Ümumtəhsil məktəblərində tədris ilinin başa çatmasına bir neçə gün qalmış, Qubadlıya getmişdim. Sumqayıtın kənarlarında müvəqqəti məskunlaşmış Qubadlısız qubadlılarımla həmdərd, həmsöhbət olmağa. Dəqiq desək, Qara İlyasov adına orta məktəbin müəllim və şagirdlərinin dəvəti ilə. Getməsəydim, özümü bağışlaya bilməzdim. Ahıllıq çağımda bu da mənə bir nisgil olardı. Yurd-yuvasından didərgin düşmüş həmyerlilərimin kövrək qəlbini sındırmaq nisgili.
Müasir qaydada tikilmiş yeni məktəb binasında tədris, təlim-tərbiyə üçün hər cür şərait vardır. Həyət-bacadan tutmuş, fənn kabinələrinə, sinif otaqlarına, foyedəki müxtəlif stendlərə qədər səliqə-sahmanı görəndə xoşhal oldum. Lakin müəllim və şagirdlərin səsinin ehtizazında, onların nigaran, incik baxışlarında çətin sezilən bir məyusluq da hiss edirdim. Çünki məktəb binası nə qədər yar-yaraşıqlı olsa da, bu təhsil ocağındakı müdavimlərin dünyaya göz açdıqları doğma diyarda ucaldılmamışdı. Bu dərd istər-istəməz ahıl qələm əhlinin kövrək qəlbinə də sirayət edirdi. Və bəzən söhbət əsnasında, fikir dünyası məni başqa səmtə çəkib aparırdı. Və hərdən sözümün rabitəsi pozulurdu.
Ötən əsrin qırxıncı illərində Qubadlının mərkəzində fəaliyyət göstərən bu məktəbdə mən də təhsil almışam. Pəncərələrdən baxanda barlı-bəhərli bağlar, uzaq-uzaq dağlardan hay-harayla baş alıb gələn Bərgüşad çayı, ətəkləri seyrək kollarla və getdikcə sıxlaşan meşələrlə örtülmüş əzəmətli dağlar görünür. Çox da böyük olmayan qəsəbənin arxası ağ, çəhrayı, bozumtul qayalara söykənir. Sonradan-sonraya qəsəbə adı verilən kiçik Qubadlı!
Respublikamızın hüdudlarından kənarda belə məşhur olan neçə-neçə mötəbər, təpərli şəxs Qubadlı torpağında pöhrələnib.
Mətləbdən kənara çıxsam da, bu barədə bəzi mülahizələrimi qısaca olaraq bildirmək istərdim: hər bir bədii əsər müəllifin dünya baxışının, daxili aləminin, xarakterinin, insani keyfiyyətlərinin aynasıdır. Səməd Vurğunun Azərbaycan nəsrinin ağır artilleriyası adlandırdığı Süleyman Rəhimovun “Şamo” epopeyasında Safo kişi demisini tüstülədə-tüstülədə dağı arana daşıyırdı, aranı dağa. Və düşünürdü ki, namus ləkəsini isti qan yuyar... Şübhəsiz, kənar ölkələrdə bunu oxuyan hər kəs dərk edir ki, bu xalq hansı əxlaqın, qeyrətin sahibidir. Və böyük yazıçı kiçik bir cümlə ilə mənsub olduğu milləti göylərə qaldırır.
lll
Sovet hakimiyyəti dövründə Mərkəzi Komitənin büro üzvlərindən dördü Qubadlıdan idi. Cəmi otuz minə yaxın əhalisi olan rayondan. Ötən əsrin ortalarında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Pospelovun iştirakı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun vəzifədən götürülməsi məsələsi müzakirə olunurdu. Onda Bağırovun etibar eləyib arxa çevirdiklərinin, demək olar, hamısı haqlı-haqsız onun üzünə durdu və olmazın böhtanlar yağdırdı. Belə bir deyim var ki, yıxılana balta vuran çox olar. Çıxış edənlərin içərisində Möhbalı Əmiraslanov yeganə şəxs idi ki, baltasını başqa səmtə yönəltdi. Dedi ki, yoldaş Pospelov, burada çıxış edənlərin çoxu cəfəngiyyat danışır... Əsl həqiqət odur ki, bizi bu mərtəbəyə gətirib çıxaran Bağırovdur. Onun dediklərini Moskvanın göstərişi kimi qəbul edib yerinə yetirmişik. Burada səslənən fikirlərdə müəyyən bir həqiqət varsa, buna bir nəfər yox, hamımız cavabdehik... Möhbalının çıxışına bütün zal əl çaldı...
Əlbəttə, burada Bağırov barəsində müzakirə açmaq fikrində deyiləm. Ancaq məsələnin kökünə səthi də olsa aydınlıq gətirmək istərdim. Xruşşovun böyük oğlu Leonid bir nəfər ananın yeganə əsgər övladını qətlə yetirdiyi üçün on il həbs cəzasına məhkum olunub, ön cəbhəyə cərimə batalyonuna göndərilib. Leonid ön cəbhədə vuruşub, özünü doğrultmağa çalışmaq əvəzinə, gecənin birində xəlvət yolla könüllü düşmən tərəfinə keçib. Almanlara xidmət etməyə başlayıb. Sovet kəşfiyyatı satqın oğulu ələ keçirib geri qaytarıblar. Və Vətən xaini kimi Belorusiyanın hərbi səhra məhkəməsinin hökmü ilə güllələnib. Xruşşovun Stalindən oğlu Leonidin əfv olunması barədəki yalvarışlarının yerinə yetirilməməsi Nikita Sergeyeviçin qəlbini göynətsə də, büruzə vermirdi. Stalinin vəfatından sonra Xruşşov fitnəkar yollarla ələ keçrdiyi hakimiyyətdən istifadə edib, Stalindən və ona sadiq olan görkəmli partiya, dövlət xadimlərindən amansızcasına qisas almağa başladı. O cümlədən də M.C.Bağırovdan. Və gəldiyim qənaət odur ki, nöqsansız adam yoxdur. Bağırovun da müəyyən səhvlərə yol verdiyini istisna etmirəm. Ancaq bunu danılmaz bir həqiqət kimi qəbul etməliyik ki, Bağırov xalqın yox, Xruşşovun düşməni kimi güllələndi. Ancaq Bağırovun məlum məhkəməsində məsələdən hali olanlar da, olmayanlar da kor-koranə əl çalırdılar ki, Kreml fironuna xoş getsin. On doqquz evli Balahəsənli kəndindən çıxan Möhbalı Əmiraslanov isə bu axına qoşulmadı.
Kreml riyakarlarının yox, atası Hacı Firidunun kişilik yolu ilə getdi... Və elə həmin yığıncaqda ermənicə “Kommunist” qəzetinin redaktoru Amirxanyan Bağırova qarşı cəfəng itthamlar irəli sürdü. Guya Bağırov cazibədar qadınları layiq olmadıqları yüksək vəzifələrə irəli çəkib, onlardan intim məqsədlər üçün istifadə edirmiş... Qubadlının Eyvazlı kəndində pərvazlanan və Mərkəzi Komitənin büro üzvlüyünə yüksələn Zəhra Kərimova Amirxanyanın çirkin sözlərini qüruruna sığışdırmadı. O, etika qaydalarına əməl etmədən yerindən qalxıb icazəsiz xitabət kürsüsünə doğru irəlilədi... Zalda qəribə bir anlaşılmazlıq yarandı. Axır ki, Pospelov işə qarışmalı oldu. Və onun göstərişi ilə Amirxanyanın çıxışı dayandırıldı. Zəhra Kərimovaya söz verildi. Zəhra Kərimova Amirxanyanın dediklərinin yalan, iftira olduğunu dəlil-sübutlarla ifşa etdi. Onun sözləri Pospelovun xoşuna gəldiyindən hiss olunmadan hərdən dodağı qaçırdı... Kişi xislətli Z.Kərimovanın haqq sözlərini bir nəfər belə təkzib edə bilmədi. Amirxanyan isə deməyə söz tapmadığından müqəvva kimi quruyub qalmışdı. Və Kərimovadan sonra nitqini bir təhər tamamlayıb xitabət kürsüsünü suyu süzülmüş tərk etdi.
Zəhra Kərimovanın belə bir cəsarətli hərəkəti əyləşənlərin pıçıltılarında rəğbətlə dolaşırdı.
lll
Ötən əsrin əllinci illərində Muradxanlı orta məktəbində direktorun tədris işləri üzrə müavini işləyirdim. Günün axırında direktorla birlikdə kənd həkim məntəqəsinə döndük. Əslən bakılı olan tibb məntəqəsinin müdiri Əliabbas Kərimovla söhbət edirdik. Əynində xəz haşiyəli, məxmər arxalığı olan orta boylu bir qadın şəstlə içəri daxil oldu. O, təmkinlə salam verib ötkəm əda ilə həkimdən soruşdu:
- Bakılı balası, sizdə sulfiddin var?!
Həkim gülümsəyərək:
- Tavad xanım, sizin üçün tapılar, - deyib tez yan otağa keçdi və əlində bükülü kağız geri döndü.
Qadın qəddini əyib həkimdən dərmanı alanda onun arxalığının altından gümüşü xəncər göründü. Təəccübləndim. Çünki o vaxtlar sadəcə ov bıçağı belə gəzdirmək xatalı idi. Bu çevik tərpənişli qadının kimliyi ilə maraqlandım. Direktor dedi ki, Başaratdandır. Ona “Xəncərli Tavad” deyirlər. O vaxt xozabirt erməniləri qardaşını işgəncə ilə qətlə yetiriblər. Tavad atasının göz yaşlarına dözməyb. Xəlvəti silaha sarılıb, qardaşının bütün qatillərini məhv eləyib. İndi də hər ehtimala qarşı xəncərli gəzir. Rayonun inzibati orqanları da bunu bilir. Ancaq ona toxunmurlar.
lll
Rayon mərkəzindən kəndimizə gedən piyada yol dərin dərələrdən, sıldırım yamaclardan, sərt qayalıqlardan keçir. Ötən əsrin qırxıncı illərində üç nəfər oğlan, bir də ki, Mərziyə müəllimə rayon mərkəzində xırda-para işlərimizi görüb, günbatana yaxın geri döndük. Gölcük dərəsinə enəndə dolu bədənli, orta boylu bir nəfər irəlidəki qayanın arxasından çıxıb əlindəki beşaçılan tüfəngin lüləsini bizə tərəf yönəldərək hökmlə:
- Düşün qabağıma,- deyib bizi sol tərəfdəki meşəyə döndərdi. Yoldan xeyli aralaşandan sonra bir açıqlıqda bizi dayandırdı və:
- Nəyiniz var, qoyun ortalığa, - dedi.
Dükan-bazardan aldığımızı, cibimizdəki qəpik-quruşumuzu dinməz-söyləməz qoyduq qaçağın qabağına. O, üzünü Mərziyə müəlliməyə çevirərək:
- Siz nə verdiniz?
- Üç yüz manat pul, beş paltar sabunu, on əl-üz sabunu, on iki metr cuna, səkkiz metr sətin parça. İyirmi beş yaşı olan, xaricən bir qədər cazibədar görünən Mərziyə müəllimə cavab verdi.
Qaçaq baxışlarına ciddi ifadə verərək:
- Namus üstündə qaçaq düşmüşəm, - dedi. - Qırmızıpapaqlılar gecə-gündüz məni izləyir. Hər dəqiqə məni ölüm gözləyir. Ancaq azadlığımı itirsəm də, müsəlmançılığımı, dinimi, namus-qeyrətimi itirməmişəm. Bu dünyada qadın qarət eləyib o dünyaya şuğlüzmə gedə bilmərəm. Ona görə də sənin bir çöpün də mənə lazım deyil. Nəyin var, hamısını götür.
lll
Qaçaq Nəbi ilə onun həyat yoldaşı Həcərin qoçaqlığı aləmə bəllidir. Onların cəsurluğu, igidliyi Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub.
lll
Ötən əsrin əvvəlləri idi. Qalın qar yağmışdı. Soyuq adamın iliyinə işləyirdi. Abdalanlı kəndindən olan İbadulla ilə Cəbrayıl qardaşları Əliquluuşağına təşrif gətirmişdilər. İbadulla Gorus qazamatında dustaq olan Qaçaq Qəbilin sifarişini camaata belə çatdırdı:
- İbadulla, tale məni ermənilərin tələsinə salıb. Bir həftəyə qədər qətlə yetirilməliyəm. Yaxşı bilirsən ki, ölümdən qorxan deyiləm. Ancaq istəmirəm ki, qanım erməni torpağına tökülsün.
İbadulla üzünü camaata tutaraq:
- Ey Əliquluuşağı camaatı, nəyin bahasına olursa-olsun, Qaçaq Qəbili xilas etməliyik. Ancaq bəri başdan deyim ki, bu yol ölüm yoludur. Sizlərdən də kim istəsə könüllü bizimlə gedək.
Əliquluuşağından da bir neçə nəfər İbadulla ilə Cəbrayıla qoşuldu. Qışın oğlan vaxtı, qaranlıq gecədə İbadulla ilə Cəbrayıl qardaşlarının başçılığı ilə Gorus qazamatı dağıdıldı. Bütün dustaqlar azad edildi. Qaçaq Qəbil azad olundu.
Bu hadisənin canlı şahidləri danışırdılar ki, qaçaq Qəbili Mirzəmmədin evinə gətirmişdilər. Mirzəmmədin anası Göyçək arvad Qəbilin soyuğa düşmüş yalın ayaqlarını qarla ovurdu.
lll
Mingəçevir dənizini yaradan, bozumtul düzlərdə Sumqayıt kimi sənaye şəhəri salan fədakarlardan biri Çərəli kəndindən olan Kamran Hüseynovdur. Sovetlər dövründə neft sənayesinin inkişafında misilsiz xidmətləri olan SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əli Əmiraslanov on doqquz evli Balahəsənli kəndindəndir. Uzun illər Azərbaycanın Ali Sovetinə başçılıq edən Nəzər Heydərov, elm-ədəbiyyat sahəsində silinməz izləri olan Əhliman Axundov, Həsi Abdullayev, şair Qasım Qasımzadə, elm xadimləri Mədəd Allahverdiyev, Həbib Şirinov Qubadlı elinin yetirmələridir...
lll
Burada qeyd etdiklərimin bir çoxu qısa da olsa əsərlərimdə əksini tapıb. Bunları təkrar-təkrar deməkdə məqsədim, məramım odur ki, üzbəüz olduğum müəllimlər, şagirdlər bir daha bilsinlər ki, onlar kimlərin xələfləridir. Mənə əziz olan həmyerlilərim hansı məkandan, hansı kökdən, hansı nəsildən-nəcabətdəndirlər.
lll
Məktəblilər bəzi əsərlərimin əsasında əvvəlcədən hazırlanmış kiçik səhnəcikləri peşəkarlıqla nümayiş etdirdilər. Maraqlı sual-cavablarımız oldu. Onların bilik səviyyəsi məndə xoş ovqat yaratdı.
lll
Görüşümüzün rəsmi hissəsi başa çatdı. Həyətə çıxdıq. Ətrafa göz gəzdirdim. Ancaq... Ancaq Bərgüşad görünmədi ki, görünmədi. Xəyalım dolandı. Özümü ulu göylərə tutub demək istərdim:
- Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad!! Heç vaxt məcrandan çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun, Bərgüşad!! Cahıllığımda sevincim, ahıllığımda qəmim-kədərim, Bərgüşad!!! Yazıb-pozduğum bəyaz kağızlar kimi sahilində qalan izimi, sözümü, həsrətli baxışlarımı əmanət saxla, Bərgüşad!! Çətin məqamlarda Qubadlı el-obasına həyan ol, Bərgüşad!! Qışda suların buz bağlayanda, qərib ölkələrdən quşların qonaq gələndə, baharda sahillərin əlvan gül-çiçəklərlə bəzənəndə gecə-gündüz həsrətini çəkən bu qələm əhlini də yad et, Bərgüşad!! Bir də ki, yoxluğumda, yazılarımın xeyirxahları o tərəflərə güzar salsa, həzin nəğmələrinlə onları da şad et, Bərgüşad!!
Məktəblilərin gah şən, gah məyus davranışı məni xəyal dünyamdan ayırdı. Vaxtilə müəllimlik etdiyim illərə qayıtdım. Məni əhatə edən maarif işçiləri ilə, məktəblilərlə həmsöhbət oldum. İcra başçısının müavini Xoşqədəm Alıyeva, maarif şöbəsinin müdiri Afət Allahverdiyeva, məktəbin direktoru Hümbət Hümbətəliyev nikbin əhval-ruhiyyə ilə danışırdılar. Onların öz dili ilə desək, yaman günün ömrü az olar. Belə çətin məqamda elmə, təhsilə daha çox diqqət göstərilməlidir. Şagirdlərin dərin biliklərə yiyələnməsi üçün necə səy göstərdiklərindən vəcdlə danışırdılar. Elmin çeşməsi məktəbdir. Müəllimlər onun duruluğunu qorumağı, insan qəlbinin mühəndisləri kimi özlərinə borc bilirlər.
lll
Rayonun icra aparatı üçün yeni bina tikilib. Burada hər şey yerbəyerindədir. İşçilər üçün normal şərait yaradılıb. Qubadlının həyatını əks etdirən muzey diqqətə layiqdir. Rayonun vaxtilə üzdə olan, xoş xatirələrdə yaşayan adlı-sanlı adamları üçün guşələr, lövhələr düzəldilib. İcra başçısı Malik İsaqov el-obasının qayğısı ilə yaşayır. O, vaxtilə Sumqayıtın sənaye müəssisələrində çalışıb, fəhlə məktəbi keçib, ədəb-ərkan sahibidir. Mən jurnalist kimi yarım əsrə yaxın respublikamızın şəhər və kəndlərini dolaşmışam. Bir çox mənada bunu dilə gətirmək bir qədər çətin olsa da qətiyyətlə deyərdim ki, o vaxt təmasda olduğum birinci katiblərin çoxundan yuxarı dayanır. Onun işgüzarlığı, təşkilatçılıq qabiliyyəti, hər kəslə öz dilində danışmaq mədəniyyəti, nəcibliyi, nəzakəti... məndə məmnunluq yaratdı. Yaxşı ki, belə bir çətin məqamda Qubadlı el-obasının gün-güzəranı, dor-dolanışığı belə bir təcrübəli, səriştəli ziyalıya tapşırılıb. Çalışır ki, qubadlılar bu qərib diyarda çətinlik əzabına düçar olmasın. Malik müəllim bu barədə respublika başçılarından razılıq etdi. Qaçqınların və köçkünlərin dərd-səri ilə məşğul olan Əli Həsənovdan minnətdarlıqla danışdı.
lll
Bu yerlərdə müvəqqəti məskunlaşmış həmyerlilərimdən xoş təəssüratla ayrıldım. Lakin fikrim Qubadlısız qubadlıların yanında qaldı...
Qubadlı elinə görüşə getdim,
Elə bil Kəbəni ziyarət etdim.
Ancaq Bərgüşadın gəlmədi səsi,
Qeyb oldu qəlbimin nuru, şöləsi.
Qalıb intizarda aranı, dağı,
Pozulub kəndlərin əzəl növrağı.
lll
Serjlər sevinməsin bəd əməlindən,
Fil belinə minib qürrələnməkdən,
Ohanyan cavabın alacaq yəqin,
Qazdığı quyudan çıxması çətin.
Qisas yerdə qalmaz deyib babalar,
Tarixin dərsindən bixəbər haylar.
15 may 2015