri Bakıya 4 nazirini (energetika, nəqliyyat, iqtisadiyyat və kənd təsərrüfatı) gətirmişdi. Bunun özü rəsmi Sofiyanın Azərbaycanla münasibətlərdə hansı istiqamətlərə verdiyi önəmi göstərir".
Bolqarıstanla Azərbaycan arasındakı əməkdaşlığı genişləndirəcək əsas mövzular barədə danışan politoloq bildirib ki, birinci mövzu Azərbaycan qazının Bolqarıstana çatdırılmasıdır: "TANAP boru xəttinin tikintisi başa çatmaq üzrədir. TAP-ın da çəkilişi başlayıb. Yəni bir müddətdən sonra Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Rəsmi Sofiya istəyir ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında da iştirak etsin. Bunu Bolqarıstanın baş naziri Boyko Borisov Bakıda bir neçə dəfə səsləndirib. Məsələn, SOCAR Gürcüstanda və Albaniyada qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir. Bolqarıstan da bunu istəyir. İlham Əliyev artıq bununla bağlı SOCAR rəhbərliyinə göstəriş verib".
E.Şahinoğlu deyib ki, Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb: "Bolqarıstanda qış aylarında evlərdə odun və kömürdən istifadə edildiyindən hava çirklənir. Ona görə də Azərbaycan qazının Boqlarıstan sakinlərinə çatdırılması bu ölkədə ekoloji duruma da müsbət təsir edəcək. Bolqarıstan hər bir alıcı kimi sərfəli qiymətlərlə Azərbaycan qazını əldə etmək istəyir və qazın qiymətləri faktiki 2-3 il əvvəl razılaşdırılıb. Hər iki tərəf razılaşdırılan qiymətdən razıdır. Bu, Rusiyanın inhisarçı mövqedə olan "Qazprom" şirkətinin qiymətlərindən xeyli aşağıdır".
Mərkəz sədri hesab edir ki, Azərbaycan qazının Bolqarıstana ötürülməsinin geoiqtisadi və geosiyasi əhəmiyyəti də var: "Əgər Azərbaycan Bolqarıstana qaz ixrac etməkdən başqa bu ölkədə qazın paylaşdırılması çalışmalarında da iştirak etsə, bu, Azərbaycanın Balkan yarımadasındakı mövqeyini gücləndirəcək. Rusiyanın "Qazprom" şirkəti də bölgə ölkələrinə qaz satır. Ancaq SOCAR-ın "Qazprom" şirkətindən iki üstünlüyü var. SOCAR-ın "Qazprom"dan birinci üstünlüyü öz qazını daha ucuz qiymətə sataraq Balkan ölkələri arasında cəlbediciliyini artıracaq. SOCAR-ın "Qazprom"dan ikinci üstünlüyü qaz ixrac etdiyi ölkələrə investisiyalarını artırmasıdır. Balkan ölkələri hazırda "Qazprom"un qiymətlərindən razı deyillər və investisiyalarının az olmasından da narazıdırlar.
Gələn xəbərlərə görə, Ukrayna Azərbaycan qazını Bolqarıstan üzərindən alınmasına maraq göstərir. Bu, baş verərsə, Bolqarıstan Azərbaycan qazını paylaşdıran ölkəyə də çevrilə bilər. Digər tərəfdən, Bolqarıstan SOCAR-ın Türkiyədə tikintisini tamamlamaqda olan neftayrıma zavodunun məhsullarını da almağı planlaşdırır".
Politoloq bildirib ki, ikinci mövzu Bakı-Tbilisi-Qars dəmiryolunun Bolqarıstana qədər uzadılmasıdır: "Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaq. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Bolqarıstanın özündə dəmir yolları tikilir ki, əsas məqsədlərdən biri daha sonra Türkiyə üzərindən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşularaq yüklərin Avropanın digər ölkələrinə çatdırılmasında iştirak etməkdir".
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan-Bolqarıstan danışıqlarında üçüncü mövzu Bakı-Sofiya marşrutu üzrə təyyarə uçuşlarının həyata keçirilməsidir: "Bolqarıstan və Azərbaycan baş nazirləri təyyarə reysinin açılması mərasimində iştirak ediblər. Təyyarə reyslərini Azərbaycanın "Buta Airveys" şirkəti icra edəcək. Birbaşa reysin açılması iki ölkə vətəndaşları arasında əlaqələrin və qarşılıqlı turizmin inkişafına təkan verməlidir. Təyyarə biletinin qiyməti də münasibdir, cəmi 29 avro. Ancaq bu hava reysinin daimi olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir. Birinci şərt Bolqarıstana giriş üçün vizaların sadələşdirilməsidir. Əgər Bolqarıstan hökuməti Bakı ilə hava xəttinin daima işlək vəziyyətdə qalmasını istəyirsə, Azərbaycan vətəndaşlarına sadələşdirilmiş viza tətbiq etməlidir. Məsələn, Azərbaycan vətəndaşlarının Macarıstana sadələşdirilmiş viza ilə səyahət etmək imkanları var. İkinci şərt Bolqarıstanın turizm məkanlarının Azərbaycanda, Azərbaycanın turizm məkanlarının isə Bolqarıstanda tanıtdırılmasına ehtiyac var. Məsələn, Azərbaycan vətəndaşları Şərqi Avropa ölkələrindən daha çox Macarıstana və Çexiyaya səfər edirlər. Çünki bu, həm ucuz, həm də yaxşı reklam olunmuş istiqamətlərdir".
Mərkəz sədri qeyd edib ki, danışıqlarda dördüncü mövzu iki ölkə arasında iqtisadi əlaqələrin inkişafıdır: "Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatının ixracı həyata keçirilir. Ancaq ticarət mübadiləsi kiçikdir. Rəsmi Sofiyanın da fikri belədir ki, Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutacağı halda iqtisadiyyatın digər sahələrində əməkdaşlıq canlanacaq".
Boyko Borisov ilə İlham Əliyevin görüşündə beşinci mövzunun da olduğunu deyən E.Şahinoğlunun fikrincə, Bolqarıstan Avropa İttifaqında Azərbaycanın dəstəkçisinə çevrilə bilər: "Məsələn, Bolqarıstan prezidenti və baş naziri avropalı rəsmilərlə danışıqlarında Brüsselin Azərbaycana qarşı siyasətinin dəyişdirilməsini və vizanın yumşaldılmasını xahiş edirlər. Bolqarıstanın Avropa İttifaqına sədr olacağı 6 ayda bu istiqamətdə səylərini daha da artıracağını proqnozlaşdırmaq mümkündür. Rəsmi Bakı da Brüssellə danışıqları intensivləşdirərək Avropa İttifaqı ilə strateji sazişi Bolqarıstanın sədr olduğu müddətdə imzalayarsa, bu da Azərbaycanın xeyrinə ola bilər".
Ceyhun ABASOV