Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
(Əvvəli ötən şənbə sayımızda)
Əmrah Şuşa şəhərindən çıxanda atına bir qamçı çəkib cilovu buraxdı. At Kürdüstan dağlarının sinəsində əriş-arğac kimi uzanıb gedən cığırlarda qanad açdı. Yeddiqat deyilən yamac yolun kəsə yerlərindən enib Laçına çatdı.
Sultan bəylə görüşüb, onunla ətraflı söhbətdən sonra Zabux dərəsindən Qubadlı nahiyəsinə aşdı. O, yol boyu Sultan bəy və Xosrov bəy qardaşları ilə söhbətləri xatırlayıb, ona tapşırılan vəzifənin öhdəsindən gəlmək barədə götür-qoy edirdi.
Haçansa tikilmiş qədim günbəz, əkin-biçin yerləri göründü. Altındakı köhlən ona tanış olan çalın-çarpaz yollarda kəklik kimi səkirdi. Qəmər at sərin mehin nəvazişlə sığal çəkdiyi zəmilərin, təzə şumlanmış torpağın rayihəsini hiss edib, boynunu şax tutur və vəcdlə hərdən kişnəyib, sağ-salamat qayıtdıqlarını sanki car çəkirdi. Əmrah ətrafı seyr edib öz-özünə düşündü:
- Ana dediyimiz bərəkətli torpaq, üzərində qərar tutduğumuz yer adlı cənnət məkan, göz işlədikcə uzanıb gedən taxıl, arpa, pərinc zəmiləri, çiçəkli yoncalıqlar, bar-bəhrəsi tükənməyən bağ-bostan... İlahinin bəndələri üçün yaratdığı daha nələr, nələr!.. Di gəl ki, qonşuluq etdiyimiz xəbis erməni millətçiləri min bir nemət yetirən bu torpaqları qana boyamaq hərisliyindən əl çəkmir. Yəqin ona görə Xosrov bəy, söhbətində nigaran baxışlarını məndən çəkmədən ürək ağrısı ilə deyirdi ki, Əmrah, o yerlərdə əmin-amanlıq yaranmasında sənə güvənirəm. Eh, məğribdən-məşriqə xeyirxahlıq üçün yaranmış məxluqat!.. İki qonşu xalqı bir-birinə qırdıran qan çanağı andraniklər, drolar, nijdehlər... Türkiyənin çörəyi ilə boya-başa çatan, sonra yediyi qaba tüpürməyi özünə rəva bilən Andranik və onun millətçi törəmələri...
Əmrah geniş düzlərdən keçib, Yazının qaşına çatdı. Sərt enişlərdə yəhərdən aşırılıb Qəmər atı yedəyinə aldı ki, qolları alınmasın. Buradan Çömçəli, Qarabaşlı, Qabaxlı kəndlərinin kalafalıqları görünür. Hamısını zaman-zaman erməni millətçiləri yandırıb viranəliyə çevirib. Mamır basmış uçuq divarlardan bilinir ki, buralar vaxtilə kənd yeri olub. Əmrahın yaşadığı Əliquluuşağı kəndi üç dəfə ermənilərin silahlı hücumuna məruz qalıb. Neçə dəfə kəndin altı üstünə çevrilib.
Əmrah bunları xatırladıqca dəhşətə gəlirdi. Birdən onun ayağının altında dəmir parçası cingildədi. Əmrah əyilib götürdüyü əl boyda paslı dəmiri diqqətlə nəzərdən keçirdi. Pas atmış, köhnə top qəlpəsi idi. Əmrah iri bədənini təəccüblə yırğalayıb başını buladı və öz-özünə:
- Şübhəsiz, bu, Andranikin, Dronun, Nijdehin ordusu tərəfindən atılmış top mərmisinin ölüm saçan qəlpəsidir. Kəndləri xaraba, anaları gözü yaşlı, gəlinləri ərsiz, körpələri yetim qoyan, insanları müsibətlərə düçar edən qəlpə...
Qonşu Ermənistan tərəfdən üzü bəri baxan dağlar bu mənhus mənzərənin şahidi olduqca, xəcalət çəkirmiş kimi dərə-təpələrdən qalxan qara dumana bürünüb görünməz olurdu.
Əmrahın qayğılı baxışları bir anlığa ətrafı dolaşdı. Yaxınlıqdakı Çopur qayanın çuxurunda pərgarı pozulmuş qartal yuvası diqqətini cəlb etdi. Qartal həftələrlə dağları, təpələri, çölü-çəməni cövlan edib çör-çöp toplayıb, nə zillətlə özünə yuva qurub. Ancaq onun da taleyi bəd gətirib. Zavallı quşcığazın yuvasından əsər-əlamət qalmayıb. Andranikin, Dronun, Nijdehin silahlıları bu yerlərə hücum çəkib, atdıqları topun qəlpələri qartalın yuvasından da yan keçməyib, hamısını tar-mar eləyib. Pərgarı pozulub qartal yuvasının. Qartal, üstündə əsim-əsim əsdiyi balaları ilə birlikdə al qana boyanıb. Göyə sovrulmuş yuvada bir neçə qurumuş çör-çöp və bir də ki, uzun lələklər görünürdü. Erməni qəddarlığının ucbatından daha o yuvadan qartal pərvazlanmayacaq, dağlar qartalı bir də Əliquluuşağının səmasında qanad çalmayacaq.
Kəndin yarım verstliyində Əmrah ayağını üzəngiyə keçirdi və: “Allah, Məhəmməd, ya Əli!” - deyib, Qəmər atın belinə aşırıldı.
lll
Əmrah Əmir bəyin yerinə keçib, yüzbaşılıq işini boynuna götürəndən sonra gecələr rahat yatmırdı, gündüzlər dincəlmirdi. Vaxt-bivaxt kəndləri dolaşırdı. Güclülərin zəiflər üzərində ağalıq etməsinə imkan vermirdi. Qoymurdu ki, böyük kəndlər kiçik kəndlərə sitəm eləsin. Əsas diqqəti Ermənistan - Azərbaycan sərhədlərinə verirdi. Çünki xəbər gəzirdi ki, Andranikin, Dronun, Nijdehin quldur dəstələri müsəlman kəndlərinə hücuma hazırlaşır.
lll
Bir gün xəbər gəldi ki, bir neçə meşə kəndi qarətçilik məqsədilə tərəf-tərəf olub, qılınc-qırğına çıxıb. Çoxlu yaralanan olub, iki nəfər dünyasını dəyişib. Əmrah bu bəd xəbəri eşidən kimi atını meşələrlə əhatə olunmuş həmin kəndlərə sürdü. Vəziyyəti araşdırdıqdan sonra, aranı qızışdıranları tapıb camaatın gözü qarşısında güllələmək qərarına gəldi. Həmin məqamda Gürcülü kəndinin sayılıb sözü keçəni Molla Abbas qabağa çıxdı. Hündür boylu, uzun çuxalı, ağ saqqalı sinəsinə tökülən Molla Abbas əlində “Quran” Əmraha yan aldı. Gürcülü camaatının adından xahiş-minnət etdi, Əmrahın əli ilə qan tökülməsinə imkan vermədi...
Əmrah fikrini dəyişdi. Elin sözünü yerə salmadı. Ancaq əsas günahkarları da cəzasız qoymadı... Və çox dəlil-dəlalətdən sonra onun ətrafına toplaşanlarla xudahafizləşib atına süvar olmaq istədi. Molla Abbas atın cilovundan yapışıb nurani baxışlarını Əmraha tərəf çevirdi:
- Əmrah, ayda-ildə bir dəfə bu kəndə qədəm basasan, çörəyimizi kəsməyəsən... mən heç, Gürcülü camaatının xətrinə dəyər. Səndən inciyərlər, - deyib, atın başını evinə tərəf yönəltdi.
Molla Abbasın evində çay-çörək tədarükü görüldü. Onlar süfrə başında əyləşdilər. Tez-tez qapını açıb-örtən cavan bir oğlan nəzakətli davranışı ilə Əmrahın diqqətindən yayınmadı. Bunu Molla Abbas da hiss etdi. Və cavan oğlanın kimliyi barədə Əmrahın sualını gözləmədən:
- Bizim bu Nəzər özgə adam deyil, Əmrah. Öz uşağımızdır. Utanmazlıq da eləyirəm, yeznəmdir. Savadlı da uşaqdır. Rus-tatar məktəbini qurtarıb, yaxşı da qələmi var.
Əmrah axtardığını tapıbmış kimi:
- Nə işlə məşğuldur? - soruşdu.
- Əmrah, səndən nə gizlədim. Haracan desən, fərasətli uşaqdır. Ancaq yalan-gerçək ordan-burdan eşidirəm ki, gizli bir firqə özəyi var, ora gedib-gəlir. Guya yeni hökumət qurulacaq, ona görə firqə özəkləri yaradılır. Bu da məni açmır. Bir neçə dəfə aramızda giley-güzar da olub. Ancaq əqidəsindən döndərə bilmirəm. Uyub o firqə işinə.
Əmrah Molla Abbası diqqətlə dinləsə də, onu sorğu-suala tutub dərinə getmədi. Və Nəzəri yanında oturdub ona bəzi suallar verdikdən sonra:
- Nəzər, mənim yanımda işləyərsənmi? Xeyli vaxtdır ki, fərasətli, savadlı bir mirzə axtarıram. O ki qaldı firqə özəyi ilə əlaqənə, o sənin şəxsi işindir. Zənnimcə, sənin kimi ağıllı, kamallı, savadlı oğlan səhv etməz.
Bu söz Molla Abbasın xoşuna gəldi...
lll
Əmrah bir müddət Nəzər Heydərovla işləyəndən sonra deyirdi ki, ağlı başında oğlandır. Düzgün yol göstərəni olsa, yaxşı gələcəyi var.
O gündən Nəzər Heydərovu özünə mirzə götürdü. Çox keçmədi ki, Nəzər mirzəlikdən əlavə Əmrahın sadiq köməkçisinə, yaxın dostuna çevrildi.
lll
Əliquluuşağı ilə Ermənistanın Xızirək kəndi arasında dikələn iri qaya kilsəni xatırladır. Kənddən cəmi iki verst aralıda olan qayanın altında, dibi görünməyən qaranlıq kahada vaxtilə mal-qara saxlanardı. Görünüşünə görə bura Kilsə-kaha adlanır. Əks tərəfdə kol-kosluqla örtülmüş ağ qayalar uzanıb gedir. Üz-üzə dayanan qayalıqların arasından keçəndə adam vahimələnir. Neçə illərdir ki, Qara Qasım kənddən aralanıb tək-tənha Kilsə-kahada məskən salıb. Heç kəs də Qara Qasımın qorxusundan Kilsə-kaha tərəfə üzükmürdü. Dolu bədəni, gümrah sifəti, ötkəm danışığı olan və həmişə çiynində üçaçılan tüfəng, belində xəncər, onaçılan tapança gəzdirən Qara Qasım qarətçilik, adam öldürmək üstündə neçə dəfə qazamata düşüb, Sibirə sürgün olunub. Axırıncı dəfə azadlığa buraxıldıqdan sonra kənddə ev-eşiyi, arvad-uşağı ola-ola Kilsə-kahada yaşayırdı. Və köhnə adətini yerə qoymurdu. Əvvəllər olduğu kimi, yenə də quldurluğa qurşanmışdı. Qarət etdiyi atı, qatırı, malı, qoyunu qonşu Xınzirək kəndinin ermənilərinə su qiymətinə satırdı. Heç kəs də canının qorxusundan cəsarət edib ona bircə kəlmə söz deyə bilmirdi.
Qara Qasım Əmrahın yüzbaşılığını mülahizə eləyib, onu əsla saya salmırdı. Ancaq Əmrah Qara Qasımın nə oyunlardan çıxdığını ovcunun içi kimi bilirdi. Lakin hələlik ona baş qoşmaq istəmirdi. İstəmirdi ki, birdən-birə pərdəni götürüb, Qara Qasımın tayfa-törəməsi ilə qanlı-bıçaq olsun. Qara Qasım da ki, sağa-sola at oynadırdı; nə Allah tanıyırdı, nə bəndə. Nə qazamatdan qorxusu vardı, nə də Sibirin şaxtasından. “Dəliyəm, güclüyəm”, - deyib, istədiyini eləyirdi.
lll
Mülayim havaydı. Qız-gəlin təzəli-köhnəli xalı-xalçasını, yorğan-döşəyini, kilimini həyətə töküb yun çubuğu ilə çırpıb tozunu alır, günə verirdi. Bəziləri də taxıl dənəsini sərib qurudurdu. Beş-on nəfər yaşlı adam kəndin ortasında “Dükan yeri” deyilən meydançaya toplaşıb gələcəkdən-keçəcəkdən söhbət edir, hərə öz dərd-sərini danışırdı. Əmrah bu gün başqa yerə getməmişdi. O, kəndə çıxıb “Dükan yeri”nə toplaşan həmkəndliləri ilə hal-xoş elədi, onların söhbətinə qoşuldu. Bu heyndə bir-birinin ardınca iki güllə səsi eşidildi. Hamı dönüb tüfəng açılan tərəfə boylandı. Qara Qasımıdı; onun səsi-sədası gələn kimi kəndin həyət-bacasında bir adam gözə dəymirdi. Hamı tələm-tələsik içəri keçib, qapısını da arxadan bağlamışdı. Divara söykənən bir nəfər narazı halda başını buladı:
- Qara Qasımdan başqa kim olar? - dedi. - Yəqin ki, Kilsə-kahadan gəlir. Ordan-burdan çal-çap eləyib, çırpışdırdığını ermənilərə sırıyıb, indi də kefi kök, damağı çağ, kənddəkilərə özünü göstərir.
Heç kəs dillənmədi. Əmrahın baxışlarında amansız bir qəzəb alovlandı. Lakin özünü o yerə qoymadı. Bir qədər sonra Qara Qasım irəlidəki döngədən çıxıb “Dükan yeri”nə toplaşanlara tərəf yaxınlaşdı. Və onlara dilucu salam verib bir kənarda dayandı. Əmrah onun salamını almadı. Bunu Qara Qasımın özü də hiss etdi. Və bura toplaşanlar bayaqdan başladıqları söz-söhbətin istiqamətini dəyişdilər.
Əmrah özünü saxlaya bilmədi. Üzünü Qara Qasıma tutaraq:
- Qasım, - dedi, - bizim bu Əliquluuşağı iki yüzə yaxın evdir. Qonşu kəndlərdə də on-on beş ev ola, ya olmaya. İndiyə kimi nə hoqqalardan çıxmısan, onu sən özün də yaxşı bilirsən, mən də, bütün bura toplaşanlar da. Bizim camaata yaraşmaz ki, bu xırda-para kəndləri təpə-qapaz eləyib, mal-heyvanını zorla əlindən alsın. Gərək dünya malından ötrü onu-bunu qarət eləyib, sonra da el-oba içində başımızı aşağı salmayaq. Bu dediklərimi təkcə sən özünə götürmə. Burada oturanların hamısına deyirəm. Əl-ayağını farağat qoy.
Qara Qasım yaxşı başa düşürdü ki, Əmrah daşı kimin bağçasına atır. Odur ki, söz altında qalmadı:
- Əmrah, bizə yüzbaşı lazım deyil, - dedi. - Yəni xoruz olmasa, səhər açılmır?!
Əmrah ciddiləşdi və üzünü Qara Qasıma tutaraq:
- Qara Qasım, əvvəla bilməlisən ki, səninlə yüzbaşı kimi yox, bura yığışan kəndlilərimdən biri kimi danışıram. Orası düzdür ki, sizə yüzbaşı lazım deyil. Bu barədə fikrinlə şərikəm. Lakin onu da bilib dərk etməlisən ki, yüzbaşıları sənin kimi qarətçilər, soyğunçular yaradır. Qara Qasımlar olmasa, heç pristavlara, yüzbaşılara, uryadniklərə də ehtiyac olmaz.
(Ardı var)