|
|
|
|
Bugünlərdə III Gənc Ədiblər Məktəbi ilə vidalaşdıq. Bu məktəblə ilk dəfə 2010-cu ildə tanış olmuşdum. Elə bilirdim ki, həmin gün Yazıçılar Birliyinə də üzv olacam.
Yəni yazıçı olmaq asan görünürdü mənə. Bir yığın mənasız qəzetlərdə dərc olunmuş banal şeirlərimi qoltuğuma vurub sinif yoldaşımla getmişdik Milli Kitabxanaya. Bir dəstə gənc vardı otaqda. Çoxusu cəsarətlə yeni üslubda yazılan poeziyadan nümunələrini əzilmiş dəftərlərindən, ya qəzet parçalarından oxuyurdu. Onda hələ də qələmlə yazırdılar. Elə mən də.
Necə də nostalji bir mənzərə idi. Mürəkkəb və dəftər qoxusu hələ də burnumdadı. Mən həmin gün şeirlərimdən utanmışdım. Nə ayağa qalxıb özümü təqdim etmiş, nə də şeirlərimi oxumşdum. Həmin illərdə GƏM-in koordinatoru Zərdüşt Şəfizadə idi. Nə bilərdim ki, ilk dəfə gördüyüm bu qara eynəkli adamı son dəfə görürəm. Mövludu da bircə dəfə görmüşdüm. Yaradıcılıq fakultəsinə qonaq gəlmişdi. İlk dəfə gördüyüm adamlar sonuncu adamlara çevrilib qeyb olurdular.
Bir çox görkəmli yazıçı öz şeirlərini, romanlarını yandırıb. Hətta biri qayçı ilə vərəqin ayağından və başından kəsib ortasını dərc etdirib. Mən bu yazıçılardan fərqli olaraq həmin gün evə qayıdanda utandığım şeirlərimi kranı açaraq soyuq suyun altında məhv etmişdim. Sonra uzun müddət Gənc Ədiblər Məktəbinə getmədim. Çünki istedadsız olduğumun fərqinə varmışdım. Universitetə hazırlaşırdım. Fikrimi dərslərimə yönəltsəm də, müasir ədəbiyyatı vaxt tapdıqca hər gün bir saat da olsa araşdırır, yeni çıxan kitabları alıb oxuyur, çağdaş yazarlarımızı internetdən araşdırırdım. İçimdə daim yazmaq mexanizmi işə düşürdü. Mən şeir yazmağın daşını atmışdım. Yaza bilmədiyimin fərqində idim. Ona görə də haçansa prozaya keçid alacağımı, hətta roman yazacağımı beynimə qoymuşdum.
Mədəni Maarifdə ssenari sənəti ixtisası üzrə təhsil alırdım. Sonuncu il şair Nazim Əhmədli yazma qabiliyyəti olan gəncləri bir araya toplamışdı. Mən də onların içində idim. Adlarımızı qeyd edib nömrələrimizi götürmüşdü ki, 2-ci GƏM-ə üzv olaq. Təkcə Mədəni Maarifdən deyil bir çox təhsil müəssəsinə müraciət etmişdilər. Mən Mədəni Maarifin nəzdində ictimayi birliyin qəzetində yenə mənasız köşə yazıları yazırdım. Qəzetdən xeyli götürüb qohumlarıma da paylamışdım. Yəqin təzə-təzə dərc olunan çox gənc bunu edib. İndi bu hərəkətlərimə görə ədəbiyyat naminə utanıram, açığı. Qısacası, mən yenə qoltuğuma bu dəfə şeirlər yox mənasız köşə yazılarımı vurub gəlmişdim. Özü də bu dəfə GƏM Yazıçılar Birliyinin Natəvan klubunda olacaqdı. Mən bu binaya ilk dəfə girəcəkdim. Həmişə Milli Kitabxanaya gedəndə Yazıçılar Birliyinin binasına əlçatmaz zirvə kimi baxır, içəri keçməyə qorxurdum. Məni qorxudan isə mənasız yazılarım idi. Amma bilirdim ki, bir gün yaxşı yazı yazacam. Hələ də buna inanıram. Bu dəfəki koordinator Emin Piri idi. O, bizim ad-soyadımızı, əlaqə nömrəmizi götürdü. Yazıçılar Birliyinin binasında özümü qarışqa boyda kiçik hiss edirdim. Dəbdəbəli divarlar, stollar, böyük çılçıraq məni əməlli-başlı əzirdi. Divardakı klassiklərin fotoları mənə sanki hirsli-hirsli, bir qaşı yuxarı qaldırılmış formada baxırdı ki, sənin burda nə işin var...
Nazim Əhmədli məni Rəşad Məcidlə tanış etdi. O soruşanda ki, nə yazırsan, mən ixtisasımı dedim, ardınca əlavə etdim ki, şeir, hekayə, roman, köşə yazıları... Halbuki bunların hamısını daha çox beynimdə yazırdım. Mən 2-ci GƏM-ə çox az getdim. Bura az sayda gənc gəlirdi. GƏM-lə yanaşı BSU-da keçirilən “Yaradıcılıq fakultəsi”nə də qatılmışdım. 2-ci GƏM-də bir dəfə şeir səsləndirdim. Çox adam irad bildirdi. Emin Piri müsbət və mənfi cəhətlərini göstərdi şeirimin. Mən çox utanmışdım. Həmişə yazılarımı kiməsə oxumağa çəkinmişəm. Yaxşı yazı olsa belə. O gündən sonra “Gənc Ədiblər”ə getmədim. Daha da yaxşı yazmalı idim. Həm də bilirdim ki, heç bir məktəb yazıçı yetişdirmir. Nə AYB, nə də Yaradıcılıq fakultəsi. İstedadlı ola bilərsən, amma o istedadı daim inkişaf etdirməli, oxumalısan. Yaradıcılıq fakultəsinə də, Gənc Ədiblər Məktəbinə də xeyli gənc, hətta orta yaşda yazanlar qoşulmuşdu. Onların içində mən də vardım. Amma hamımız yazıçı ola bilmərik. Bu ali adı daşımaq mənə bəzən ağır gəlsə də, bu yükün altına girmək və mübarizə aparmaq istəyirəm. Bizim bəzimiz yaxşı oxucu olacağıq, bəzimiz şair, bəzimiz yazıçı...
3-cü Gənc Ədiblər Məktəbinə isə davamlı gəlməyə başladım. Artıq yazılarımdan utanmırdım. Çünki o yazıları başımın içindəki qız yazırdı. Bəzi yazılarımı isə yuxumda yazırdım. Müəllimlərim tərəfindən bəyənildikcə yazılarıma qarşı bir inam yaranırdı. Bir dəfə Qulu Ağsəslə olan görüşümüzdə o, bizim yazılarımızı dərc etmiş, hətta xeyli qonorar da yazmışdı adımıza. İlk qonorarımı alanda özümü Knut Hamsun kimi yox, elə azacıq yazıçı kimi hiss eləmişdim. Artıq AYB-nin binasına girməyə qorxmur, görüşlərə maraqla qatılırdım. AYB mənə daim ciddi yer kimi görünüb. Mənfisini –müsbətini bir kənara qoyuram, zatən şəhərimizdə yazıçıların çox az sayda rəsmi mərkəzi, birliyi var. Hətta bir dəfə binaya girib divardakı klassik yazıçılarımıza “salam, dostum” da demişdim. Onlar da mənə divardan baxıb gülümsəmişdi.
Ayda bir dəfə yazarlarla görüşür, onların yaradıcılıq yollarını necə keçib gəldiyini öz dillərindən eşidir, yazmaqla bağlı yeni manevrlər öyrənirdik. Suallarımıza cavab tapırdıq. Onların çoxu danışırdı ki, öz dövrlərində çap olunmaq asan məsələ deyil. İndi Yazıçılar Birliyi orta səviyyədə yazan birinə də şans verir. Bu şans ilk vaxtlar məni sevindirmirdi. Çünki yaxşı yaza bilməyən mən imkan yaradıldığını görüb daha da yazmaq istəyirdim.
Yadda qalan görüşlərdən biri də Tərcüməçi Kamran Nəzirli ilə olmuşdu. Bəzən oxuduğumuz ən məşhur romanların, hekayələrin nə redaktoru, nə də tərcüməçisi ilə maraqlanırıq.
Heç eşitmisinizmi, hansısa roman tərcümə edən, yaxud redaktor məşhur olsun... Kamran Nəzirlini Gənc Ədiblər Məktəbində tanımışdım. Amma o, özünü Cek Londonun əsərlərinin tərcüməsilə ilə tanıtmışdı, sadəcə, biz görməmişdik. Mən onu tanımadığıma görə utanmışdım. Hətta onun hekayələr, roman yazdığını da öyrəndim.
Kamran Nəzirli ilə olan görüş fərqli və rəngarəng keçmişdi. Çoxumuz şok olmuşduq. Çünki o, bizim yaradıcılığımız ilə tanış idi. Bizləri araşdırmış, sonra fərqli tanışlıq üsulu ilə bizə vərəqlər paylayıb haqqımızda məlumat öyrənmişdi.
GƏM-in rəhbərliyi hətta gənclərin istəyini nəzərə alaraq bizim istədiyimiz yazıçıları da qonaq çağırırdı.
Bu unudulmaz qonaqlardan biri Saday Budaqlı idi. Rəşad Məcid mənim bu istəyimi nəzərə alanda quş kimi qanad açıb uçmuşdum. Sevdiyim yazıçını canlı görəcək, onun səsini eşidəcəkdim.
Amma bətnimdə yer kürəsi boyda yumru daşıyırdım. Tərslikdən qızım öz vətənini payızda tərk edib bizim yaşadığımız dünyaya gəldi. Həmin ərəfədə mən Saday Budaqlı ilə görüşə gedə bilmədim. İçim içimi yeyirdi. Zamanı geri döndərmək istəyirdim.
Biz nə vaxtsa özümüzü təsdiq etsək, həmin yazıçılar kimi Gənc Ədiblər Məktəbində qonaq qismində əyləşəcəyik. Köşə yazmağı o qədər də yaxşı bacarmıram. Yəqin ki, xeyli çərənləmişəm, üzrlü sayın... Xoşca qalın!
Dəniz PƏNAHOVA