|
|
|
|
"İlıq yaz axşamı... Bağlı-bağatlı kənd alma, gilənar, gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə qayıdırdı. Adamlar mal-qarasını yerbəyer edirdi. Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarələrindən azan səsi gəlirdi. Möminlər axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki həyətlərin birində toy məclisi qurulmuşdu. Çal-çağır səsi kəndi başına götürmüşdü. Aşıqların sazı-sözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə saatdan sonra, gəlin atlanıb təntənə ilə bəy evinə yola salınmalıydı. Bu əsnada, aravermədən atılan top mərmilərinin qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi. Təpədən dırnağa qədər silahlanmış ermənilər dörd bir tərəfdən qara qarışqa kimi kəndi mühasirəyə aldı... Toy yasa döndü. Top mərmiləri evlərin külünü göyə sovurdu. Güllü-çiçəkli bağ-bağçaların xoş rayihəsi yayılan həyət-bacaları barıt qoxusu bürüdü. Məscidlər, mədrəsələr yerlə-yeksan edildi. Qadınların məşum naləsi, uşaqların tükürpərdici çığırtısı, mal-heyvanın mələrtisi, itlərin ulartısı ərşə qalxdı. Minlərlə insan bir gecənin içində evli-eşikli odlara qalandı. Kəsilən toy qoyunlarının qanı insan qanına qarışıb, balaca-balaca yumru daşları diyirlədirdi. Çiynində tüfəng, əlində dəyənək olan bir neçə erməni kəndin mal-qarasını, ətrafdakı at ilxılarını qabaqlarına qatıb hara isə aparırdı. Coşqun dağ çayının sahilində, yaşıllıqlara bürünmüş alçaq təpələrin arasında minillərdən bəri dinc həyat sürən və üç yüzdən artıq evi olan Həsənli kəndi, XX əsrin əvvəllərində bax, beləcə görünməmiş müsibətlərlə üzləşdi..."
BƏRGÜŞADA SÖZÜM VAR...
Dünyaya göz açdığım Əliquluuşağı kəndinin kənarından bir çay keçir Bərgüşad adlı. Uzaq-uzaq dağlardan-dərələrdən, yal-yamaclardan damcı-damcı, sısqa-sısqa, gilə-gilə, ovuc-ovuc süzülüb bir məcrada qovuşur, gur axınla dərin-dərin ümmanlara doğru baş alıb gedir. Daşlara çırpılır, çilik-çilik olur, kükrəyib şahə qalxır, gah bulanır, gah durulur, lakin məcrasından kənara çıxmır Bərgüşad. Həzin nəğmələri ilə qəlbləri ehtizaza gətirən, neçə-neçə el-obaya, kənd-kəsəyə xoş ovqat, bin-bərəkət bəxş edən Bərgüşad. Gəncliyimdə qənşər bir yerdə dayanıb, uşaq heyranlığı ilə tamaşa etdiyim, ahıllığımda yuxularımın qanadında hər gecə görüşünə getdiyim, dəli bir həsrətlə dalğalarını qollarımın arasına alıb dərinliyinə baş vurduğum, duruluğunda durulub, dincəlib, rahatlıq tapdığım Bərgüşad.
Taleyimizdə bir oxşarlıq var bu aşıb-daşan çayla. Qələmimdən süzülən qara mürəkkəb ağ kağızlarda asanlıqla sətirlənməyib. Kitablarımdan sədası gələn saysız-hesabsız məqalə, oçerk, felyeton, hekayə, povest, qalın-qalın romanlar ərsə yetənə qədər qələmimin yolu heç də rəvan olmayıb. Bərgüşad kimi başı daşdan-daşa dəyib, sərt küləklərə, müxalif rüzgarlara, bəd niyyətlərə məruz qalıb. Lakin sarsılmayıb qələmim, səmtini dəyişməyib sətirlərim. Yalana, yanlışa uymayıb, bayağı hay-küydən, məddahlardan, məddahlıqdan uzaq olub, Tanrının müqəddəs qanunlarına, vicdanımın paklığına xilaf çıxmayıb qələmim.
Bərgüşadın yaşı neçədir, bilinmir. Min ildir, milyon ildir, səhih xəbər verən yoxdur. Qələmimin ömrü isə... Əsri başa vura, vurmaya. Lakin mürəkkəbi tükənməkdə olsa da, sətirlər cıdırında yorulmaq bilmədən, büdrəmədən gedir. Ömrün yaxınlaşmaqda olan qürub çağına doğru...
Bərgüşada nə var ki?.. Yaranışdan neçə yerdə bənd qurub bəndə salsalar da, qələmim kimi başı daşdan-daşa dəysə də, ona təfavütü yoxdur. Dünya binnət olandan gecə-gündüz çağlayır, dağlardan-daşlardan gilə-gilə, ovuc-ovuc süzülüb gələn saf, sərin suları öz maviliyinə qatıb dərin-dərin dəryalara ərməğan edir.
Məni təhdid edən bir arzum, bir diləyim var, Bərgüşad! Üzümü ulu göylərə tutub deyirəm: Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun, Bərgüşad! Cahıllığımın sevinci, ahıllığımın qəmi, kədəri Bərgüşad! Yazıb-pozduğum bəyaz kağızlar kimi sahillərində qalan izimi, sözümü, həsrətli baxışlarımı əmanət saxla, Bərgüşad! Əsirlikdən zillət çəkən kəndimə, dağlarımıza, bağ-bağçalarımıza həyan ol, Bərgüşad!
Qışda suların buz bağlayanda, qərib ellərdən quşların qonaq gələndə, baharda sahillərin əlvan gül-çiçəklərlə bəzənəndə gecə-gündüz həsrətini çəkən bu qələm əhlini də yad et, Bərgüşad! Bir də ki, yoxluğumda, yazdıqlarımı yozanların güzarı o tərəflərə düşsə, həzin nəğmələrinlə onların da könlünü şad et, Bərgüşad!..
Bir də ki... Bir də ki... bizim el-obanı tərk edib xan Araza qovuşanda Çay bağlarında budaqdan budağa qonan rəngbərəng quşların nəğməsini, ətir saçan gül-çiçəklərin rayihəsini Tinli çöllərinə ərmağan et ki, Əmrahın ruhu şad olsun! Qoca dağlarımıza nisgil olan Əmrahın!...
Neçə il bundan əvvəlin söhbətidir. Onda Qarabağ zonasında xidmət edirdim. Bir payız çağı yaxın qonşum olan Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun maşınında Şuşaya gedirdik. Fermalar dağdan arana qayıdır, köç əlindən tərpənmək olmurdu. Şuşanın dolaylarında yenə qoyun sürüləri ilə rastlaşdıq. Aşağı sürətlə gedən maşınımız sürünü yarıb irəliləmək üçün aramsız siqnal verirdi. Qarakərə qoyun gözlənilmədən dazıyıb özünü maşının qabaq fənərlərinə çırpdı, yıxıldı və tez qalxıb sürüyə qarışdı. Əlbəttə, bu, bir təsadüf olsa da, peşmançılıq hissi keçirdik. Tez maşını saxladıq, vəziyyəti öyrəndik. Qarakərə qoyunun ola bilsin ki, harasısa əzilsin, bir balaca zədələnsin, ancaq əsaslı bir zədə almamışdı. Arxayın düşüb yolumuza davam etmək istəyəndə sürünün arxasından üz-gözünü tük basmış, hündürboylu, cantaraq bir çoban çıxıb, əlində dəyənək kəsdi qabağımızı və qışqıra-qışqıra:
- Ara, permanın qoyununa vurub hara qaçırsınız e, getməyə qoymuyacağam! Asma, getsəniz də, maşının nömrəsini bilirəm...
Rəis maşından enib ona yaxınlaşdı, ədəb-ərkanla salam verdi və soruşdu:
- Bağışlayın, a kirvə, adınız nədir?
Erməni rəisin salam-kəlamını vecinə almadan, təkəbbürlə:
- Ara, adamı neynirsən e, - dedi. - Bu yolun içində mənə angetimə dolduracaqsan?! Aşotam ha! Aşot Manukyan! Demağına sözün nədi! Qoymuyacağam tərpənməyə, qoynuma şikəstə eləmisən, cavabını ver! Artığına, əysiyinə söz deməyə faydasına yoxdu!
Rəis xoş dillə:
- Aşot kirvə, əvvəla qoyuna bir şey olmayıb, - dedi. - İkinci də, əgər şübhələnirsənsə ki, sonradan qoyun şikəst ola bilər və ya ölər, onda tut gətir bura, cəriməsini çəkərik. Neçəyə deyirsən, pulunu verək, qoyun qalsın bizə.
Erməni rəisin yumşaq danışığını, bizim də susduğumuzu görüb özünü qaldırıb qoydu dağın kəlləsinə və səsini bir az da qaldırdı:
- Ara, mənim başıma xarabdı, burada xata çıxardacağam! Ay müsəlman, bura bazardı, dükandı ki, sizə qoyun satım? Bu, permanın heyvanıdı!
Rəis çıxılmaz vəziyyətdə qaldı və yenə də Aşot Manukyanı sakitləşdirib, razı salmaqdan ötrü dil tökməyə başladı:
- A kirvə, yaxşı, - dedi, - onda gəl belə danışaq, heyvanın qiyməti neçəyədi, de, pulunu verək, qoyunu da istəmirik, qalsın özünə.
- Ara, yox e, görürəm vəzifəniz də var, mən heç kimə qorxmuram! Permanın qoynuna vurmusunuz! Sizə qoymaram, bir addıma da gedəsiniz. Bu saat maşına da azacağam. Siz qoynuma vurmusunuz, mən də maşınına sındıracağam.
Rəis dedi:
- Aşot kirvə, onda imkan ver, arxadan gələn fermalardan sənin ürəyinə yatan saz bir qoyun alaq verək. Əl çək, ayıbdı, gəlib-gedən bizə baxır. Vurulan qoyunu da özün kəsib yeyərsən, halalın olsun. - Rəis ermənini sakitləşdirib, yola gətirməyə çalışdı.
- Ara, ayıba sizə olsun ki, qoynuma vurmusunuz! Mənə aldatmağına bacarmayacaqsınız. Dağdan sağ-salamatına gətirdiyim qoyuna qıçına qırmısınız, ha yalvarın, xeyrinə yoxdur. Mənə də Hadrutlu Aşot deyərlər. Qabağıma tərpənə bilməyəcaqsınız...
Rəis nə qədər çalışdı ki, erməni başa düşsün, mümkün olmadı. Aşot qan-qan deyib durmuşdu. Öz-özlüyümdə fikirləşirdim ki, belə bir adamın səviyyəsinə enib ona baş qoşmağa dəyməz. Bir də ki, axı, onun erməni toxunulmazlığı var. Bir balaca o yan-bu yan olsa, bir ucu gedib çıxacaq Moskvaya. "Yan"ların başbilənləri gözlərini yumub, ağızlarını açıb, aləmə car çəkəcəklər ki, bax, erməniləri yola vermirlər, onları gözümçıxdıya salırlar. Zavallı çoban dinməz-söyləməz qoyun otardığı yerdə, gör onun başına nə müsibət açıblar. Onda da gəl cavab ver! Kimi başa salasan ki...
Maşınımızın sürücüsü Rəşid də bizdən keçib məsələyə müdaxilə eləmirdi. Onun xasiyyəti də başqaydı. İyirmi-iyirmi beş yaşı olan bu adamla iki gün yol get, dindirsən danışacaq, dindirməsən, kəlmə kəsən deyil. Necə deyərlər, qızdan-gəlindən həyalı adamdı. O da sükanın arxasında mat-məəttəl quruyub qalmışdı. Ancaq hiss edirdim ki, Rəşidin içərisində dişi bağırsağını kəsir.
Üç nəfər adam, bir maşın Aşotun cəngindən qurtara bilmirdik. Bəs nə edək, - öz-özümə düşündüm. Aşot Manukyan ipə-sapa yatmırdı. O, qovduqca rəis qaçırdı, biz də dinmirdik.
Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sükanın arxasından çıxıb maşının açarını rəisin üstünə ataraq:
- Yoldaş Məmmədov, - dedi. - Bu gündən sizin işçi deyiləm, əmrimi verin, çıxarın! Əşi, ölmək ölməkdir, xırıldamaq nə deməkdir?! Bayaqdan qalmısınız bu sırtıq, həyasız erməninin əlində! Siz bəlkə vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir şey yoxdu!..
Rəşid hücum çəkdi erməninin üstünə:
- Ə, vicdansız oğlu, vicdansız, - dedi. Bayaqdan bu kişilər abrına qısılıb, sənə baş qoşmaq istəmirlər, sən də həyasızlığına salıb, bizi girinc eləmisən, qoymursan sakitcə yolumuzla gedək. Əvvəla, qoyununa heç nə olmayıb, olubsa da, ya pulunu al, ya da əvəzinə qoyun veririk. Ta bu nə həyasızlıqdı eləyirsən?!
Rəis sürücüyə təpindi ki, çoban adamdı, onunla işin olmasın. Həmişə özündən böyüyün qarşısında "bəli, baş üstə"dən başqa kəlmə kəsməyən sürücü bu dəfə rəisi eşitmədi. Əlində maşından götürdüyü yarım metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə, erməni arada heç bir şey olmayıbmış kimi, şaqqanaq çəkib güldü və yüz ilin dostu, qardaşı kimi sürücünün boynuna sarıldı:
- Va! Ara! Bu dalıdı - nadı! Ara, məssəb haqqı, zarapat eləyirəm eli! Ara, nə danışırsan?! Sizi kimi kepinə kök adamlara bir qoyun nədi ki?! Mənim sürümün hamısı sizə qurbandı. A kibrə, mən burda nə dedim ki, kepinizə dəydi ki, mənim bir səpim olub, onda gərək günahıma bağışlayasınız...
Sürücünün əl-qolu yanına düşdü. O, xarakterinə xas olmayan hərəkət etdiyinə görə xəcalət çəkə-çəkə geri dönüb sükanın arxasına keçdi və bayaqdan bəri qan-qan deyib qarşımızda meydan sulayan Aşot Manukyanın arsız, yaltaq baxışlarının müşayiətilə yolumuza davam etdik...