|
|
|
|
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 22-də İsveçrənin Davos şəhərinə etdiyi səfər olduqca səmərəli görüşlərin keçirilməsi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, iki və çoxtərəfli əlaqələrin inkişafı istiqamətində danışıqların aparılması ilə yadda qalmaqdadır.
Ölkə başçısı səfər çərçivəsində Dünya İqtisadi Forumunun prezidenti Börge Brend, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih, İsrailin baş naziri Benyamin Netanyahu, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi təkbətək görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Həmçinin, prezident İlham Əliyev dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın "Black Rock" şirkətinin təsisçisi Lourens Fink, Rusiyanın "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov, "Chevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer, "Royal Phillips" şirkətinin baş icraçı direktoru Frans van Houten və digər xarici şirkətlərin rəhbər şəxsləri ilə danışıqlar aparıb, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi irimiqyaslı layihələr barədə məlumat verib, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Yanvarın 23-də isə Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" adlı interaktiv iclası keçirilib. Tədbirdə iştirak edən dövlət başçısı Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı ona ünvanlanan sualları cavablandırıb. Əvvəlcə ölkəmizin region dövlətləri ilə münasibətlərindən danışan İlham Əliyev qeyd edib ki, Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil: "Biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir. Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik - cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olub və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan verir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil".
Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, neft və qazdan asılılığının azaldılması istiqamətində aparılan siyasətdən danışan prezident bildirib ki, dövlətin əsas məqsədlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir: "Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin aşağı düşən zaman bildirdim ki, bizim üçün postneft dövrü başlayıb və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artıb. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur".
Həmçinin, tədbirdə çıxışı zamanı Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri barədə məlumat verən ölkə başçısı bildirib ki, reallaşdırılan neft-qaz layihələri regionun enerji xəritəsini dəyişib: "Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirib. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirib. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən, Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - "Cənub Qaz Dəhlizi" layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər. Eyni sözləri bizim nəqliyyat layihələrimiz haqqında da söyləyə bilərəm. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirib. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilib. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var. Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəklər. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq".
Toplantıda əsas diqqətçəkən məqam ölkə başçısına Azərbaycanda siyasi fəallıq, insan hüquqları və mətbuat azadlığı ilə bağlı vəziyyət barədə verilən sual idi. Müəyyən maraqlara xidmət edən təşkilatlar tərəfindən hazırlanan və qeyri-obyektiv statistikaya istinadla verilən suala olduqca geniş və dəqiq izahla cavab verən prezident vurğulayıb ki, ölkədə bütün fundamental azadlıqlar, o cümlədən, mətbuat azadlığı təmin edilir: "Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır".
Vaxtaşırı olaraq ölkəmizə qarşı insan hüquqları, mətbuat azadlığı istiqamətində həyata keçirilən hücumlara toxunan İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir: "Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər. Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil".
Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, hazırda bütün dünyanın diqqəti Davosa yönəlib: "Artıq 48-ci dəfədir ki, keçirilən Davos İqtisadi Forumunda bir çox mühüm məsələlər müzakirə edilir. Ümumiyyətlə, bu forum ölkəmiz üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan da bu beynəlxalq tədbirdə təmsil olunur, prezidentimiz forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparılır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir. Davos Forumu çərçivəsində prezident İlham Əliyevin "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı" adlı sessiyada iştirakını, "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirləri xüsusi olaraq vurğulamaq lazımdır. Hesab edirəm ki, forum bizim üçün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha doğru şəkildə çatdırılması baxımından böyük önəm daşıyır".
V.Rəhimzadənin sözlərinə görə, ölkəmiz uzun illərdir ki, Davos İqtisadi Forumu ilə uğurla əməkdaşlıq edir: "Bu əməkdaşlıq bir sıra sahələri əhatə edir. Azərbaycan həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində regionda və dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Bununla yanaşı, ölkəmiz öz iqtisadi inkişafını təmin etməklə yanaşı, regional və qlobal inkişafa da dəstək verir. Bu reallığı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr də təsdiq edir. Qeyd etdiklərimizin məntiqi nəticəsi olaraq Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Sözsüz ki, bu amil bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır".
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hazırda Azərbaycanın müstəqil siyasət yürütməsi bir sıra dairələrdə qısqanclıq yaradır: "Sözsüz ki, Qərbdə bir sıra qüvvələr ölkəmizin artan nüfuzuna, uğurlu xarici siyasət kursuna mane olmağa cəhdlər göstərir, əsası olmayan dezinformasiyalar yayırlar. Lakin bütün bunlar reallıqlara söykənmir, qərəzli və qeyri-obyektiv xarakter daşıyır. Davosda Dünya İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" adlı interaktiv iclasında aparıcının suallarını cavablandıran prezident İlham Əliyev bu cür dairələrin əsassız iddialarını ifşa edib. Ölkəmizin başçısı bildirib ki, Azərbaycanda bütün fundamental azadlıqlar, mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır".
Baş redaktor bu cür qərəzli yanaşmaları siyasi motivlərlə əlaqələndirib: "Əgər sənin ölkənin milli maraqları bəzi dairələrin maraqları ilə toqquşursa, o zaman haqsız tənqidlərə, təzyiqlərə məruz qalırsan. Guya Azərbaycanda söz azadlığı, fikir sərbəstliyi yoxdur. Bunların hamısı cəfəngiyyatdır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirir. Azərbaycanda söz və mətbuat azadlığının olmaması barədə uydurmalar Qərbdəki müəyyən siyasi qrupların fəaliyyətinin məhsuludur. Hesab edirəm ki, ölkəmizin başçısının dərin məzmunlu, faktlara əsaslanan bu fikirləri Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab olub". Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən interaktiv iclasda iştirakı zamanı Azərbaycanda azadlıqlar və mətbuat azadlığı ilə bağlı verilən suala çox geniş və arqumentli şəkildə cavab verib. O "Trend"ə bildirib ki, verilən sual guya Azərbaycanda bu sahədə müəyyən problemlərin olmasını özündə ifadə edirdi: "Prezident İlham Əliyev konkret faktlara və arqumentlərə söykənərək izah edib ki, Azərbaycanda insan hüquq və azadlıqları çox yüksək səviyyədə qorunur və təmin olunur. Prezident çox haqlı olaraq söyləyib ki, bir ölkədə ümumiyyətlə, senzura yoxdursa, əhalinin 80 faizi internetdən istifadə edirsə, hətta kəndlərə genişzolaqlı internetin çəkilməsi prosesi reallaşdırılırsa, bu sahədə hansı problemlərdən söhbət gedə bilər?"
Deputat vurğulayıb ki, prezidentin qeyd etdiyi kimi, müəyyən siyasi dairələr Azərbaycana qarşı qərəzli mövqedə dayanırlar: "Bunun səbəbi Azərbaycanın kifayət qədər müstəqil siyasət həyata keçirməsidir. Azərbaycanın müstəqil siyasəti həmin dairələri qane etmir. Onlar Azərbaycanı müxtəlif avantüralara sürükləmək istəyirlər, ancaq bu, heç bir nəticə vermir. Çünki Azərbaycan öz milli maraqlarına uyğun gəlməyən belə proseslərə qatılmır. Bizim üçün hər şeydən öncə Azərbaycan dövlətinin və xalqının milli maraqları dayanır və ölkəmiz bu maraqların ziddinə olan heç bir prosesə qoşulmur və bundan sonra da qoşulmayacaq. Azərbaycanın bu müstəqil siyasəti müəyyən siyasi dairələri narahat edir və müxtəlif beynəlxalq QHT-lərdən istifadə etməklə ölkəmizlə bağlı həqiqətə zidd olan belə informasiyaları yaymaq istəyirlər. Təbii ki, bunlar heç bir nəticə vermir, çünki xalqımız çox gözəl bilir ki, Azərbaycanda atılan bütün addımlar ilk növbədə milli maraqlara söykənir və milli maraqlar hər şeyin fövqündə dayanır".
E.Nəsirovun sözlərinə görə, həmin dairələr istəyirlər ki, Azərbaycanı öz orbitlərinə daxil etsinlər, bizimlə diktə dilində danışsınlar, bizi müxtəlif avantüralara cəlb edib ölkəmizdəki bu sabitliyi, təhlükəsizlik mühitini pozsunlar, inkişafın qarşısını alsınlar: "Bu isə mümkün deyil və prezident bütün bu məqamları çox geniş və arqumentli şəkildə qarşı tərəfin diqqətinə çatdırıb".
Ceyhun ABASOV