|
|
|
|
Ermənistanda geniş xalq kütlələrinin etirazlarına baxmayaraq, Serj Sarkisyan baş nazir postunu ələ keçirməyə müvəffəq olub. Bununla da düşmən ölkə parlament idarə-üsullu respublikaya çevrilib. Lakin əhali sabiq prezidentin konstitusiya dəyişikliklərinə gedərək hakimiyyəti öz əlində saxlamaq üçün həyata keçirdiyi "şaxmat gedişlərini" ona bağışlamaq fikrində deyil.
Bütün dünyanın diqqət mərkəzində olan Ermənistandakı etiraz dalğasını zor gücü ilə yatırtmağa çalışan Sarkisyan əksinə, daha böyük müqavimətlə üzləşir. İşğalçı ölkə parlamentinin "Yelk" fraksiyasının lideri, müxalif deputat Nikol Paşinyan "məxməri inqilab"ın başlandığını elan edib. Artıq 6 gündür Ermənistanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilir. Onlar Serj Sarkisyanın baş nazir seçilməsinin əleyhinədirlər.
İrəvanın Fransa meydana minlərlə insanın toplaşdığı aksiyada N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir. Artıq bir çox dövlət müəssisəsinin işinə maneələr yarada biliblər. 10-15 nəfərlik qruplar şəklində fəaliyyətə keçən etirazçılar bununla hazırkı cinayətkar rejimi devirməyi qarşılarına məqsəd qoyublar. Ermənistan polisi isə narazı vətəndaşların qarşısını almaq üçün səfərbər olunub, kütləvi həbslərə start verilib. Artıq 60-dan çox etirazçı həbs olunub. N.Paşinyan da daxil olmaqla xeyli sayda insan ağır xəsarətlər alıb. Lakin polis hələ də müqaviməti zor gücü ilə dayandırmaqda israrlıdır.
BBC yazır ki, hüquq mühafizə orqanlarının işçiləri Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu blokadaya alan etirazçıların parlamentə daxil olmasının qarşısını ala biliblər. Sarkisyan əleyhdarları Gümrü, Vanazorda da plan üzrə hərəkət edərək dövlət obyektlərinin fəaliyyətini iflic etməklə məşğuldurlar. Eyni zamanda, narazı kütlələr zibil konteynerləri, skamyalarla şəhərin əsas yollarını bağlayırlar. Etirazçılar Sarkisyanı yalançı adlandıraraq, hələ prezidentliyi dövründə konstitusiya dəyişikliklərinə gedərkən baş nazir iddiasında olmadığını dediyini ona xatırladırlar.
"The Associated Press" isə yazır ki, etirazçılara qarşı gözyaşardıcı qaz, səsli qumbaralar tətbiq edilir. Nəticədə bir neçə insan ciddi xəsarətlər alaraq yaralanıb.
Ümumilikdə, dünya mediasının, o cümlədən, ABŞ-ın "The Nyu-York Times", "The Washington Post", Almaniyanın "Deutsche Welle", Böyük Britaniyanın "The Guardian", Rusiyanın "Vestnik Kavkaza"nın diqqət mərkəzində olan bu etiraz aksiyaları işğalçı ölkədə vəziyyətin nə qədər gərgin olduğunu, sosial-iqtisadi problemlərlə üz-üzə dayana, yoxsulluq şəraitində yaşayan əhalinin S.Sarskiyana qarşı açıq nifrətini ortaya qoyub.
Ermənistanda baş verən hadisələrə münasibətini bildirən Milli Məclisin deputatı Elman Cəfərov qeyd edib ki, Sarkisyan kimlərinsə vasitəsilə Ermənistanda siyasi hakimiyyəti zəbt edib hərbi diktatura qurub. O, SİA-ya bildirib ki, cinayətkar rejim Ermənistanı, erməni xalqını fəlakətə, rüsvayçılığa və uçuruma aparır: "Bütün Ermənistan ayağa qalxmalıdır. Çünki özlərini, hakimiyyətlərini, öz talelərini bu cinayətkarlardan xilas etsinlər və bunların bu cinayətkar, işğalçı əməllərinə son qoysunlar".
Deputat hesab edir ki, hazırda Ermənistanda davam edən kütləvi mitinqlərin sonu acınacaqlı olacaq: "Mən istərdim ki, Ermənistanda başqa qurumlar da, bütün gənclik, siyasi partiyalar, bütün parlament ayağa qalxsın və bu cinayətkarları süpürüb atsınlar. Hazırda Ermənistanda istiqamət buna doğru gedir. Ola bilər ki, xarici havadarlar müəyyən yollarla Sarkisyanı qoruyub saxlaya bilərlər. Ancaq erməni xalqı həmrəy olub bu cinayətkarlardan yaxa qurtarmaq istəsə, xarici qüvvələr xalqın iradəsi qarşısında aciz qalarlar".
Deputat Elşən Musayev isə hesab edir ki, Ermənistanda tezliklə hakimiyyət çevrilişi olacaq: "Çünki orada vəziyyət kifayət qədər mürəkkəbdir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna da məsləhət görərdim ki, normal seçki keçirilən yerə deyil, antidemokratik seçkinin keçirildiyi Ermənistanla məşğul olsunlar. Çünki onların daha çox məsləhətə və rəyə ehtiyacları var".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Serj Sərkisyanın baş nazir qismində Ermənistana rəhbərlik etməsinə qarşı mübarizəyə başlayan qüvvələrin liderləri cinayətkar rejim rəhbərinə qarşı koalisiyanı genişləndirmək niyyətindədirlər: "Onlar Dağlıq Qarabağda erməni separatizminin öncüllərindən olmuş, Azərbaycan torpaqlarının işğalında xüsusi rolu olan Vahan Badasyana müraciət edərək Qarabağdan olanları Sarkisyanın əleyhinə çıxış etməyə çağırıblar".
Mərkəz sədrinin sözlərinə görə, ən maraqlısı da budur ki, Badasyan Dağlıq Qarabağ ermənilərinin Sarkisyana qarşı çıxmasını nəinki istisna etməyib, hətta bunu zəruri adlandırıb: "O bildirib ki, Ermənistanda yaşayan Dağlıq Qarabağ erməniləri vəziyyətin gedişini izləyirlər. Əgər Sarkisyana qarşı mübarizə ciddi olacaqsa, Ermənistanda yaşayan Dağlıq Qarabağ erməniləri də o mübarizəyə dəstək verəcəklər. Badasyan fikrini əsaslandırmaq üçün Dağlıq Qarabağın təhlükəsizliyini və coğrafi vəziyyətini misal göstərib. Eləcə də bəlli məsələlərə görə çox şeyi açıqlaya bilməyəcəyini bildirib. Badasyanın dedikləri Azərbaycanda bizə gün kimi aydındır. Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ziddiyyətin, hətta ədavətin olduğu bizə çoxdan bəllidir. Dağlıq Qarabağ erməniləri başa düşürlər ki, Ermənistan Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin edə bilmir. Dağlıq Qarabağ ermənilərinin bəzilərinin fikrincə, Sarkisyan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini bilərəkdən təmin etmək fikrində deyil. O, Dağlıq Qarabağ ermənilərinin problemli olmasında maraqlıdır. Ona görə Dağlıq Qarabağ erməniləri çalışırlar ki, Ermənistan rəhbərliyini real praqmatik siyasət aparmağa vadar etsinlər. İndi Dağlıq Qarabağ erməniləri üçün real praqmatik siyasət Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması üzərində qurulub. Dağlıq Qarabağ ermənilərinin fikrincə, Ermənistan Azərbaycanla münasibətlərini hərb vasitəsilə müəyyənləşdirməməlidir. Ermənistan Azərbaycanla münasibətlərini yaxşılaşdırmalıdır. Yalnız Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması Dağlıq Qarabağdakı ermənilərin fiziki təhlükəsizliyinin təminatıdır. Dağlıq Qarabağ erməniləri bu fəlsəfə ilə yaşayırlar".
M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağdakı proseslər S.Sarkisyanın arzuladığı istiqamətdə getmir: "Azərbaycan Dağlıq Qarabağ erməniləri tərəfindən gələn istənilən müraciəti qəbul etməyə hazırdır. Amma müraciət kütləvi, müraciəti imzalayan şəxslər kifayət qədər ciddi reputasiyaya malik olmalıdırlar. Dağlıq Qarabağ erməniləri adından müraciəti yayanların Ermənistanda və yaxud Dağlıq Qarabağın özündə yaşamasının elə də böyük əhəmiyyəti yoxdur".
Azərbaycana qarşı separatizm və işğalçılıq siyasəti həyata keçirən Ermənistan hakimiyyəti rəsmi Bakının tətbiq etdiyi təcridetmə siyasəti nəticəsində düşdüyü çətin, ağır vəziyyətdən heç cür çıxa bilmir. Dağlıq Qarabağı və ona bitişik olan 7 rayonu 25 ildən çoxdur ki, işğal altında saxlayan cinayətkar rejim rəhbərliyi bu müddət ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurları kənardan izləməyə məcbur olub, bəzi xarici dairələrin təkidli tələblərinə baxmayaraq, heç bir regional layihəyə qoşulmalarına icazə verilməyib. Ona görə də Ermənistan yaranmış bu cür situasiyaları təhlil edərkən, kökünü aşardırarkən işğal faktorunun əsas səbəb kimi ön planda dayandığının şahidi oluruq. Bu o deməkdir ki, işğalçı ölkə əhalisinin nicatı hakimiyyət dəyişikliyindən əvvəl münaqişənin həlli ilə bağlı konkret addımların atılmasındadır. Bu istiqamətdə real iş görülməyənə qədər Ermənistan heç bir sosial-iqtisadi inkişafdan, demokratik dəyərlərin mövcudluğu və insan hüquq və azadlıqlarının qorunmasından söhbət gedə bilməz.
Ceyhun ABASOV