Yarısı çınqıllı yamacda, yarısı çox da geniş olmayan çala-çuxur düzənlikdə yerləşən yüz-yüz əlli evli Əliquluuşağı quşqonmaz qayalarla, seyrək kol-kosla örtülmüş dik təpələrlə əhatə olunmuşdur. Havalar qarışanda, qara buludlar cövlan eləyəndə, ildırımlar çaxanda kəndin yaxınlığından keçən Çaylaq bozarır, bulanır, aşıb-daşır, məcrasına sığmır. Və leysan yağışları səngiyəndə, səma təmiz olanda sakitləşir, durulur, büllurlaşır, ətrafa xoş ovqat yayır.
lll
Əkin-biçin işləri başlayanda kişi, qadın sübh tezdən yerlərindən qalxıb mal-heyvanı naxıra qoşur, ev işlərini qaydaya qoyur. Və sonra da hamı ellikcə belini, dəhrəsini, yabasını, ketmənini, kərəntisini, orağını götürüb şən əhval-ruhiyyə ilə bağ-bağata, biçənəklərə, taxıl zəmilərinə, çəltik ləklərinə yollanır. Kənddə qocalardan, hələ dizi bərkiməmiş uşaqlardan başqa bir bəni-insan görünmür. Yumurtasının üstündən təzəcə qalxan toyuqların qaqqıltısı, dimdiyində çör-çöp daşıyıb divarların yırtıq deşiyində yuva quran, ağacların budağında dolaşan boz sərçələrin ciggiltisi, qanadlarını gərib, tüklərini qabardıb fərələrin yanında lovğalanan hinduşkaların təkəbbürlü səsi, cücələrə qənim kəsilən qara qarğaların qarıltısı... qızmar günəş altında sükuta dalan həyət-bacanın qərəmətini dağıdıb kənddən uzaqlaşdırırdı. Və mənə elə gəlir ki, bu doğma hənirtilər, radiosuz, televizorsuz, telefonsuz, işıqsız kəndimizin – böyük-böyük şəhərlərdə bir-birinə qarışan benzin qoxulu maşın-mexanizmlərin tükürpədici səsindən, bahalı-bahalı mersedeslərin, tayotaların... zəhlətökən siqnallarından min kərə xoş səslərdi.
Fatma qocam bütün bunlara məhəl qoymadan çatmadan açdığı və bayaqdan bəri o baş-bu başa yelləyib çalxaladığı nehrəni yavaşıdıb asta-asta yırğalamağa başladı. Səliqə ilə yağı ayırıb iri badyaçaya yığdı. Ayranın yarısını çürüdüb şor eləmək, dovğa bişirmək, qalanını ehtiyacı olan qonum-qonşuya vermək üçün təzəcə qalaylanmış mis sərniclərə boşaltdı. Sonra da obaşdan ot çalmağa gedən atamın günorta yeməyi üçün təndir çörəyindən, nehrə yağından, bişmiş yumurtadan, dələmədən... dəstərxan bağlayıb qoltuğuma verdi və:
– Günortaya az qalıb – dedi. – Bir az cəld tərpən ki, vaxtında çatasan.
İmtahan verib dörddən beşə keçəndə qiymətimin biri “
Balaca olmağıma baxmayaraq, yol boyu ağır bağlamanı gah sağ əlimə, gah sol əlimə alır, gah da çiynimə qaldırırdım. Çarığım düyə gönünün yançağından olduğu üçün altı çox nazik idi. Yolun qızmar qumsallıqları ayağımı yandırırdı. Hərdən kənara çıxıb ot basmış cığırlarla gedirdim.
İrəlidəki qoşa təpəni aşanda, yaz, yay, payız mer-meyvəsi əskik olmayan Çay bağları göründü. Sifətimə sərin meh dəydi. Addımlarımı yeyinlədib çəpərdən bağa addadım. Əlimdəki bağlamanı yerə qoyub, alnımın tərini sildim. Bir anlığa dincimi aldım. Meyvələrinin ağırlığına tab gətirmədiyindən qanadları yana əyilən ağaclara heyranlıqla göz gəzdirdim. Qanadlardan sallanan gilasın, gilənarın uzun saplaqları mənə bəstəkarların not kitablarındakı işarələri xatırlatdı. Səs-səsə verən quşlar sanki bu not vərəqlərinə baxıb, təbiətin bəstələdiyi mahnıları məlahətlə oxuyurdular. Yuxarı tərəfdən qulağıma kərənti səsi gəlirdi. Arxlardan süzülən lacivərd suların zümzüməsini dinləyirdim. Bir-birinə qarışan bütün bu səslər mənə simfonik musiqi təsiri bağışlayırdı. Bərgüşad, incə qəlbimi ehtizaza gətirən bu simfoniyanı ilıq ləpələrinə büküb Xan Araza, Dəli Kürə, Mavi Xəzərə səxavətlə ərməğan aparırdı. Xəyal dünyamın pəncərəsindən bu mənzərəni seyr etdikcə riqqətə gəlirdim. Və özümü oruc-namazından qalmayan Fatma qocamın danışdığı nağıllar aləmində hiss edirdim.
lll
Böyürtkən kolları basmış daş hasarların qurtaracağında ot çalanların səs-küyü gələn biçənəyə döndüm. Atam ayağının birini irəli, birini geri qoyub iri kərəntisi ilə çiçəkli yoncanı lay-lay yerə sərirdi. Kərənti yoldaşları cərgə ilə onun arxasınca irəliləyirdilər. Söz yox ki, atamın günorta yeməyini vaxtında çatdırmışdım. Əlimdəki bağlamanı dibindən arx dolu su axan qarımış ağacın budağından asdım ki, qarışqa daraşmasın. Özüm qalın kölgə düşən və çiçəkləri coluxmuş ot laylarının üstündə oturub, kürəyindən tər süzülən ot çalanların nə vaxt günorta çörəyinə gələcəklərini gözlədim.
Günün duran vaxtı hamı kərəntisini kənara qoyub, arxın suyu ilə əl-üzünü yuyub, ağacların qalın kölgə saldığı yumşaq otun üstündə qabaq-qənşər bardaş qurdu. Atam əlindəki kərəntisini gözucu nəzərdən keçirib öz-özünə –ağzı yellənib, yoncanı dibdən götürmür, gərək əməlli-başlı əl gəzdirəm – deyib, bizə tərəf yönəldi. Və iş yoldaşlarının yanında əyləşdi. Hərə öz bağlamasını açıb ortalığa qoydu. Onlar kövşən ətirli “yaşıl stolun” üstünə sərilmiş yemək süfrəsini dövrəyə aldılar. Hamı bir ağızdan –Bismillah- deyib çörəyə əl uzatdı. Atamın mərhəm baxışlarında özümə qarşı çətin sezilən bir inciklik hiss edirdim. “Yəqin illik qiymətlərimin hamısı “
lll
Ot çalanlar günorta çörəklərini yeyib qayışlarının altını bərkitdikdən sonra yanlarını yerə verib olub-keçənlərdən, gələcəkdən, yaşadıqları zəmanənin keşməkeşlərindən söhbət açdılar. Onlar maraqlı-maraqlı əhvalatlar danışırdılar. Ötkəm xasiyyəti olan Əbil kişi incikli halda:
– Ə, düzdü e, atalar deyib ki, çox bilirsən, az danış. Axı necə danışmayasan?! Elə şeylər var ki, vallah yadıma düşəndə cin vurur təpəmə. Niqolay bizə bir gün ağlamadı, Şura hökuməti gələndə də şad olduq ki, kəndi ağ günə çıxaracaq. Gərək haqqı danmıyasan, keçmişə nisbətən indi hər yerdə əmin-amanlıqdır. Heç kəs bir-birinə dəyib-dolaşmır. Qurd quzuynan otluyur. Bir ətək pul töküb uşaqlarımız üçün təzə məktəb tikib. Buna sözüm yoxdur. Di gəl ki, bu hökumətin elə işləkləri var ki, nə yerə sığır, nə də ki, göyə. Bizə deyir bircə inəkdən artıq saxlamaq qadağandır. Onun da südünü uşaqların boğazından kəsib, yağ eləyib hökumətə veririk. Altının buzovunu çəkib aparır ki, ət hazırlığına getməlidir. Gündoğandan günbatanın hökuməti, keçinin qəzlinə, toyuğun yumurtasına göz dikir. Əməyimizə beş-altı pud çəltik düşür, onun da düyüsünü satıb pul eləyirik ki, istiqraza verək. Deyir, paraya dəymə, bütövü də kəsmə, doğra, doyunca ye. İndi, Əbil, get, canın çıxsın, acından öl! Bu əllərimlə saldığım bağları da haqq-nahaq danaboyun eləyib əlimizdən alıb. Uşaqlarımız meyvə üzünə həsrətdi.
Əbil kişi danışdıqca həyəcanlanırdı. O, üzünü həmsöhbətlərinə tutaraq:
– Bu dediklərimin hansı yalandırsa, durun tüpürün üzümə, deyin, Əbil, şər danışırsan, səndən axmaq adam yoxdur.
Əjdər qımışaraq:
– Pahoo! Guya ki, Əbil təzə söz icad eləyib!!! Ə, dediklərini kim bilmir?! İndi biz duraq hökumətlə kəllə-kəlləyə gələk?! Əbil, bu sözləri burda dedin, bir də dilinə gətirmə. Orda-burda çərənləyərsən, mərdiməzarın biri aparıb qoyar yuxarıdakıların ovcuna. Ondan sonra gəl ölünü qoy, dirini ağla. Həzrət Abbas haqqı, o çiyni paqonlular, səni Həbib bəy kimi haqq-nahaq gecəynən qulaqlayıb elə yerə göndərərlər ki, heç yerin-yurdun da bilinməz.
Hamı: – Doğrudur – deyib Əjdərin sözünü təsdiq etdi.
Atam təmkinlə:
– Əbilin sözünü qəribliyə salmayın – dedi. – Kişi olanı danışır. Bu hökumətin yaxşı işləri də var, onu danmaq olmaz, ancaq at işləməz yolları da çoxdur. Ancaq bir söz ki, xeyirdən çox ziyan gətirə, onu deməsən yaxşıdır. Bir də ki, havayı yerə ha danış, yel qayadan nə aparır. Ona görə gəlin hökumətin işinə qarışmayaq. Özümüzə aid olan söhbət edək.
Əbil hövsələdən çıxdı:
– İldırım kişi də bağışlasın, onun yanında alt-üst danışmaq bizə yaraşmaz. Ancaq bunu deməsəm, bağrım çatlayar. Zülmnən abad olan, adilnən bərbad olar!! Vallah-billah, simi-vallah, belə hökumətin axırı yoxdur! Şuranın axırı-aqibəti niqolayınkından betər olmasa, bu qulaqlarımın ikisini də dibindən sivirərəm. İntəhası, tezi-geci var...
lll
Atam bu yerli-yersiz dedi-qoduları eşitmək istəmirmiş kimi ayağa qalxıb dalda bir yerə keçdi. Və tərli paltarını dəyişib geri döndü. Əvvəlki yerində əyləşib söhbətin istiqamətini dəyişdi:
– Qədim zamanlarda bir padşah xəzinələrini gəzib dolaşanda gözünə bilək yoğunluğunda sünbül sataşır. Padşah sünbülün birini qırıb ovcunda ovanda nə görsə yaxşıdır?! Yumurta boyda iri dən. Padşah gözlərinə inanmır. Öz-özünə fikirləşir ki, xudaya, bu boyda da dən olar?! Məsələdən hali olmaq üçün tez vəzirini çağırır ki, onu bu sirrdən agah eləsin. Vəzir yumurta boyda dəni görəndə onun özü də mat-məəttəl qalır.
Xeyli məsləhət-məşvərətdən sonra padşah buyurur ki, nəyin bahasına olur-olsun, bu sirri öyrənməliyik. Üzünü vəzirinə tutub deyir ki, ancaq sənə inanıb etibar eləyirəm. Bu möcüzəni doğru-dürüst öyrənmək üçün bir ay da möhlət verirəm.
Vəzir evə qayıdanda arvad-uşağını başına yığıb əhvalatı onlara danışır. Deyir ki, günü sabahdan bir aylığa səfərə çıxmalıyam. Heç biriniz də məndən nigaran qalmayın. Padşahımızın buyruğunu yerə sala bilmərəm.
Beləliklə, vəzir səhərisi pay-piyada düşür yolun ağına. Neçə gün, heçə həftə gecəni gündüzə qatıb kəndi-kəsəyi vurur bir-birinə. Ancaq bir mətləb hasil olmur ki, olmur. Çox gəzib dolaşdıqdan sonra uzaq məmləkətdə yaşayan, hər şeydən hali olan Canəli adlı dünyagörmüş ahıl bir qocanı ona isnad verirlər. Vəzir soraqlaşa-soraqlaşa üç gün-üç gecə yol gedəndən sonra, axır ki, Canəlini tapır. Beli bükülmüş, gözləri çuxura düşmüş, heysiz-hərəkətsiz qoca taxtın üstündə uzanıb o dünyayla əlləşirdi. Ayağa durmağa taqəti qalmamışdı. Onun başına yığışanlar hörmətli qonağın bu evə nə məramla təşrif gətirdiyini qocaya başa salırlar. Canəli bir çətinliklə özünü cəmləşdirib yönünü vəzirə tərəf çevirir. Nəfəsini çiyinlərindən ala-ala:
– Vəzir sağ olsun – deyir. – Əvvəla, bu evə xoş gəlib səfa gətirmisən. O ki, qaldı yumurta boyda dən məsələsinə, mənim filan məmləkətdə Hacıəli adlı qardaşım var. O, yaşca məndən böyükdür. Əgər zəhmətə qatlaşıb Hacıəlini tapa bilsən, bu barədə o, daha səhih məlumat verər...
Vəzir vaxt itirmədən ayağa qalxıb ev sahibləri ilə xudahafizləşir. Üz qoyur Hacıəlinin yaşadığı ikigünlük at mənzilində olan kəndə. Ancaq vəzir yol boyu çox nigarançılıq keçirir. Düşünür ki, o dünya ilə əlləşən, güc-bəla ilə danışan bu qocanın böyük qardaşı, yəqin ki, Canəlidən betər vəziyyətdədir. Belə olan halda onunla nə danışacaq?! Necə danışacaq?!
Əlqərəz, vəzir fikirləşə-fikirləşə addımını yeyinlədib, varid olur Hacıəlinin yaşadığı kəndə. Vəzir kəndin ayağında at, qatır, öküz nallatdıran adamlara yaxınlaşıb onlardan Hacıəlini soruşur. Ona yamac yerdə, qaratikan kolundan qalın çəpəri olan həyəti göstərirlər. Deyirlər, Hacıəlinin evi, bax, odur.
Vəzir həmin səmtə yönəlib Hacıəlinin evinə çatanda həyətdə balta ilə odun doğrayan, sir-sifətindən gümrahlıq yağan, dolu bədənli bir qoca ilə üzləşir. Ev sahibi qonağı görəndə əlindəki baltanı kənara qoyub irəli yeriyir.
– Salam.
– Əleykəssalam.
Onlar əl tutub görüşürlər. Əvvəlcə vəzir dillənir:
– Bağışlayın, bu kənddə mənə Hacıəli lazımdır.
Ev sahibi ehtiramla gülümsəyib:
– Hacıəli mənəm. Nə buyurursunuz? – cavab verir.
Vəzir axtardığını tapdığı üçün məmnun qalır. Hacıəliyə üzünü tutub:
– İcazə versəydiniz, vaxtınızı alıb sizdən bir-iki kəlmə söz soruşardım.
Hacıəli:
– Tanımaza-bilməzə qapıma ayaq basmısan. Gözüm üstə yerin var. Əziz də qonağımsan. Ona görə də ayaq üstə durmayaq. Keçək içəri, söhbətimizi eləyək. Mənlik nə işin olsa, köməyimi əsirgəmərəm.
Onlar evə keçib qabaq-qənşər əyləşirlər. Qonaq əsl mətləbə keçib gəlişinin səbəbini yerli-yataqlı Hacıəliyə ərz edir. Ev sahibi əlini nurani saqqalında gəzdirib bir qədər fikrə gedir. Sonra başını qaldırıb:
– Vəzir sağ olsun, – deyir. – Düz buyurursan. Haçansa yumurta boyda dən olub. Bunu, mən də uzaqdan-uzağa eşitmişəm. Ancaq hansı zəmanədə?! Necə?! Nə təhər?! Desəm ki, bu suallara doğru-dürüst cavab verə bilərəm, onda qarşında yalançı olaram. Əsl həqiqəti bilmək istəyirsənsə, gərək zəhmətə qatlaşıb Xanəlinin yanına gedəsən. Biz üç qardaşıq. Yaşca Xanəli hamımızdan böyükdür. Ağıl-kamalda da biz iki qardaş ona çata bilmərik. Xanəli burdan otuz-qırx verstlik aralıda, günbatan tərəfdəki qoşa dağın arasında, balaca bir kənddə yaşayır. Amma bu tüfəng qarovuldan düşən vaxtı səni buraxa bilmərəm. Çünki o yerin eniş-yoxuşu çoxdur. Bir də ki, şər deməsən, xeyir gəlməz. Allah eləməmiş, qarşına vəhşi heyvan-zad çıxar, sənə xəsarət yetirər, arada peşmançılıq olar. Həm də atalar demişkən, axşamın xeyrindənsə, səhərin şəri yaxşıdır. Sağlığına, geniş otaqlarımız, tərtəmiz yorğan-döşəyimiz var. Bu komanı öz evin hesab elə. Arın-arxayın gecələ, dincini al. Sabah, Allah qoysa, düşərsən yola. Onu da deyim ki, and olsun bizi yaradana, iki dünya bir olsa da, gecənin bu zülmət qaranlığında səni heç hara buraxan deyiləm. Təvəqqe eləyirəm, saqqalımın bu çal vaxtı sözümü yerə salma...
Vəzir görür ki, ev sahibinin təklifi sidq-ürəkdən gəlir. Odur ki, sözünü yerə salmır...
Səhərin gözü açılanda vəzir yerindən qalxıb qıs-qıvraq geyinir. Çayını içib, çörəyini yeyib düzəlir yola. Qonaq yolağadan çıxanda Hacıəlinin abırlı-həyalı yoldaşı Güldəstə onun arxasınca bir parç su atır. Hacıəlinin böyük oğlu da ədəb-ərkanla qonağın qabağına düşüb kənddən çıxana qədər bələdçilik edir, atlını atdan salan, piyadanı yoldan eləyən qanıx itlərdən sovuşdurur.
Vəzir qalın-qalın meşələrdən, dərin-dərin dərələrdən, təpələrdən keçib həmin kəndə çatanda görür ki, yaxın həyətdə bir nəfər boylu-buxunlu adam ata qaşov çəkir, tumar vurur. Həmin evə tərəf dolaylanır. Çəpərin bu tayından, köhlən atının yal-quyruğuna sığal çəkən hündür boylu, enli kürəkli, başında qara quzu dərisindən qulaqlı papağı olan adamı səsləyir. Ev sahibi yad adamın hənirtisini eşidən kimi atdan aralanıb onun qabağına yeriyir. Onlar salamlaşıb görüşürlər. Xoş-beşdən sonra vəzir soruşur:
– Bağışlayın, bu kənddə mənə Xanəli lazımdır. Canəlinin, Hacıəlinin böyük qardaşı.
Ev sahibi əlini sinəsinə qoyub:
– Elə düz tapmısan – deyir. – Canəlidən, Hacıəlidən böyük qardaş mənəm. Nə qulluğunuz?!
Vəzir axır ki, məqsədinə çatdığından xoşhal olur. Xanəli qərib qonağı evinə dəvət edir. Onlar yanaşı oturub söhbətə başlayırlar. Vəzir yumurta boyda dəndən, Canəli və Hacıəli qardaşları ilə görüşündən ətraflı danışır. Xanəli qonağın gəlişinin səbəbini, məramını biləndə əvvəl fikrə gedir. Sonra təmkinli görkəm alıb tələsmədən belə nəql edir:
– Qədim zamanlarda Tanrıverdi adlı mülk sahibi ata-babadan qalma minillik torpağını həmkəndlisi Bəşiralıya satır. Payıza dönəndə Bəşiralı aldığı torpağı şumlamağa başlayır. Sahənin ortasında cütün ucu harasa ilişir. Bəşiralı öküzləri nə qədər qısnayır, cüt yerindən tərpənmir ki, tərpənmir. Bəşiralı macı buraxıb, cütün ucu ilişən yeri eşməyə başlayır. Nə görsə yaxşıdır?! Baxıb görür ki, xışın gavahını paslı bir zəncirə ilişib. Belini, düsərini işə salıb zəncirin ucunu axtarır. Müəyyən edir ki, yerin altında qızılla dolu qırx küp zəncirlə bir-birinə bənd olub. Bəşiralı şumu dayandırıb, öküzləri də açıb buraxır. Və qaçır Tanrıverdinin üstünə. Başına gələn bu əhvalatı ona danışandan sonra deyir ki, əmoğlu, mən səndən torpaq almışam, qızıl yox. Gəl malına sahib dur. O da deyir ki, bu torpağı ata-babadan üzü bəri min ildən çoxdur ki, əkib-becəririk. Allah-taalanın məsləhəti olsaydı, qızıl küplər bizim bəxtimizə çıxardı. Əgər çıxmayıbsa, deməli, mənim qismətim deyilmiş. Qismətdən artığına tamah salıb göz diksəm, Tanrının qəzəbinə gələrəm. Ona görə də qızılları uzaq elə, məni günaha batırma. Bəşiralı da iki ayağını bir başmağa dirəyir ki, canım-gözüm, mən sənə torpağın haqqını vermişəm. Aramızda qırx küp qızıl söhbəti olmayıb. Səni göydəki Allaha and verib yalvarıram, gəl mağduruna sahib dur.
Beləliklə, nə Tanrıverdi ipə-sapa yatır, nə Bəşiralı. Heç biri inadından dönmür ki, dönmür. Məsələ böyüyür, axırda qazi işə qarışır. Xeyli məsləhət-məşvərətdən sonra qazi öyrənir ki, Tanrıverdinin ərə getməli qızı, Bəşiralının evlənməli oğlu var. Qazi ölçüb-biçib belə qərara gəlir ki, Bəşiralının oğlu ilə Tanrıverdinin qızı nikah bağlayıb, ailə qursunlar. Qırx küp qızıl da ortalıqda onların övladlarına verilsin. Beləliklə, torpaq satanla torpaq alanın deməyə sözləri qalmır. Onlar qazinin dediyi qaydada razılığa gəlirlər. Söz-söhbət bununla da qurtarır. Qazinin qərarından mübahisə edənlər də, bu əhvalatı eşidib-bilənlər də razı qalırlar.
Xanəli sözünü tamamlayıb yönünü qonağa tərəf çevirir:
– Vəzir sağ olsun – deyir, – dən ruzudur. Çörək Qurandan qabaq gəlib. Onda insanlar tamahlarının qulu deyildi. Halallıq, düzlük zamanasıydı. Ona görə də Allah-taala yaratdığı bəndələrinə yumurta boyda dən qismət eləmişdi. Halallıq, düzlük olmayan yerdə xeyir-bərəkət olmaz.
Xanəli söhbətinə ara verib, təəssüflə başını buladı və kədərli ah çəkib sözünə davam etdi:
– İndi, qonaq qardaş, zəmanə ilbəil xarablaşır. Burnunun ucundan o tərəfi görmək fəhmi olmayan fərsiz hökmdarlar möizən-billah allahlıq iddiasındadırlar. İnsanların dünya malından gözü doymur. Kişilər getdikcə qeyrətsizləşir, qadınlar fitnə-fəsad törətməkdən usanmırlar. Ağsaqqalı, qarasaqqalı saya salan yoxdur. Övladlar onları nə zillətlə böyüdüb, boya-başa çatdıran valideynlərin qədir-qiymətini bilmir. Oğul atanın üzünə ağ olur, gəlinlər qaynatadan, qaynanadan həya eləmirlər. Yalan, böhtan baş alıb gedir. Dünən yumurtadan çıxıb təsadüfdən əlinə bir vəzifə keçirənlər özlərini ağıl dəryası hesab edirlər... Hansını deyim?!. Amma yeri-göyü yoxdan var eləyən Allahın səbri böyükdür. Bütün bu günahlarımızdan keçib, bizə bir loxma çörək verirsə, ona da gərək min kərə şükür eləyək.
Vəzir aldığı cavabdan məmnun olub ev sahibinə minnətdarlığını bildirir. Ancaq yenə də dərin-dərin fikrə gedir. Xanəli tükü-tükdən seçən adamıydı. Hiss eləyir ki, vəzirin yenə də deməyə nə isə sözü var. Ancaq üzü gəlmir. Ona görə də Xanəli qərib qonağa xoş nəzər salıb:
– Vəzir sağ olsun – deyir,– lovğalıq olmasın, mən arif adamam. Üz-gözündən belə başa düşürəm ki, nə isə demək istəyirsən?! Neçə-neçə kəndi-kəsəyi keçib, uzaq-uzaq yol gəlmisən. Təvəqqe eləyirəm, çəkinmə, ürəyində nə var, de.
Vəzirin qırışığı açılır və:
– Bağışlayın, – deyir, – soruşmağa da dilim gəlmir. Təvəqqəm odur ki, bir sirrdən də məni agah elə.
– Buyurun, buyurun!
– Buyurmağım odur ki, Allahdan gizlin deyil, bəndədən nə gizlin. – Vəzir sözə başlayır. – Sizin ən kiçik qardaşınız Canəli çox qocalıb, dili söz tutmur, gözləri nurdan düşüb, qulağı ağır eşidir, oturub-durmağa da heyi-hərəkəti qalmayıb. Ondan bir-iki kəlmə sözü gücnən qopartdım. Ortancıl qardaşınız Hacıəli ona nisbətən çox gümrahdır. Siz isə – maşallah, göz dəyməsin, hər ikisindən böyük olsanız da, cavan oğlan kimisiniz. Bax, bu məsələyə mat qalmışam.
– Vəzir sağ olsun, burda mat qalmağa bir şey yoxdur. – Xanəli cavab verir. – Ərz eləyim ki, əslində evin daxili sirrini kənara çıxartmazlar. Ancaq bir halda ki, maraqlanıb soruşursan, düzünü deməliyəm. Yalançı Allahın düşmənidir. Xırda qardaşım Canəlinin bəxtinə əsli-nəsli, nəcabəti olmayan bir arvad çıxıb. Çox paxıl, hikkəli, hiyləgər, fitnəkar qadındır. Allah-taala o cür arvadı heç kafir bəndəsinə də qismət eləməsin. Gündə-günaşırı evlərində dava-dalaşdır. Canəlinin də yediyini-içdiyini zəhrimara döndərib. Heyləsinin qarnından çıxan nə olar?! Məsəl var ki, siçandan olan dağarcıq kəsər. Üç oğlu var, biri-birindən səfeh. Evə qazanc gətirib atalarına dayaq olmaları o yana dursun, heç öz başlarını girləyə bilmirlər. Kasıbçılığın üzü qara olsun. Canəlinin dolanışığı da yaxşı deyil. Qapısında dördayaqlıdan bir pişiyi də yoxdur. Düzdür, kiçik qardaş kimi mənim də, Hacıəlinin də ona azdan-çoxdan köməyimiz dəyir. Ancaq qonşu payıyla qarın doymaz. Bax, bu səbəblərdən də Canəli kiçiyimiz olsa da, vaxtından əvvəl qocalıb əldən düşüb. Ortancıl qardaşım Hacıəliyə gələndə, onun güzəranı babatdır. Bir yastığa baş qoyduğu da pis qadın deyil. Di gəl ki, zürriyyət sarıdan bəxti gətirməyib. Övladları həlləm-qəlləmdir. Qardaşıma baştöhməti gətirirlər. Onu da Hacıəli ürəyinə salıb xiffət çəkir. Mənim də siz deyən kimi, yaxşı qalmağımın səbəbi odur ki, şükür İlahinin kərəminə, küflətim nəcabətli, əhli-hal, haracan desən abırlı-həyalı qadındır.
Xanəli bu sözü deyəndə yüngülvari gülümsündü. Və əlavə etdi:
– El arasında belə bir məsəl var: kişi atını tərifləyər, nakişi arvadını. Bunu dilimə gətirməzdim. Bir halda ki, soruşursunuz, mən də olanı deməliyəm. Yüzü keçmişəm, bu çağacan aramızda giley-güzar, qan qaraldan söz-söhbət olmayıb. Oğlanlarım da, üzləri ağ olsun, bir sözümü iki eləməzlər. El-oba arasında da elə davranırlar ki, onlara görə xəcalət çəkmirəm. Yemək-içmək sarıdan da şükür Tanrının kərəminə, korluğumuz yoxdur. Gördüyünüz kimi, altımda yəhərli-yüyənli köhlən atım, sürüynən mal-heyvanım. Heç vaxt da təknəmdən çörək əskik olmayıb. Vəzir sağ olsun, bax, buna görə də kiçik qardaşım Canəlidən də, ortancıl qardaşım Hacıəlidən də gümrah qalmışam.
Vəzir Xanəli ilə söz-söhbətindən razı qalıb, şad-xürrəm öz məmləkətinə dönür.
lll
Atam yumurta boyda dən hekayətini tamamlayandan sonra – Allah, Məhəmməd, ya Əli – deyib ayağa qalxdı. Sanballı çəkici ilə iki-üç girvənkə ağırlığında olan balaca zindanını köhnə bir kötüyə pərçim edib zərgər dəqiqliyi ilə kərəntisinin ağzını döyüb, yelini almağa başladı.
Bayaqdan onu dinləyən kərənti yoldaşları isə hələ də xəyala dalmışdılar. Atamın söylədiyi yumurta boyda dənin yetişdiyi zəmanədən ayrıla bilmirdilər.
lll
İllər keçdi... Uşaqlıq dünyam neçə onilliklərin arxasında qaldı. Lev Tolstoyun əsərlərini nəzərdən keçirəndə, onun “Yumurta boyda dən” hekayəsinə təsadüf etdim. Atamın gül-çiçək ətirli kövşəndə söylədiyi eyni adlı, lakin müxtəlif məna kəsb edən hekayətini xatırladım. Onun kərəntisinin, çəkicinin, balaca zindanının cingiltisini dinlədim. Və atamın söylədiyi həmin ibrətamiz kəlamları yenidən qələmə aldım.
19 mart 2014-cü il