|
|
|
|
Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
(Əvvəli ötən şənbə sayımızda)
Salman Nadejdanın incə bədənini qolları arasına alaraq:
- Eh, Nadejda, Nadejda... Danışmağa başına söz qəhətdir?, - deyib onu sinəsinə sıxdı və dərəyə tərəf endirdi...
Onlar bir-birinin əlindən yapışıb, ağacların sıx olduğu yerə döndülər. Nadejda Salmanın ona göstərdiyi nəvazişdən xoşhal olsa da, yeri gəldikcə Əmrah yüzbaşı, onun harda olduğu, silah-sursat barədə verdiyi sualların ardı-arası kəsilmirdi.
Armenak Andranikin ordusuna lazım olan sirləri öyrənməkdən ötrü hər cür vasitəyə əl atırdı. O, qızı Nadejdanı da bu işə sövq etmişdi. Nadejda atası Armenakın tapşırıqlarına əməl etməklə yanaşı, özündən asılı olmayaraq qəlbinin dərinliklərində Salmana bəslədiyi məhəbbətin odunu da söndürə bilmirdi.
Armenak Əmrah yüzbaşı, onun silahlı dəstələri, kəndlərdəki silah-sursat və onların növləri barədə əldə etdiyi məlumatları vaxtlı-vaxtında Andranikin, Dronun, Nijdehin sadiq silahdaşlarına çatdırır və bu işi əcdadlarının ruhu qarşısında özünə şərəf bilirdi.
lll
Əmrah elə gün olmazdı ki, Azərbaycanın sərhədyanı kəndlərinə baş çəkməsin. Hər yerdə əmin-amanlıq idi: insanlar sakit həyat sürürdü. Əmrahın belə bir adəti var idi: hara getsə, axşam evinə qayıtmalıydı. Ancaq son üç gün idi ki, görünmürdü. Bu da Əmrah yüzbaşının uzaq-yaxın qohumları, dostları arasında narahatlıq yaradırdı. Əmrahın həyat yoldaşı Fatmanın səbri lap tükənmişdi. O, hər axşam evi yır-yığış eləyib, namazını qıldıqdan sonra dəhlizə çıxır, sütuna söykənib Əmrahın yolunu gözləyirdi.
Kənd yuxuya getmişdi. Tək-tük evlərin pəncərəsindən işıq gəlirdi. Bir də ki Məşədi Allahverən bulağının səsi eşidilirdi. Zülmət gecənin qara örpəyinə bürünmüş dağlardan, meşəliklərdən isaq-musaq quşlarının səsi gəlirdi. Birdən gecənin dərinliyindən Əmrahın mindiyi atın kişnərtisi eşidildi. Sanki qəfil şimşək çaxdı. Əliquluuşağı kəndi işıqlandı. Fatmanın eyni açıldı. Qəmər at şüurlu məxluq kimi sanki dilə gəlib sükuta dalmış Əliquluuşağına car çəkirdi ki, neçə-neçə zavallardan keçib sağ-salamat gəlmişik.
Fatma tez otağa girib Əmrah üçün çay-çörək hazırladı. Armudu samovarı dəhlizə çıxarıb odluğuna kömür saldı. Əmrah həyət qapısına çatıb atdan düşdü və cilovu kiçik qardaşı İldırıma verib evə daxil olanda:
- Fatma, əziyyət çəkmə, indi çay-çörək vaxtı deyil. Gecədən xeyli keçib. Özümün də yeməyə meylim yoxdur. Neçə gündür yuxusuzam. Bərk yorulmuşam. Yatmalıyam,-dedi.
Fatma Əmrahın sözünü çevirmədi. Taxtın üstündə yorğan-döşək açdı.
Əmrah yorğun-arğın təzəcə yuxuya getmişdi ki, güllə səsi eşidildi. Tez yorğanı üstündən atıb yerindən qalxdı, alt paltarında dəhlizə çıxdı. Ermənistanın Kərəvinc, Dığ kəndlərinə yaxın olan Davıdlı kəndi tərəfdən top-tüfəng səsi gəlirdi.
Əmrah tez-tələsik paltarını geyindi. Hər ehtimala qarşı patron dolu bir neçə kəmər bağladı. Beşaçılanı çiyninə keçirib həyətə çıxdı. Üzünü qardaşı İldırıma tutaraq:
- Tez Nəzəri yanıma çağır,-dedi.-Özü də silahını götürsün. Ancaq elə et ki, qonum-qonşu bilməsin. İndidən camaatı vahiməyə salmaq lazım deyil.
İldırım bir göz qırpımında Nəzərin evinə gedib, tez də geri döndü və Əmraha dedi ki, Nəzər ata-anasına baş çəkmək üçün Gürcülüyə gedib, bu axşam qayıtmayıb.
Əmrah düşündü ki, gecənin qaranlığında atışma olan tərəfə tək də olsa getməliyəm. Ancaq yanımca bir etibarlı adam götürsəm, pis olmaz. Əmrah əslində Balaca bəylə getməliydi. Son vaxtlar ondan şübhələndiyindən Balaca bəyə ürək qızdırmırdı. Ona görə əvvəlcə mirzəsini çağırmalı oldu. Tərslikdən həmin gecə Nəzər evdə tapılmadı. Və məcbur olub qardaşını Balaca bəyin arxasınca göndərdi. Və bayaq İldırıma dediyi eyni sözləri təkrar etdi:
-Balaca bəyi kənardan çağırma,-dedi,-çalış, eşidən olmasın. Qonum-qonşu oyana bilər. Birbaşa həyətinə gir, qapısını döy, sakitcə başa sal ki, təcili yanıma gəlsin.
Bir neçə dəqiqə keçməmiş Balaca bəy Əmrah yüzbaşının hüzurunda oldu. Əmrah birbaşa mətləbə keçdi:
- Balaca, Davıdlı tərəfdən güllə səsi gəlir,-dedi.-Ola bilsin ki, erməni daşnakları kəndə hücum çəkib. Ona görə yubanmadan getməliyik. Tez atlan, bərayi-ehtiyat özünlə çoxlu patron götür.
Balaca bəy tərəddüdlə:
- Əmrah,-dedi,-get deyirsən, gedək, etirazım yoxdur. Sən deyəndən sonra ölümə də getməliyəm. Ancaq orası var ki, çox güman, bu, ermənilərin işi olmasın. Bizim öz kəndlərimiz də bir-birinə basqın edə bilər. Ona görə gəl tələsməyək. Axşamın xeyrindənsə, səhərin şəri yaxşıdır. Gözləyək, səhər açılsın, adam göndərək, vəziyyətin nə yerdə olduğunu doğru-dürüst biləndən sonra tədbirimizi tökək.
Əmrah əsəbiləşdi:
- Balaca bəy, mənə dil öyrətmə,-dedi.-Tez hazırlaş, bir dəqiqə belə yubanmaq olmaz. Getməyə qorxursansa, bu başqa məsələ... Mən özüm tək gedərəm. Davıdlı balaca kənddir. Özümüzü vaxtında çatdırmasaq, ermənilər kəndə girib, arvad-uşağın birini salamat buraxmaz. Qocalı-cavanlı hamısını süngüdən keçirib qırarlar.
Əmrahın bu sərt sözü Balaca bəyi yüzbaşının qarşısında daha da kiçiltdi. O, dediyinə peşman olub, tez evə döndü. Yaraqlı-yasaqlı atlanıb, Əmrahın yanınca yola düşdü.
Onların atları qoşalaşdı. Əmrah düzən yerlərdə Qəmər atı qamçılayıb dördnala çapırdı. Çalışırdı ki, özünü Davıdlı kəndinə vaxtında yetirsin, adamlar pərən-pərən düşməsin.
Uzaq-uzaq dağlardan, dərələrdən baş alıb gələn Bərgüşad çayı Davıdlı kəndinin cəmi yüz metrliyindən axır. Davıdlı kəndinə gedən əsas yol çayın sol sahilindən keçir. Çayın sağ sahili qalın meşələrlə örtülmüş hündür dağlardan, sol sahili qayalardan, kol-kosdan ibarətdir. Əmrah vəziyyəti nəzərə alıb çayın sağ sahili boyunca uzanıb gedən və o qədər də rahat olmayan cığırlarla getməli oldu. Onlar Davıdlıya yaxınlaşdıqca atılan güllələrin səsi aydınca eşidilirdi.
lll
Artıq hava işıqlanırdı. Alma-armud bağlarının yaxınlığında nəhəng bir ayının vahiməli səsi meşəni başına götürmüşdü. Bir qayda olaraq axşam düşəndə ayılar və ya meyvə yeyən vəhşi heyvanlar balta-dəhrə dəyməyən meşələrin dərinliyindən Davıdlının meyvə bağlarına enir, sübhə qədər bağı dolaşıb mer-meyvədən doyunca yeyir, alaqaranlıq bağdan çıxır və yenə də meşənin dərinliyinə çəkilirlər. Bu gecə ayının bəxti gətirməyib: atışma vaxtı ayının potası erməni gülləsinə tuş gəlib. Ayının potası ölüm ayağındaydı və əzgil ağacının dibində yerə sərilib zarıldayırdı. Ayağa qalxmaq üçün pota ayının taqəti qalmamışdı. Anası bədheybət səslər çıxardır, bəlkə də körpə balasının bu günə düşməsinə səbəbkar olan insanları qarğıyırdı. Ana ayı balasını qoxuyur, burnunun ucu ilə irəli-geri itələyirdi. Bala ayı isə yerindən tərpənmir ki, tərpənmirdi. Ana qəzəblənir, hirsindən balasını pəncəsinin altına alıb döyəcləyirdi. Bala isə canının harayında idi. Yarası ağır olduğundan hərəkət edə bilmirdi. Axırda ana balasından əlini üzüb meşə ilə yuxarılara üz tutdu. Bir neçə addım getdikdən sonra dayandı, şöngüdü, arxaya baxdı, yenə də balasının üstünə qayıtdı. Nə müsibətlə böyütdüyü balasını yaladı, qoxladı, ayağı ilə qaldırıb özü ilə aparmaq istədi. Bala ayı yerindən qımıldanmırdı. Ana balasına yalvarıb-yaxarır və sanki deyirdi:
- Bizi erməninin əlində qoyma, bala! Anana yazığın gəlsin. Dur qaçaq burdan, üzümüz insan qiyafəli erməni vəhşilərinin üzünü görməsin.
Ana ayı hərdən gözünü ulu göylərə tutub, sanki imdad diləyirdi: “Ey yeri-göyü yaradan”, hay adlı məxluqu dünyaya gətirirdinsə, bizi neynirdin? İndi döşümdən süd verib böyütdüyüm balamı necə qoyub gedim?! Hansı diyara üz tutum?! Özün mənə bir yol göstər, ey gözəgörünməz! Hayların top-tüfəngindən daldalandığımız meşələr də od tutub yanır...”
Bala ayının nəfəsi daha gəlmirdi. Yəqin ki, ölmüşdü. Ana ayı balasından ümidini biryolluq üzüb donquldana-donquldana getdi. Yeri-göyü qarğıya-qarğıya getdi. Göz yaşı tökə-tökə getdi. Balasını əlindən alanları lənətləyə-lənətləyə getdi.
lll
Əmrah bu müdhiş mənzərəni görəndə pəjmürdə oldu. O, kənardan görünməmək üçün alçaq bir təpənin arxasına keçib, Davıdlı kəndi ilə üzbəüz bir yerdə atəş mövqeyi seçdi. Təpədən-dırnağa silahlanmış erməni daşnakları Davıdlı kəndini mühasirəyə almışdı. Ermənilər gülləni dolu kimi yağdırırdı. Kəndin ortasındakı damlardan alov qalxırdı. Tövlələrin qapısı örtülü olduğundan, içərisindəki mallar bir yana çıxa bilmirdi. Qara tüstüdən boğulan dana-buzovun böyürtüsü ərşə qalxmışdı.
Ermənilər Davıdlını kənardan atəşə tutsa da, hələlik cəsarət eləyib kəndə girə bilmirdilər.
Hava işıqlananda hücum başlandı. Əmrah özünü itirmədən kəndə girmək istəyənləri sərrast atəşlə bir-bir yerə sərirdi. Sağ qalan daşnaklar ya geri qayıdır, ya da ki əlverişli məqam gözləyirdi.
Balaca bəy bir neçə addım aralıdaydı. Vəziyyəti belə görəndə öz-özünə düşündü: “Düşmənin ordusu çox, biz isə cəmi-cümlətanı iki nəfər. Belə bir qüvvənin qabağında duruş gətirmək müşkül məsələdir. Əmrahın da xasiyyətinə bələdəm, ölsə də düşmən qabağından çəkilən deyil. O, son damla qanına qədər vuruşacaq. Mən özümü erməni gülləsinin qabağına verə bilmərəm. Sonsuz adamam. Nə oğlum var, nə qızım. Ölsəm, yurdum kor qalacaq. Bir də ki, can cahana bir dəfə gəlir. Yaxşısı budur, Əmrahdan xəbərsiz bu odun-alovun içindən çıxım”.
Balaca bəy bu mülahizə ilə sakitcə atına minib aradan çıxdı. Kəndə çatanda heç kəsə bir söz demədi. Xəlvəti evinə döndü. Vəziyyəti bircə həyat yoldaşına danışdı... Və əlavə etdi ki, Əmrah sağ qayıtsa, başımı bədənimdən üzəcək. Qayıtmasa, camaatın içərisinə çıxa bilmərəm. Etibarsız, qorxaq kimi məni daş-qalaq eləyərlər. Ona görə ər və arvad tələm-tələsik gərəkli şeylərini yır-yığış eləyib, evi tərk etdilər. Heç kəs bilməsin deyə, yüklü at yedəklərində evin arxasından dalda bir dərəyə enib, xəlvət yolla kənddən uzaqlaşdılar. Belə qərara gəldilər ki, arvadının Qarabağ tərəfdə qohumlarından birinin qoltuğuna sığınsınlar.
Artıq Balaca bəy sakit nəfəs alırdı: Araz aşığından idi, Kür topuğundan. Onu nə Əmrah yüzbaşını darda qoyub qaçması düşündürürdü, nə də ki, Davıdlı və ətraf kəndlərin ermənilər tərəfindən oda qalanması...
Əmrah isə düşmənlə vuruşurdu. O, yanı üstə dönüb bir neçə dəfə xısın-xısın:
- Balaca bəy, Balaca bəy... deyə onu səslədi.
Lakin Balaca bəydən səs-səmir çıxmadı. Əmrah yüzbaşı Balaca bəyə demək istəyirdi ki, yubanmadan Əliquluuşağına qayıtsın. Camaata xəbər versin ki, ermənilər Davıdlını gülləbarana tutub; Əmrah tək canıynan düşmənin hücumunu dayandırıb. Kənddə nə qədər əli silah tutan varsa, köməyə gəlsin. Ermənilər Davıdlını tutandan sonra Əliquluuşağına və qonşu kəndlərə hücum çəkəcək.
Ancaq Balaca bəyin hənirtisi gəlmədi. Əmrah fikirləşdi ki, yəqin Balaca bəy kəndə xəbərə gedib. Bu dəqiqələrdə bizim silahlı dəstələrimiz özünü yetirər.
Təəssüf ki, Əmrahın bu ümidi boşa çıxdı. Balaca bəy Əmrahı tək-tənha qoyub kəndə xəbər vermək əvəzinə, başını götürüb hara isə əkilmişdi.
(Ardı var)