Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
(Əvvəli ötən şənbə sayımızda)
Təəccüb doğuran o idi ki, bulaq çəkilişinin ili tamam olan gün Məşədi Allahverən dünyasını dəyişdi. Oğlu Məmmədbağır da atasından sonra çox yaşamadı...
Yüz illərdir Məşədi Allahverənin adını daşıyan bulaq gecəli-gündüzlü gur bir səslə kəndə xoş təranələr yayır. Və sanki Məşədi Allahverəni xatırlayıb ona “Ruhun şad olsun!” deyir.
lll
Artıq Əmrah da o Əmrah deyildi. Yekəlib boy-buxunlu, ərgən oğlan olmuşdu. Əvvəlki kimi şıltaqlıq eləmirdi. Evlənmişdi, ailə-uşaq sahibi idi.
Babası Məşədi Allahverəndən, atası Məmmədbağırdan sonra ailənin bütün ağırlığı Əmrahın boynundaydı. Yaşca özündən xeyli kiçik olan İldırımın hələ çörək qazanan vaxtı deyildi. Həyat yoldaşı və iki bacısı ev işləri ilə məşğul olurdu. İnəkləri sağır, çatma qurub nehrə, tuluq çalxayır, motal tutur, çay-çörək hazırlayırdılar.
lll
Qızmar yay günlərinin birində evin qapısını bağlayıb, ailəlikcə Çay bağına getdilər. Doşab bişirməyin əsl vaxtı idi. Tut ağaclarının dibinə iri, ağ karxanalar sərildi. Kənarda gur ocaq qalandı, tiyan asıldı. Əmrah tut ağacına çıxıb budaqları bir-bir silkələyirdi. Qadınlar qəddini əyib kənara tökülən tutu bir-bir əvdirib karxanalara atırdı. Çay boyu uzanıb gedən bağda rəngbərəng quşların nəğməsi, Bərgüşadın səsi, cırcıramaların aramsız hay-harayı şən musiqi təsiri bağışlayır, xoş ovqat yaradırdı. İldırım qaynamaqda olan iri tiyanların altına odun, çır-çırpı atır, arabir uzun qulpu olan abgərdənlə doşabı qarışdırır, kəfini yığırdı. Əmrah tut ağacının başından İldırımı səslədi:
- Çörək səni tutmasın, burdan baxıram, bostanlar quruyub əldən gedir. Xiyar, pomidor, yemiş-qarpızın tağı büzüşüb. Əlindəki işi qoy kənara, yubanmadan get, yuxarı arxdan suyu bağla gəlsin. Mən də bir-iki qanad qalıb, onları da çırpıb, enirəm aşağı. Bu gün bostanları suvarmasaq, quruyub əldən gedər.
Ana arx çəpər-çəpərə olan qonşu Mərdan bəyin bağından keçir. Mərdan bəy də ki, yiyəsini yıxmış atdır. Su üstündə neçə nəfəri beşaçılanın ağzına verib o dünyalıq eləmişdi. Ona görə də hər adam cəsarət eləyib Mərdan bəyin həndəvərinə belə üzükə bilməzdi. Onun bir sözünü iki elədin, qurtardı getdi, onda gərək ölümünü gözünün qabağına gətirəsən. Qabaqlar bir-iki dəfə Əmrahın atası Məmmədbağıra hərbə-zorba gəlmişdi. Bağ qonşusunu tez-tez ölümlə hədələyirdi. Məmmədbağır da ki fağırın biriydi. Və Mərdan bəyin gözüqanlı adam olduğunu bildiyi üçün həmişə onunla ehtiyatla davranırdı. Mərdan bəylə əsla öcəşmirdi.
İldırım Mərdan bəyin xasiyyətinə bələd olsa da, qardaşı Əmrahın sözünü yerə salmadı. Su gətirmək üçün çəkinə-çəkinə onun bağına addadı. Mərdan bəy armud, alma, gavalı ağaclarının arasında dizini yerə qoyub, beşaçılan tüfənglə çayın o tayındakı ağ qayaları nişan alıb atırdı. Hər dəfə güllə açılanda ağ daşlardan toz qalxırdı. Ətrafdakı quşlar pərən-pərən düşürdü. Güllə hədəfə dəyməyəndə əsəbiləşir və başını bulayıb öz-özünə söyüb-söylənirdi. İldırım dalda bir yerdə dayanıb onun sərrast güllə atmaqda özünü sınamasına baxırdı. Mərdan bəy beş-on patron korlayandan sonra beşaçılanın qayışını çiyninə keçirib yaxınlıqdakı gavalı ağaclarının arasına tərəf yönəldi. Qanadları əyib, yetişən meyvələrdən ləzzətlə yeməyə başladı. İldırım gördü ki Mərdan bəyin başı meyvə yeməyə qarışıb, fürsətdən istifadə edib xəlvəti bir yerdən ana arxa tərəf getmək istədi. Ancaq Mərdan bəyin gözündən yayına bilmədi. Mərdan bəy İldırımı görəndə hövsələdən çıxdı. Və barmağını enli kəmərinə keçirib təkəbbürlə:
- Ə, qancıq oğlu qancıq, buralarda nə veyillənirsən?!
İldırım udquna-udquna:
- Mərdan əmi, bostanımız susuzluqdan yanır, - dedi, - gedirəm yuxarıdan arxın bərələrini açım, su gəlsin.
- Su yerinə gəl bunu... apar,-deyib əlini şalvarının qabağına qoydu, - Rədd ol burdan, səni gözüm görməsin. Bir də buralara hərlənsən, təpənə bir güllə vurub, səni it kimi gəbərdərəm.
İldırım Mərdan bəyin qırımını görüb, kor-peşman geri döndü.
Əmrah hələ tutu çırpıb qurtarmamışdı, yuxarıda bir-iki qanad qalmışdı. Qardaşını görəndə hökmran bir səslə:
- İldırım, suyu bağladın?!
İldırım böyük qardaşının dediyini yarıtmadığına, əlavə, Mərdan bəyin onu söyüb, biədəb sözlərlə təhqir etdiyinə görə kövrəldi. Dillənə bilmədi.
Əmrah ikinci dəfə soruşdu:
- Ə, niyə dillənmirsən, lalsan?!
İldırım:
- Mərdan bəy!... Mərdan bəy! - deyib özünü saxlaya bilmədi. Qəhər onu boğdu.
Əmrah məsələnin nə yerdə olduğunu hiss eləyib hündür ağacdan tələsik enməyə başladı. Lakin hövsələsi çatmadı. Hirsindən özünü hündür qanadların birindən yerə tullayıb, Mərdan bəyin bağına tərəf cumdu. Bacıları Əmrahın ayaqları altına düşüb yalvardılar ki, bostan yanır, cəhənnəmə yansın. Ondan ötrü yaxanı aparıb Əzrayılın əlinə vermə. Sən bilmirsən ki Mərdan bəy neçəsinin başını yeyib?!
Əmrah necə hirslənmişdisə, deyilənləri eşitmirdi. Bacılarının, həyat yoldaşının yalvarışını saya salmadan əliyalın çəpərdən sıçrayıb, bir göz qırpımında Mərdan bəyin bağına addadı. Qardaş-bacıları saçlarını yola-yola Əmrahın arxasınca düşdülər.
Mərdan bəyin tüfəngi ortasından sındırılıb, çaxmağı kol-kosluğa atılmışdı. Bağın yuxarı tərəfindən boğuq səs gəlirdi. Əmrah sol əli ilə Mərdan bəyin qat-qat ət bağlamış yoğun peysərindən yapışıb arx boyu sürüyür və sağ əli ilə bərələri bir-bir açıb, suyu öz bağına döndərirdi. Əmrahın bacı-qardaşı yalvarıb-yaxarıb, birtəhər Mərdan bəyi onun əlindən aldılar. Mərdan bəy bataqlıqdan çıxan camış kimi suyu süzülə-süzülə sürünüb, arxasına baxmadan aradan çıxdı.
O gündən sonra Əmrahın hənirtisi gələndə Mərdan bəy başını soxmağa yer axtarırdı. Və çalışırdı ki, bir də Əmrahla üz-üzə gəlməsin.
Əmrahın hirsi hələ də soyumamışdı. O, töyşüyə-töyşüyə qayıdıb yenidən ağaca çıxdı. Çırpılmamış qanadları axıra qədər silkələyib tutunu tökdü.
Bacıları tökülən tutu yerbəyer eləyirdi. İri tiyanlarda buğlanan doşabı abgərdənlə saxsı küplərə doldururdular. Sonra da ağır karxanaları çayın qırağında suya salıb, şirəsini yuyub-təmizləyir, qurumaq üçün gündöyən yerlərə sərirdilər.
Əmrah əlində bel, bağ-bostana baş çəkdi. Bu gün-sabah meyvələri yığılacaq ağacları nəzərdən keçirdi. Arvad-uşaq işlərini yerbəyer elədilər. Qaş qaralanda ulaqları yükləyib, bağdan çıxdılar.
lll
Bol suyu, münbit torpağı, bolluca barı-bəhrəsi olan bağ Bərgüşadın sol sahili boyunca uzanıb gedən ensiz düzənlikdə yerləşir. Ona görə bura Çay bağları adlanır. Bu bağların əksəriyyətinin sahibi adlı-sanlı bəylərdi. Əmrah yeganə şəxs idi ki, onun bağı bəyzadələrin arasına düşmüşdü. Və necə olmuşdusa, bu mülk Məşədi Allahverənə ata-babadan qalmışdı. Ona görə bəylərin çoxu Məşədi Allahverənə, oğlu Məmmədbağıra, indi də Əmraha xor baxır və onları həmişə burunlayırdılar. Xüsusilə də ötkəm xasiyyətinə görə Əmrahı gözləri götürmürdü. Və məqsədləri, məramları da o idi ki, bir qurğu qurub, fürsət düşən kimi Əmrahı aradan götürsünlər. Əsas səbəbi də o idi ki, bəylə rəiyyətin bir yerdə oturub-durmağı onlara çöçün gəlir və bunu özlərinə əskiklik hesab edirdilər. Əmrah bəylərin məkrli niyyətini hiss edib başa düşsə də, bunu büruzə vermirdi. Lakin həmişə sərvaxt gəzib-dolanırdı. Başını qaldıranın da burnunu ovub, Mərdan bəyin gününə salıb oturdurdu yerində.
Çay bağının quruluşu elə idi ki, bütün bağ-bostanın hamısı Bərgüşaddan ayrılan bir ana arxdan su içirdi. Ona görə də su üstündə çoxlu qalmaqal olurdu. Hətta su növbəsinə görə bəylər bir-birinin üstünə tüfəng çəkib, neçəsini qətlə yetirmişdilər.
Mərdan bəyin də ki... adı qulağına dəymişdi. Tanrısına bəndəlik eləmirdi. Dinənin dilini kəsir, görənin gözünü tökürdü. Su növbəsi üstündə bu gün-sabah toy eləyib evlənəcək cavan bir oğlanı o dünyalıq eləmişdi. Bu gün ilk dəfəydi ki, Əmrahla qabaq-qabağa gəlmişdi. Əmrah da onun beşaçılan tüfəngini əlindən alıb təpəsinə çırpmışdı. Sonra da ortasından sındırıb kənara atmışdı. O gündən Mərdan bəy mənəm-mənəmliyini yerə qoyub, daha onun-bunun üstünə xoruzlanmırdı. Bunu eşidib-bilən başqa bəylər də gözü çıxan qardaşı görüb, özlərini yığışdırmışdı.
lll
Səhər yenicə açılırdı. Çiyinlərində çörək dolu yamaqlı torba, əllərində dəyənək olan naxırçılar qapı-qapı düşüb, mal-qaranı hay-harayla tor-top eləyib örüşə aparırdılar. İş adamları ikibir, üçbir ot çalmağa, zəmi biçməyə, çəltik becərməyə, yetişdirdikləri mer-meyvəni yığmağa gedirdilər. Əmrah həyətdən çıxanda Hacı Misirxanın yamac yerindəki evindən qışqırıq, tükürpədici ağlaşma səsi eşidib ayaq saxladı. Qəza polisinin uryadniki Hacı Misirxanı şallağının altına salıb qəddarcasına döyürdü. Hökumət nümayəndəsi olduğundan Hacı Misirxan ona əl qaldıra bilmirdi. Arvad-uşağı bir-birinə qarışıb ağlaşırdılar.
Qayda beləydi ki, kənddə mehmanxana olmadığından gələn hökumət adamları hər dəfə bir evə qonaq verilirdi. Belində nazik qayış, ayağında uzunboğaz çəkmə, əynində qəlifey şalvar olan, cod və qalın bığları irəliyə çıxmış uryadnik kəndə dünən gəlmişdi və Hacı Misirxana qonaq verilmişdi. Səhər-səhər Hacı Misirxan qonağın atına xəlbir dolu arpa aparanda, həyətdə o baş-bu başa var-gəl eləyən uryadnik arpanın azlığını-çoxluğunı yoxlayanda qəzəblənir və:
- Bu nə arpadır mənim atıma verirsən?! - soruşur
Hacı Misirxan çaşır. Bilmir qonağa nə cavab versin. Qonaq təkəbbürlə:
- Əvvəla xəlbiri əməlli-başlı doldurmamısan,-deyir.-Xəsis oğlu xəsis! İkincisi də, arpanı yaxşı-yaxşı ələyib təmizləməmisən. İçində daş, zir-zibil var.
Hacı Misirxan dillənmək istəyəndə uryadnik hirslənib şallağı onun başına endirir.
Son dərəcə abırlı, uşaqla uşaq, böyüklə böyük kimi davranan Hacı Misirxan nə qədər yalvarıb dil tökür, yaxasını uryadnikin əlindən qurtara bilmir. Uryadnik ona şallağı şallaq üstündən endirir.
Əmrah uryadnikin bu cür əzazil hərəkətini görəndə hövsələdən çıxdı. Və özünü saxlaya bilmədi. Əvvəlcə bir neçə dəfə öz-özünə: “Lənət sənə kor şeytan! Lənət sənə kor şeytan!” deyib iti addımlarla özünü Hacı Misirxanın həyətinə çatdırdı. Və araya girib Hacı Misirxanı hökumət adamının əlindən almaq istəyəndə, uryadnik Əmrahın da üstünə şallaq qaldırdı. Əmrah ona aman vermədi, şallağını əlindən alıb, çırpdı təpəsinə və özünü də saldı təpiyinin altına. Sonra da yaxasından yapışıb kəndin ortasına qədər sürüdü və baş-gözü qanlı, atına mindirib kənddən qovdu...
lll
Adamlar qorxusundən bir-birinə dəymişdi. Hərənin ağzından bir avaz gəlirdi. Dalda-bucaqda Əmrahı söyənlər də olurdu:
- Hökumət adamını döyüb... o günə salmaq düz hərəkət deyil. Sonra bunun arxasında dayanmaq olmaz. Pristav adamın dərisini boğazından çıxardar.
- Əmrah uryadniki o cür bihörmət eləməkdə düzgün iş görmədi...
Kəndin ağsaqqal-qarasaqqalı fikirləşib belə bir qərara gəldilər ki, hələlik gözləyək görək bu həngamənin axırı hara gedib çıxır. Və yaxud nə yolla olur-olsun, pristava adam tapmalıyıq. Yoxsa pristav üstümüzə silahlı dəstə göndərib, hamımızı qolubağlı qazamata salmalıdır. Elə etmək lazımdır ki, bu qan-xatadan salamat qurtara bilək.
Aradan bir neçə gün keçəndən sonra xəbər yayıldı ki, pristav kəndə iyirmidən çox silahlı göndərir. Məqsədi də odur ki, kəndi dağıtsın, Əmrahı da əl-qolu bağlı aparsınlar.
Pristav atlılarının gəldiyini eşidəndə, kəndin sayılan ağsaqqallarından Məşədi İbrahim, Paşa, Fərhad, Firdovsi duz-çörək götürüb, Yazı düzündən kəndə enən yoxuşun başında dayandılar.
(Ardı var)