|
|
|
|
Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı.
Əslində, bu vəziyyət gözlənilən idi. Azərbaycanda prezident seçkiləri sabit şəraitdə, 900-ə yaxın beynəlxalq müşahidəçinin iştirakı ilə, azad və şəffaf şəkildə keçirildi. Serj Sarkisyan isə baş nazir postuna yiyələnmək üçün min bir fitnəyə əl atdı. Əvvəlcə onun rəhbəri olduğu Respublika partiyası konstitusiyaya dəyişikliklər təklif etdi. Həmin təkliflər parlamentli respublikaya keçidi və baş nazirin əsas səlahiyyətli şəxs olmasını nəzərdə tuturdu ki, bununla da Sarkisyan yenidən Ermənistana rəhbərlik etmək iddiasında idi. Lakin cinayətkar Sarkisyandan bezən, aclıq, səfalət içində yaşayan erməni xalqı onun bu arzusunun çin olmasına imkan vermədi. Sarkisyan baş nazir seçildi, amma bu vəzifədə uzun müddət qala bilmədi. Erməni xalqı onu aprelin 23-də istefa verməyə məcbur etdi.
Ermənistanda gərginlik, acnacaqlı durum indi də davam edir. Azərbaycanda isə “Fomula 1” yarışlarına start verilib. Ermənistanda narazı xalq yeni prezident Armen Sarkisyanı və köhnə prezident Serj Sarkisyanı qəbul etmir, ölkədə kəskin siyasi hakimiyyət böhranı yaranıb. Ermənistanda siyasi böhranın hələ nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki iqtidardan yalnız bir adam getməyib - “Qarabağ klanı” ciddi zərbə alıb və hakimiyyətdən çəkilməyə məcbur olub.
Ermənistanda klanlararası qarşıdurma daha da gərginləşəcək və nəticə etibarilə qondarma “DQR”lə rəsmi İrəvanın münasibətlərinin mahiyyəti dəyişəcək.
Onsuz da inkişafdan əsər-əlamət qalmayan, tənəzzül, aclıq və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.
Azərbaycanda isə seçkinin nəticələri ilə bağlı ciddi bir narazılıq yaranmadı, prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq şansı əldə edərək, yeni hökumət formalaşdırdı. İlham Əliyev iqtidarının uzaqgörənliyi və qətiyyətli siyasi iradəsi olmasaydı, ölkənin inkişafı fərqli istiqamət ala bilərdi.
2005 və 2010-cu illər parlament seçkiləri zamanı Qərb Azərbaycana ciddi təzyiqlər göstərmək istəsə də, öz istəyinə nail ola bilmədi. İqtidar bu təzyiqləri neytrallaşdırdı, ölkə sabitlik yoluna kurs götürdü. Sonrakı illərdə də “siyasi məhbus” və “demokratiya” adı altında pərdələnmiş beynəlxalq institutlar ölkəyə kənardan “demokratiya ixracı”na cəhd edirdilər. Amma İlham Əliyev Azərbaycanın daxili işlərinə kənardan müdaxilələrə sərt cavab verdi. Azərbaycanı qarışdırmaq istəyən bəzi Qərb institutlarının ölkədə fəaliyyəti dayandırıldı.
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Ukraynanı qarışdırdı, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistanı isə hakimiyyət böhranına və xaosa sürüklədi. İlham Əliyev isə Aİ ilə münasibətlərdə həm ölkədaxili müxalifətin, həm Avropa Parlamentinin iradlarına baxmayaraq, fərqli siyasətə üstünlük verdi. Azərbaycan assosiativ saziş deyil, Aİ ilə ikitərəfli əlaqələri ehtiva edən sənədlə bağlı danışıqlara başladı. Bu danışıqlar hələ də davam edir və həm rəsmi Bakı, həm Brüssel bu əməkdaşlıq formatından məmnundur.
Bu gün Azərbaycanda xarici siyasi qüvvələrin təhriki ilə küçələrə axışmağa, rəngli inqilablar etməyə maraqlı olan narazı kütlə yoxdur. Halbuki Ermənistanda küçəyə axşıb inqilab edənlər demokratiya yox, sadəcə insan kimi yaşamaq, ailələrini dolandırmaq, ac qalmamaq haqqı tələb edirlər.
Ermənistan rəsmi statistika qurumu bu ölkədə yoxsulluğun 30 faizdən yuxarı olduğunu etiraf edir, qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir.
Prezident İlham Əliyev həm seçki dövründə, həm də ondan sonrakı açıqlamalarında yaxın 7 ildə də siyasi və iqtisadi müstəqilliyin qorunması və daha da inkişaf etdirilməsini öz siyasətinin ana xətti elan edib. Ukrayna və Ermənistan hadisələri İlham Əliyevin ölkədə də bəzi marginal qruplar tərəfindən qəbul edilməyən siyasi kursunun doğru olduğunu bir daha təsdiqləyir.
Azərbaycan bölgənin və postsovet məkanının sabitlik adasıdır, bu sabitliyin əsası iqtidar - xalq vəhdəti, İlham Əliyev iqtidarının düzgün siyasi kursudur.
Mövzu ilə bağlı danışan millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan və Ermənistanda həm siyasi, həm də iqtisadi vəziyyət müqayisə olunmayacaq dərəcədə fərqlidir. Onun sözlərinə görə, Azərbaycanın müharibə vəziyyətində, torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində ölkənin beynəlxalq nüfuzu yüksəlib: “Ölkə başçısının yürütdüyü siyasət Azərbaycanın dövlətçiliyini möhkəmlətdi, daxili stabilliyə nail oldu və bu stabilliyə söykənərək iqtisadiyyatını və ordusunu da gücləndirdi. Bu gün bu dinamik inkişaf yenə də davam edir. Məhz bu faktlara görə də Azərbaycanda prezident seçkiləri sabit və şəffaf keçdi, xalq öz seçimini etdi, layiqli namizədini seçdi”.
E.Məmmədov əlavə edib ki, Ermənistan isə işğalçılıq siyasəti nəticəsində qonşularla düşmənçilik mövqeyində durur, regionda baş verən bütün inkişafdan, beynəlxalq layihələrdən, dövlətlərarası əməkdaşlıqdan təcrid olundu, iqtisadiyyatı iflasa uğradı: “Ermənistan iqtisadiyyatının 80-90 faizi xarici ölkələrin inhisarına keçib, Ermənistanın prezidentlik postunu zəbt edən “Qarabağ klanı” öz cinayətkar əməlləri ilə Ermənistanı və xalqı rüsvayçılığa, təcrid olunmağa və fəlakətə sürüklədi. Nəticə də göz qabağındadır. Bu, hələ son deyil. Hesab edirəm ki, Ermənistanda bu cür etiraz dalğaları davam edəcək, bu dalğa vətəndaş müharibəsinə çevriləcək. Çünki “Qarabağ klanı” ilə Ermənistan erməniləri arasında uzun müddətdir düşmənçilik vəziyyəti davam edir, artıq bu məsələ qabarıb və üzə çıxıb. Bu gedişlə Ermənistanı hələ çox fəlakətlər gözləyir”.
PƏRVANƏ