|
|
|
|
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı növbəti dəfə qərəzli münasibətilə yadda qalıb.
Qurumun yaz sessiyasının plenar iclasında ölkəmizin də adının hallandırıldığı subyektiv mülahizələrə əsaslanan qətnamə layihəsi müzakirəyə çıxarılıb, antiazərbaycan mövqeli avroparlamentarilərin fəallığı ilə qəbul edilib. Korrupsiya ittihamları üzrə istintaq qrupunun qeyri-obyektiv hesabatı əsasında qəbul olunan bu qətnamə bəzi siyasi dairələrin rəsmi Bakıya qarşı təzyiq siyasətinin davamı, təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlanğıcı kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Ermənistanda hakimiyyətdə qalmaq üçün saysız-hesabsız cinayət əməlləri törətmiş, korrupsiya bataqlığına batmış Serj Sarkisyanı təqribən bir ay əvvəl yüksək səviyyədə qarşılayan, Avropaya siyasətdən dərs keçməsinə imkan yaradan, hətta onu alqışlayan AŞPA rəhbərliyi və onun əksər üzvləri bu gün erməni xalqının üsyanı ilə onun vəzifədən kənarlaşdırılmasına şahidlik edirlər. Azərbaycan, Türkiyə kimi müstəqil siyasət yürüdən müsəlman dövlətlər isə sırf din faktoruna görə ayrı-seçkiliklə üzləşir, müxtəlif səpkili ittihamlara, böhtan və şərə məruz qalır. Əks halda, uydurma “erməni soyqırımı”na görə Türkiyəni təndiq edən, bir az da irəli gedərək, erməni maraqlarına uyğun yazılı deklarasiya qəbul edən qurum Azərbaycan torpaqlarının işğalına, dinc azərbaycanlıların soyqırımı aktlarına məruz qalmasına, öz yurd-yuvalarından didərgin düşməsinə görə Ermənistanı az da olsa tənqid edə bilməzdimi? Yoxsa “xristian qardaşlığı” amili bütün bunları həyata keçirməyə imkan vermir?!
AŞPA-da Azərbaycan və Türkiyəyə qarşı ardıcıl hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə, ermənilərin əlində oyuncağa çevrildiyini açıq şəkildə nümayiş etdirir. Əks halda, qurum rəhbərliyi Azərbaycanda mövcud olan hər hansı bir problemə böyüdücü şüşə ilə baxmaz, bunu ölkəmizə qarşı təzyiq rıçaqlarından biri kimi istifadə etməyə çalışmazdı. Axı, rəsmi Bakı bəyan edib ki, demokratik inkişaf yolunu seçib və həyata keçirdiyi islahatlarla bu yolda irəliləməkdə israrlıdır. Ancaq belə məqamda da qurum ölkəmizə qarşı təzyiq, hədə yolunu tutubsa, bunu heç bir halda anlayışla qəbul etmək mümkün deyil. Məgər qonaqpərvərlik nə vaxtdan korrupsiya hesab olunur? AŞPA-nın hesabatına əsasən, xarici neft şirkətlərinin tam leqal bonusları, Avropa ölkələrinə səfər edən nümayəndə heyətlərinə verilən qonaqlıqları, pulsuz otel, təyyarə və s. bu kimi məsələlər də korrupsiya əlaməti hesab edilməlidirmi? Bu onu göstərir ki, Qərbdəki bəzi dairələr öz eybəcərliklərini Azərbaycan nümunəsində qabartmağa və onu növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar. Halbuki Azərbaycan təşkilata üzv olduğu 17 il ərzində balanslaşdırılmış siyasət kursuna uyğun olaraq Qərblə münasibətlərin inkişafı, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, qitənin ayrı-ayrı dövlətləri ilə ikitərəfli əməkdaşlığın qurulması və möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıb, həyata keçirdiyi neft-qaz layihələri çərçivəsində birgə fəaliyyətlər üçün unikal şərait yaradıb. Bəs, 17 illik üzvlüyü dövründə AŞPA Azərbaycana nə verib? Beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Fəaliyyətini davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası üzərində quran təşkilat Azərbaycanın gözləntilərini nə vaxt doğruldacaq? Ona görə də, yaxşı olar ki, AŞPA başbilənləri ilk növbədə bu suallara cavab tapsın, rəsmi Bakıya qarşı diktə dilə ilə danışmaqdan əl çəksin, münasibətlərin pozulmasına yox, inkişafına öz töhfələrini versin.
Məsələ ilə bağlı “525”ə fikirlərini bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu hesabat ermənipərəst qüvvələrin ölkəmizə qarşı növbəti təxribatıdır: “Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb. Xüsusilə, Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçirdiyi uğurlu siyasi kursun ana xəttini təşkil edib. Təbii ki, görülən tədbirlər öz bəhrəsini verir. Bu sahədə əldə etdiyimiz uğurlar xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər, dövlət rəsmiləri və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilir. Təəssüf ki, Avropadakı bəzi dairələr, o cümlədən, AŞPA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir. Qurumun ayrı-ayrı deputatların fərziyyələri, gümanları üzərində qurulmuş subyektiv mülahizələri əsasında Azərbaycanla bağlı hazırladığı son hesabatı da bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır”.
V.Rəhimzadənin sözlərinə görə, bu cür hesabatlar bir daha onu göstərir ki, Azərbaycana qarşı ikili standartlar siyasəti hələ də davam edir: “Qərbdə elə bir tendensiya formalaşıb ki, guya bunlar bir sıra hallarda bəzi dövlətlərin daxili işlərinə müdaxilə edə və onları yönləndirə bilərlər. Bu cür müdaxilələr zamanı onlar etirazla üzləşəndə dərhal demokratiya, insan haqları pərdəsi altında gizlənən “təzyiq maşını” işə düşür. Başlayırlar hesabatlar yaymağa, nağıllar danışmağa. AŞPA və bizimlə təzyiq dilində danışmağa cəhd edən digər qurumlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycan müstəqil siyasət yürüdür, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurur. Bizimlə zor dilində danışmaq olmaz. Ona görə də bu cür hesabatlar cəmiyyətdə narazılıqla qarşılanır, AŞPA-nın ünvanına haqlı olaraq sərt tənqidlər səsləndirilir”.
Baş redaktor bildirib ki, Azərbaycan Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək: “Azərbaycan 17 illdir ki, Avropa Şurasının üzvüdür və ölkəmiz hər zaman üzərinə götürdüyü öhdəliklərə sadiq olub. İnsanlarda belə bir sual yarana bilər: bəs 17 illik üzvlük dövründə Avropa Şurası Azərbaycana nə verib? Təəssüf ki, bu sualın elə də ürəkaçan cavabı yoxdur. Çünki ötən 17 ildə AŞPA işğalçı Ermənistana ciddi şəkildə təzyiq etməyib. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımızın taleyi ilə maraqlanmayıb. Əksinə, ölkəmiz bu qurum tərəfindən təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. Əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə - Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, antiazərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. Belə olan halda hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvlüyündə qalıb-qalmamaq məsələsini yenidən nəzərdən keçirməli, öz qəti mövqeyini ortaya qoymalıdır”.
Milli Məclisin deputatı Tahir Rzayev isə qeyd edib ki, AŞPA Azərbaycanın da adının hallandığı korrupsiya ilə bağlı hesabatının tamamilə qərəzli və sifarişli olduğu açıq-aydın hiss olunur. O, “Trend”ə bildirib ki, AŞPA artıq Azərbaycan üçün o qədər də obyektiv mövqedə olan qurum deyil: “Əgər AŞPA obyektiv mövqeyə malik qurum olsaydı, onun hesabatlarına inanmaq olardı. Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Əgər AŞPA obyektiv qurum olsaydı, elə bu məsələyə konkret və obyektiv münasibət bildirərdi. İstər Avropa Şurası, istərsə də AŞPA həmişə Azərbaycana ikili standartla yanaşıblar və bu məsələlərdə Azərbaycana əsaslı dəstək verməyiblər”.
T.Rzayev qeyd edib ki, AŞPA Ermənistanda göz qabağında olan seçkilərin nəticələrinin saxtalaşdırılması, etiraz aksiyaları, qarşıdurma, etirazçılar arasında xəsarət alma halları, qanunsuz həbslərə hər hansı sərt münasibət bildirməyib:
“Niyə AŞPA bu məsələlərə obyektiv mövqe bildirmir? Amma Azərbaycana gələndə, yalan faktlarla, uydurmalarla çıxış edirlər, Azərbaycanda guya insan hüquqlarının pozulduğunu iddia edirlər. Birincisi, seçki Azərbaycan xalqının iradəsidir, öz seçim hüququdur. Azərbaycan xalqı son 15 ildə ölkədəki vəziyyəti görür, qiymətləndirir və öz liderinə səs verib. Xalq öz prezidentini seçib. Prezident İlham Əliyevin fəaliyyəti nəinki Azərbaycanda, beynəlxalq aləmdə də qəbul olunur. İlham Əliyev ölkədə ilk növbədə sabitliyi təmin edib, ölkədə demokratik şərait yaradıb. Prezident istəyir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsin. İkincisi, Azərbaycanın son 15 ildəki inkişafı, beynəlxalq aləmdə nüfuzu göz önündədir və bunu da xalq görüb analiz etmək qabiliyyətindədir. Belə olan halda, bunlar hansı məsələləri qabartmaq istəyirlər?”
Deputat vurğulayıb ki, Azərbaycanda qanunu pozan, cinayət törədən jurnalist də, deputat da, məmur da məsuliyyətə cəlb edilir: “Qanun hər kəs üçün qanundur. AŞPA isə Azərbaycanda vəziyyəti öyrənmədən, Azərbaycanı istəməyən qüvvələrin sözü ilə Azərbaycana qarşı mənfi rəy yaradır. Bu, Azərbaycana qarşı yeni bir təxribatdır. AŞPA bununla Azərbaycana təsir etmək istəyir. Bu “hesabat” təşkilatda Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir”.
Ceyhun ABASOV