Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərini davam etdirir.
Vətəndaşların səsvermə günü sərbəst şəkildə öz namizədlərinə səs verə bilməsi üçün ölkə üzrə yaradılan 125 seçki dairəsinin hər bir məntəqəsində seçici siyahıları hazırlanıb, dəqiqləşdirilmələr aparılıb. Seçki günü qeydiyyatda olduğu ərazi üzrə yaradılan seçki məntəqəsində səsvermə imkanında olmayan vətəndaşlar isə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi əldə edə bilirlər. Eyni zamanda, məntəqə seçki komissiyası səhhətinə görə səsvermə məntəqəsinə gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaradır. Bu məqsədlə hər seçki məntəqəsində bir daşınan seçki qutusu təşkil olunur.
Seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunur. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.
Məntəqədən kənarda səsvermə vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etmə qaydalarına uyğun keçirilir.
Unutmayaq ki, seçkidə iştirak etmək və konstitusion hüquqlarımızdan istifadə etmək çox vacibdir.