|
|
|
|
"Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Xalqımız üçün uğurlu-xeyirli olsun!"
Bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
"Prezidentin proqram xarakterli çıxışından gəldiyim nəticə budur ki, Qarabağ münaqişəsinin həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq".
Millət vəkilinin sözlərinə görə, yəni torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək: "Bununla yanaşı, prezidentin Ermənistanın özünün belə azərbaycanlıarın torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür. O, ötən əsrin 90-cı illərində işğal olunan Azərbaycan torpaqlarının son qarışınadək qaytarılımasını real saydığı və buna çalışdığı kimi, indi Ermənistan adlanan yurd-yerlərimizdən qovulan azərbaycanlıların ora qayıtmalarını da real sayır, onun üçün də nə lazımdırsa edir və edəcək.
İkinci gəldiyim nəticə budur ki, ölkədə - iqtisadiyyatda, sosial sahədə, özəlliklə də idarəetmədə islahatların dərinləşdirilməsi sistemli xarakter alır və bununla bağlı yaxın gələcəkdə biz xeyli yeniliklər görəcəyik. Bu yerdə, cənab İlham Əliyevin prezidentliyə digər namizədlərin səsləndirdikləri haqlı tənqidlər və verdikləri önəmli təkliflərin də nəzərə alınacağını bildirməsi, məncə, az şey demir..."
Millət vəkili diqqətçəkən məqamlardan biri kimi də bütün sahələrlə bağlı konkret proqram və planların olmasını vurğulayıb: "Bütün bu plan və proqramlar da onun üçün tərtib edilib ki, Azərbaycan Prezidentimizin özünün də dediyi kimi, daha da qüdrətlənsin. Torpaqları işğaldan tam azad olsun. Bütün azərbaycanlılar, o sıradan indi Ermənistan adlanan yerdən gələnlər də ev-eşiklərinə dönsünlər. Kimsə bunu real saymaya bilər. Amma istəyirəm biz 15 il bundan öncəyə qayıdaq, o zamankı vəziyyəti xatırlayaq. Birinci elə cənab İlham Əliyevin özündən başlayaq. Hətta bəzi çox tanınmış əcnəbi ekspertlər belə proqnoz verirdilər ki, prezidentliyi 2-3 il çəkə, ya çəkməyə". Millət vəkilinin dediyinə görə, bu proqnozlara baxmayaraq, İ. Əliyev artıq neçə ildir dövlətimizi inamla və ləyaqətlə idarə edir.
"Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində iştirak etdik. Cənab Prezidentimizi bir daha təbrik edirik, ona qarşıdakı 7 il ərzində hər zaman böyük uğurlar diləyirik. Cənab Prezident əldə edilmiş uğurlar, ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı geniş çıxış etdi". Bunu isə millət vəkili Qənirə Paşayeva qeyd edib. Q. Paşayeva qeyd edib ki, ölkə prezidenti çıxışında Azərbaycanın dostlarına və düşmənlərinə də ciddi mesajlar verib: "Cənab Prezident çıxışında özəlliklə işğal altında olan ərazilərimizin Azərbaycanın ən əsas məsələsi olduğunu vurğuladı. Çıxışda işğalçı Ermənistana, arxasında dayanan güclərə ciddi xəbərdarlıq mesajları vardı. Cənab prezident işğalçı Ermənistanın tarixi Azərbaycan torpaqlarında bəzi güclər tərəfindən yaradılması məsələsinə də xüsusi toxunaraq, bu gerçəkliklərin dünyaya daha da geniş duyurulacağını bəyan etdi..."
Digər millət vəkili Sona Əliyeva da İ.Əliyevi parlamentdəki andiçmə mərasimindən sonra növbəti - 7 il müddətinə prezidentlik fəaliyyətinə başlaması münasibəti ilə təbrik edib, dövlət başçısına Azərbaycan naminə bundan sonrakı fəaliyyətində və addımlarında da yeni uğurlar, zəfərlər arzulayıb: "Ölkə Prezidenti cənab İlham Əliyev bu gün uzun illər yaddaşlarda qalacaq, unudulmayacaq proqram xarakterli geniş nitq söylədi, ciddi mesajlar səsləndirdi. Ölkəmizlə, xalqımızla, gələcək inkişafımızla, dünyamızla bağlı elə bir məsələ olmadı, elə bir məqam qalmadı ki, çıxışında ona toxunmasın, ona münasibət bildirməsin. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox dərin məzmunlu fikirlər bəyan etdi, yeni yanaşma ortaya qoydu. İlham Əliyevin nitqini dinlədikcə, bir daha prezidentimizlə, ona etimad göstərən, mandat verən xalqımızla, müdrik və qədirbilən Azərbaycan vətəndaşları ilə qürur duydum, fəxr etdim. Fəxr etdim və edirəm ki, belə bir xalqın övladıyım, belə bir müdrik rəhbərin, liderin prezidentlik etdiyi ölkənin vətəndaşıyam. İlham Əliyev bizim hər birimizin fəxridir, qürurumuzdur, iftixar mənbəyimizdir. Allah onu da, ailəsini də, Azərbaycanımızı da qorusun! İnanıram və qəti əminəm ki, onun liderliyi ilə hələ çox qələbələrə, zəfərlərə imza atılacaq. Azərbaycanımızın İlham Əliyevin liderliyi, rəhbərliyi altında böyük qələbələri, zəfərləri hələ qabaqdadır. Buna kimsənin şübhəsi olmasın".
Kamil HƏMZƏOĞLU