|
|
|
|
“Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi, ümumiyyətlə, ölkəyə gətirilən və ölkədə istehsal olunan qida məhsullarının keyfiyyətinin artırılması, daha da yaxşılaşdırılması üçün istər “Fitosanitar nəzarəti haqqında”, istərsə də “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər edilməsi vacibdir”.
Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında adıçəkilən komitənin sədri, professor Eldar İbrahimov deyib.
Bu yerdə qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlara dəyişikliklər məsələsi komitənin müzakirəsinə təqdim edilib.
Komitə sədri çıxışına davam edərək, qeyd edib ki, qida məhsullarının keyfiyyətli olması, qida təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ən prioritet məsələlərdəndir: “Çünki bu məsələlər hər birimizin marağı dairəsindədir, hər birimizi maraqlandırır. Odur ki, müvafiq qanunlarımız da bu məsələlərin daha yüksək səviyyədə tənzimlənməsi üçün daim yenilənməli, təkmilləşdirilməlidir. Lazım gələrsə, hətta, bu istiqamətdə yeni qanunlar qəbul edilməlidir. Həmçinin, Avropanın, qabaqcıl ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmalı və yararlanmalıdır”. Komitə sədri bu istiqamətdə qida təhlükəsizliyi ilə bağlı Dövlət Agentliyinin yaradılmasının çox müsbət və əhəmiyyətli hadisə olduğunu da sözlərinə əlavə edib.
Adıçəkilən komitənin üzvü Novruz Aslanov qida təhlükəsizliyi məsələsinin milli təhlükəsizlik məsələsi olduğunu bildirib: “Bu, çox önəmli və cavib məsələdir. Çünki dünyada, ətrafımızda müharibələr, qanlı qarşıdurmlar gedir. Bu zaman isə qida təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdən biri kimi qarşıya çıxır, yəni milli təhlükəsizlik məsələsi kimi qarşımızda dayanır. Ona görə də qida təhlükəsizliyinin təmin edilməsi, bununla bağlı müvafiq qurumun yaradılması və bu yöndə mövcud qanunvericiliyə dəyişikliklər olunması çox vacibdir, çox əhəmiyyətlidir”.
Millət vəkili Hüseynbala Mirələmov da qida təhlükəsizliyini taleyüklü məsələ adlandırıb və yeni yaradılan Agentliyə, onun rəhbərliyinə uğurlar arzulayıb.
Yenidən fikirlərini komitə üzvləri ilə bölüşən E. İbrahimov bu gün dünyanın bir çox yerlərində, o cümlədən, Afrikada milyonlarla insanın qida qıtlığından, aclıqdan əziyyət çəkdiyini xatırladıb: “Bu gün təkcə Afrikada 960 milyon insan aclıqdan əziyyət çəkir, onlar demək olar ki, ən adi qida məhsullarından belə məhrumdurlar. Azərbaycanda isə qida məhsulları ilə bağlı heç bir problem yoxdur. Ancaq bununla belə, qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi məsələsi ortadadır. Bu məsələyə elə-belə baxmaq, yanaşmaq olmar. Bu, həm də genefondumuzla, milli təhlükəsizliyimlə birbaşa bağlı olan məsələdir. Ona görə də bu məsələni daim diqqətdə saxlamaq, qanunvericiliyi dövrün tələblərinə uyğunlaşdırmaq lazımdır”.
Qeyd edək ki, “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklərə əsasən yeyinti məhsullarının ixracı zamanı əlavə olaraq, idxal ölkəsində qüvvədə olan qida təhlükəsizliyi sahısində müvafiq normativ hüquqi aktların tələbləri tətbiqi ediləcək. Yəni qanuna təklif edilən digər dəyişikliyə görə, qida təhlükısizliyi sahəsində müvafiq texniki-normativ hüquqi aktlarla müəyyən olunmuş təhlükəsizlik və minimum keyfiyyət tələblərinə cavab verməyən, üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən, mənşəyi məlum olmayan, saxtalaşıdırılmış, üzərində saxlanma müddəti göstərilməyən və ya saxlanma müddəti ötmüş, markalanmasına olan məcburi tələblərə cavab verməyən məhsullar insan istehlakı üçün istifadəyə yarasız qida məhsulları hesab olunur. Qanuna təklif edilən digər dəyişikliyə görə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr inzibati və məhkəməyə qaydasında həll ediləcək. Hazırda bu mübahisələr yalnız məhkəməyə qaydası ilə həll edilir.
Müzakirələrdən sonra adları çəkilən qanunlara dəyişikliklər plenar iclasa tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU