(Cavanşir Quliyevin “Divan”ı)
Yeni nəşrlər, yaradıcı insanların fəaliyyətini işıqlandıran keyfiyyətli tədqiqatların ərsəyə gəlməsi və işıq üzü görməsi hər bir ölkənin mədəni inkişafının səviyyəsinin göstəricisidir. Bir musiqişünas kimi hər zaman gözüm yeni kitabları, notları axtarır, maraqlı bir araşdırma görəndə sevinirəm. Təəssüf ki, musiqi sahəsində bununla bağlı müəyyən boşluğun olması da bəllidir. Amma müasir bəstəkarların əsərlərinin nəşri işində son zamanlar yaxşılığa doğru dəyişikliklər də nəzərə çarpır. Belə ki, bu yaxınlarda “Renessans A” Nəşriyyat Evində bəstəkar, Əməkdar İncəsənət xadimi Cavanşir Quliyevin “Divan” adlı nəfis tərtibatlı ikicildlik əsərlər toplusu çapdan çıxdı. Toplunun adı çox simvolik, ifadəli və mənalıdır. Yaradıcılıq ruhunun özəyini millilik təşkil edən bir bəstəkarın əsərlərindən ibarət məcmuə, yəqin ki, elə bu sayaq adlandırılmalı idi. Şərq poeziyasına xas müəyyən strukturlu Divan forması bəstəkarın diqqətini hələ gənclik illərindən cəlb etmişdir. Ona görə də o, uzun müddət üzərində düşündüyü “Divan”ını yaxın konsepsiyalı əsərləri bir yerə toplayaraq həyata keçirir. Onu da qeyd edək ki, hər bir cild burada yer alan əsərlərin səs yazısı olan disk ilə təchiz olunub: bu da “Divan”ı ciddi və dolğun bir nəşr kimi səciyyələndirmək imkanı verir.
Bəllidir ki, mahnı janrı Cavanşir Quliyevin yaradıcılığının önəmli bir hissəsini təşkil edir. Onun bir-birindən gözəl, həzin nəğmələri hafizəmizə həkk olunub, qəlbimizə nüfuz edib. Azərbaycan Dövlət Televiziyasında hələ ötən əsrin 80-ci illərində çəkilmiş “Bura Vətəndir” adlı geniş əks-səda doğurmuş konsert proqramı, bəstəkarın özünün də ifa etdiyi mahnılardakı doğmalıq, hədsiz sevgi, nadir səmimiyyət insanı həyəcanlandırır, kövrəldir və düşündürür. Amma bilənlər bilir, bilməyənləri isə agah etmək istərdim ki, Cavanşir Quliyev ilk növbədə Azərbaycan akademik bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri kimi müxtəlif janra aid bir sıra maraqlı əsərlərin müəllifidir. Vaxtilə ifası Azərbaycanda, keçmiş Sovet İttifaqı məkanında, həmçinin dünyanın ən mötəbər festivallarında qızğın müzakirələrə səbəb olan, özündə əsl bədii kəşf əlamətlərini daşıyan bu əsərlər çağdaş akademik musiqimizin ən dəyərli nümunələri kimi qiymətləndirilir. Cavanşir Quliyev milli bəstəkarlıq məktəbinin ənənələrini davam etdirməklə yanaşı, heç kimə bənzəməyən, fərdi yazı üslubu yarada bilmiş bəstəkardır. O, milli musiqimizin dərin qatlarını sanki yenidən kəşf edir, Avropa musiqi sistemləri ilə sintezin keyfiyyətcə, mahiyyətcə fərqli mərhələsini əsərləri vasitəsilə ortaya qoyur.
Haqqında söz açdığımız “Divan”da da bəstəkarın məhz bu qəbildən olan əsərləri yer alıb. Birinci cilddə zurna ilə simfonik orkestr üçün Uvertüra, saz və violin üçün Sonata, İki saylı Simli Kvartet, Muğam səssıralarında interlüdlərlə “Yeddi Pyes”, Üçüncü simfoniya kimi işarəvi əsərlərlə yanaşı, ilk dəfə qarışıq xor üçün “Dönübdür” (qoşma Aşıq Ələsgərindir) xor miniatürü yer alır. İkinci cildə isə ağac nəfəs alətləri üçün Kvartet, yaylı orkestr üçün “Dastan” adlı Dördüncü simfoniya, habelə irimiqyaslı beynəlxalq layihələr çərçivəsində gerçəkləşdirilən fleyta, saz və violonçel üçün “Karvan”, xanəndə, soprano və geniş heyətli ansambl üçün “Bayatı” daxil edilib.
Onu da deyim ki, adətən hər hansı bəstəkarın əsərləri çap edilərkən o qədər də geniş ön sözə, müfəssəl təhlilə üstünlük verilmir. Bu məqamda nəşri həm mütəxəssislər, həm də qeyri-peşəkar oxucu və istifadəçilər üçün maraqlı edən cəhətlərdən biri - sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadənin hər iki cildə yazdığı “Cavanşir Quliyev: Total musiqi axtarışlarında” adlı giriş məqalələri barədə danışmaq istərdim. Əvvəlcədən vurğulayım ki, həmin məqalələr Azərbaycan və rus dillərində təqdim olunmuşdur ki, bu da “Divan”a xüsusi bir üstünlük qazandırır. Musiqi mədəniyyətimizin təbliği baxımından belə sanballı nəşrlərə böyük ehtiyac var. Yeri gəlmişkən, həmin mətni ingilis dilinə də tərcümə etmək və ayrıca bir kitabça şəklində çap etdirmək yaxşı olardı. Düzdür, burada başqa bir problem üzə çıxır: elmi terminlərlə zəngin mətnlərin səviyyəli tərcüməsi hələ də həllini tapmamış məsələdir. Bilirəm ki, məqalələrin ingilisdilli versiyasının qənaətbəxş olmaması bəstəkar və musiqişünası son məqamda həmin materialın nəşrindən imtina etmək məcburiyyəti qarşısında qoymuşdu.
C.Quliyevin yaradıcılığı uzun illərdir ki, Z.Dadaşzadənin diqqət mərkəzindədir. Buna qədər də o bir sıra yazılarında, beynəlxalq elmi konfranslardakı məruzələrində bəstəkarın əsərlərinə geniş yer ayırıb. C.Quliyevin “Divan”ı müəyyən mənada onun Şərq-Qərb, millilik və müasirlik barədə qlobal fikirlərinin tamamı olduğu kimi, məqalə də alimin illər uzunu apardığı, müasir musiqinin təmayüllərini bizim üçün aydın edən araşdırmalarının icmalı kimi qəbul edilə bilər. Topluda yer alan hər bir əsər bütün təhlil komponentlərinə uyğun olaraq diqqətlə nəzərdən keçirilib, bəstəkarın bu zamana qədər öyrənilməyən əsərləri ilk dəfə tədqiq edilib. Sadəcə elmi təhlil yox, sanki canlı ünsiyyətə sövq edən maraqlı bir söhbət – həmin mətnləri belə dəyərləndirərdim. Müxtəlif rakurslardan baxmaq, daha dərin düşüncələrə varmaq üçün müəllif gözümüz önündə bir növ geniş panoram canlandırır: davamlı paralellər, müasir musiqinin məşhur bəstəkarlarının yaradıcılığı ilə uzlaşan məqamların vurğulanması və nəşrin baş qəhrəmanının öz qənaətləri ilə “müdaxiləsi” mətni xeyli dolğunlaşdırır. Yazıda Cavanşir Quliyevin belə bir fikri yer alıb: “Arzum total, qlobal, mütləq – adın bir o qədər əhəmiyyəti yoxdur - musiqi yaratmaqdır. Elə bir musiqi ki, coğrafiyasından asılı olmayaraq dünyanın istənilən guşəsində qavranılsın”. Bəstəkarın arzusunun reallaşması yönündə axtarışların səmərəsini üzə çıxarmağa can atan musiqişünas problemə geniş müstəvidə nəzər salır.
C.Quliyevin yaradıcılıq simasının əsas xüsusiyyətlərini, musiqi dilinin özünəməxsusluğunu, əsərlərin bədii əhəmiyyətini hərtərəfli şəkildə açan bu yazı “Divan”ı bir külliyat kimi digərlərindən xeyli dərəcədə fərqləndirir, onu unikal edir. Z.Dadaşzadə “Divan”ın C.Quliyev yaradıcılığının cövhəri olduğunu vurğulayır, həmin “cövhəri” yaradan ən xırda detalları aşkarlamağa və oxucu üçün aydın etməyə cəhd göstərir: “Divan”ın iki cildinə daxil olan əsərlər bir növ Cavanşir Quliyev yaradıcılığının kvintessensiyasını təqdim edir: onlar konkret bədii qayə, həmin qayənin təcəssümü, instrumental heyət baxımından nə qədər fərqli olsa da, müəllifin fərdi üslubunun səciyyəvi cəhətlərini əyani sərgiləyir”. Məqalədə yer alan növbəti ümumiləşdirmə də bu baxımdan səciyyəvidir: “Bəstəkarın yaratdığı melodiyalar qabarıq, yaddaqalandır, amma onların genezisi mürəkkəbdir: burada gah aşıq musiqisi, gah muğam, gah dəqiq ünvanı bilinməyən, arxaik intonasiyaların peyda olması bəstəkarın genetik yaddaşının dərinliyinə, musiqi duyumunun qeyri-adi həssaslığına dəlalət edir. Özü də C.Quliyev total musiqi axtarışlarında təkcə Azərbaycan musiqisi ilə məhdudlaşmır, bütövlükdə türk dünyasının arxaik musiqi qaynaqlarını əhatə etməyə çalışır”.
Tarix boyu musiqişünasların bəstəkarlarla yazışmaları, söhbətləri son dərəcə maraqlı kitabların, məqalələrin yaranmasına təkan verib. Belə nümunələr çoxdur: S.Volkovun D.Şostakoviç, R.Kraftın İ.Stravinski, A.İvaşkinin A.Şnitke ilə dialoqları, A.Şönberqin E.Ştayna olan məktublarını xatırlatmaq olar. “Divan”ın II cildinə daxil olan əsərlərin təhlilini bitirdikdən sonra Z.Dadaşzadə bəstəkarla vaxtaşırı apardığı söhbətlər əsasında tərtib etdiyi yığcam müsahibəni təqdim edir. Uzun illər ərzində əməkdaşlıq edən iki yaradıcı insanın musiqi aləminin ən müxtəlif məsələləri barədə fikir mübadiləsi, əminəm ki, çoxları üçün bir sıra yeni məqamları üzə çıxaracaq. Bu müsahibə C.Quliyevi həm məxsusi sənət dünyasına malik bəstəkar, həm maraqlı düşüncələrlə yaşayan ziyalı, həm də bəzi məqamlarda “çılğın, sərt, kompromissiz” insan kimi təqdim edir. Məqalədə C.Quliyev “dünyada, doğma Vətənində baş verənlərə görə həyəcanlanan, müasirliyin nəbzini həssas duyan, həyatda, mədəniyyətdə baş verənlərə biganə yanaşmağı bacarmayan, konformizmi özü üçün qeyri-məqbul hesab edən şəxsiyyət” kimi səciyyələndirilir.
Ön söz tanınmış musiqiçi, alim və sənət adamlarının (A.Eşpay, Y.Dolinskaya, D.Mixalek, Lorel Fey (Laurel Fay), V.İbrahimoğlu) azərbaycanlı bəstəkarın yaradıcılığı ilə bağlı fikirləri, təəssüratları ilə tamamlanır. Rəğbət və heyranlıq dolu bu rəyləri oxuduqca Cavanşir Quliyevin çağdaş sənət aləmində nə qədər müstəsna yer tutduğunu bir daha anlayırıq.
Z.Dadaşzadənin elmi mətnləri səliqə ilə tərtib etmək kimi xüsusiyyəti də diqqəti cəlb edən məqamlardandır. Hər iki cilddə ön söz qismində verilən məqalələrin sonunda müəllif geniş biblioqrafiya yerləşdirir – istinad etdiyi bütün mənbələri bir-bir qeyd edir. Bu da musiqişünasın elmi mədəniyyətinə dəlalət edir. Bu cəhəti vurğulamağım heç də təsadüfi deyil: son zamanlar yazılan tədqiqatlarda ədəbiyyatla davranmaq qaydalarının, elmi etikanın pozulması, və ya biblioqrafiyanın kasadlığı kimi halları tez-tez müşahidə edirik. Çox zaman belə bir elmi “pintilik” plagiat kimi xoşagəlməz hadisəni törədir. Zənnimcə, “Divan”dakı məqalələr və onları müəyyən ciddi qaydalar əsasında tərtib etmək bacarığı gənc musiqişünaslara bir örnək olmalıdır.
“Divan” sadə bir məcmuə, toplu deyil, bəstəkarın uzun illərdən bəri davam edən yaradıcı axtarışlarının çox maraqlı, fəlsəfi məzmuna malik təcəssümüdür. Bilirəm ki, C.Quliyevin yaradıcılıq portfelində yeni irihəcmli əsərlərin - üç baletin, iki oratoriyanın partituraları var. Arzu edərdik ki, bu əsərlər, həm də “Divan”ın iki cildində yer alan opuslar konsert zallarında səslənsin, baletləri səhnə üzü görsün. Bu mənada ikinci cild üçün yazılan məqalənin son misraları səciyyəvidir: “İnanmaq istərdik ki, zamanın sınağından çıxmış, Vaqif İbrahimoğlunun təbirincə, “zamansızlığa pərvaz etmiş”, çağdaş musiqi mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olmuş əsərlər - müasirimiz Cavanşir Quliyevin sənət dünyasının bənzərsiz, dəyərli örnəkləri tədqiqatçılar, ifaçılar, musiqi təhsil ocaqlarının müəllim və tələbələrinin diqqətinə səbəb olacaq, onları zəruri, faydalı, son dərəcə maraqlı materialla təchiz edəcəkdir”.
Milli kimliyimizi unutmamaq, ruhlanmaq, vahid toplum olmaq üçün belə musiqi əsərlərinə çox ehtiyacımız var. Şəxsən mənim üçün vətən Cavanşir Quliyevin musiqisindəki kimidir – qədim, ulu, məğrur, səmimi, sevgi və gözəllik dolu. Əminəm ki, bu, çoxları üçün də belədir.