Ağsaqqal yazıçımız Əli İldırımoğlunun yeni tamamladığı romanını oxucularımıza təqdim edirik.
(Əvvəli ötən şənbə sayımızda)
Yazı düzünün əkin-biçin yerlərində bir qaraltı gözə dəymirdi.
Cütçülər şumu yarımçıq qoyub hara isə qaçmışdılar. Öküz otaranlar xəlvət dərələrə çəkilmişdi. Toxum saxlanan quyuların ağzı örtülmüşdü. Yal-yamacda adam görünmürdü. Hamı bilirdi ki, bu gün qırğın düşəcək. Atılan güllələrə tuş gəlməmək üçün arvad-uşaq evə girib, qapıları bağlamışdı. Yalnız dörd ağsaqqal, əllərində Quran, duz-çörək yolun kənarında məlul-müşkül dayanıb, bu işin axır-aqibətini fikirləşir və pristavın atlılarını gözləyirdi.
Axır ki Yazı düzünün üfüqə qovuşduğu yerdə atlı dəstə göründü. Onlar gah atların başını buraxıb nəşələnir, gah da köhlənləri yavaşıdıb sakit-sakit irəliləyirdi. Ötən axşam yüngülvari yağış yağdığından əksər atların quyruğu düyülmüşdü ki, zır-sımrığa bulaşmasın.
Yolun kənarında məzlum-məzlum oturan ağsaqqallara çatanda dayandılar. Dəstənin Şahgəldi adlı başçısı altındakı atın başını yığa bilmirdi. Harınlamış at ağzındakı cilovu gəmirə-gəmirə yerində eşilirdi. Şahgəldi köhlənin başını yığıb elçilərdən təkəbbürlə soruşdu:
- Burada dayanmaqda xeyir ola?! Görünür, uryadniki döyüb o kökə salanda ürəyiniz soyumayıb, indi də bizim qabağımızı kəsməyə gəlmisiniz?!
Arxadakı atlılar qımışdı.
Oruc-namazından qalmayan Məşədi İbrahim dəstənin başçısına yaxınlaşıb:
- Şahgəldi, qadan alım, əvvəla biz quldur deyilik gəlib-gedənin qabağını kəsək. İkincisi də, qabaq kəsməyə gələnin əlində sivirmə qılınc, tüfəng, tapança olar. Biz sizin hüzurunuza duz-çörəklə gəlmişik. Buraya nə niyyətlə təşrif gətirdiyinizi də yaxşı bilirik. Yüzə yaxın yaşım var. Dağdan aşmış gün kimiyəm. Dünyanın yaxşısını da, pisini də görmüşəm. Oğul, qanı qanla yumazlar. “Lənət şeytana!” deyib daşı ətəyinizdən tökün. Qul xətasız olmaz, ağa kərəmsiz. Əsl həqiqəti bilmək istəyirsinizsə, arının yuvasına çöp uzadan elə o dəyyus uryadnikin özü olub. Yəqin siz uryadnikin hansı yuvanın quşu olduğunu bilmirsiniz. Hacı Misirxanı da dərindən tanımırsınız. O çox abırlı-ağayana adamdır. Ona görə, uryadnikin yeri rahat olsun deyə ona qonaq veriblər. Hacı Misirxan da uryadnikə öz adına layiq hörmət göstərib. Əldə bəsləmə qoyun kəsib, arvadı samovar oddayıb, qonağın qabağına layiqli süfrə açıb. Axşam yatanda yükdən ipək yorğan-döşək çıxardıb... Bütün bunların müqabilində bir xəlbir arpanın içindən düyü boyda üç-dörd daş çıxdığına görə, o boyda kişini öz evinin içində, arvad-uşağının gözü qabağında şallağının altına salıb, bihörmət eləyib. Əmrah da, eşitməmiş olmazsınız, haracan desən təpərli, namuslu bir adamdır. Bu haqsızlığa dözə bilməyib. Uryadnikə qulaqburması verib, oturdub yerində. Deyib ki, dərə xəlvət, tülkü bəylik eləmə. Açığını deyim ki, uryadnikin bu qudurğan hərəkətinə görə camaat çara da nifrət eləyir, qubernatora da, pristava da. Bax məsələ bu yerdədir. İndi təqsirkar kimdir? Yuxarıda Allahınız bilsin, aşağıda siz.
Şahgəldi Məşədi İbrahimi dinlədikdən sonra:
- Bildiyimə görə, bu kənddə o adını çəkdiyiniz Əmrah var. Buralarda çox at oynadır. Heç kəsi də saya salmır. De görüm, o özündən müştəbeh Əmrah hardadır? Bizə o lazımdır. Yaxşı olardı ki, Əmrahın özü bizimlə bu cür qabaq-qənşər dayanıb, danışeydi.
- Əmrah harda olacaq?! O da bir dəstə bağlayıb qan-qan deyir. Deyir ki, qoy pristavın adamları gəlsin. Çoxdan çox öləcək, azdan az. - Məşədi İbrahim cavab verdi. Və əlavə etdi: - İndi, oğul, olan olub, keçən keçib. Atalar demişkən, rəhmət düzənə, lənət pozana. Gəlmişik ki, bizim bu ağ saqqalımızı nəzərə alıb, uryadnikin fitvasına getmiyəsiniz, bu fikirdən daşınasınız. Onda Allaha da xoş gedər, bəndəsinə də.
Şahgəldi qaşlarını çatıb dərin fikrə getdi. Nə düşündüsə, əlini çənəsində gəzdirib, sonra atdan düşdü. Elçilərə yaxınlaşdı. Məşədi İbrahimlə, Fərhadla, Firdovsi ilə, Paşa kişi ilə görüşüb, ədəb-ərkanla gətirdikləri Quranı öpüb qoydu gözünün üstə və əlindəki duz-çörəkdən bir loğma kəsdi. Sonra da elçilərlə xudahafizləşib geri döndü. Şahgəldi ayağını üzəngiyə qoyub, atın belinə aşırıldı. Arxasında dayanan əlisilahlılara başı ilə geri qayıtmaq işarəsini verdi. Məşədi İbrahim cəld irəli yeriyib, Şahgəldinin əlindəki cilovdan bərk-bərk yapışdı:
- Oğul, əvvəla kişilik eləyib bizi nəzərə aldığınıza görə çox sağ olun,-dedi.-Ananızdan əmdiyiniz süd sizə halal olsun. İkincisi də, bizim bu Əliquluuşağının torpağına qədəm basıb, bir tikə çörəyimizi kəsməsəniz, bizi hörmətsiz eləmiş olarsınız. Bütün bu atlı dəstə ilə bizimlə bir yerdə kəndə getməliyik. Heç olmasa bir stəkan çay verib, sizi yola salmalıyıq.
Şahgəldi gördü ki, kənd ağsaqqalları onları sidq-ürəkdən qonaq dəvət eləyir, sözlərini yerə salmadı. Qocalar qabağa düşdü, pristavın göndərdiyi dəstə də onların arxasınca...
Dünəndən bəri səmada cövlan edən qara buludlar da sanki camaatın intizardan qurtarmasını gözləyirmiş kimi çəkilib getmişdi. Hava tərtəmiz idi.
...Paşanın həyətindəki meyvə ağaclarının kölgəsində yerə xalı-xalça döşəndi. Qonaqlar dövrə ilə bardaş qurdular. Bir göz qırpımında saz bir cöngə kəsilib şaqqalandı. Dörd dirəkli damda iri qazanlar asıldı. Qonaqların qabağına təmiz süfrə açıldı, qab-qacaq düzüldü. Ortalığa çay-çörək gətirildi. Məşədi İbrahim Əmrahın dalınca adam göndərdi ki, o da gəlib pristavın atlıları ilə salam-kəlam eləyib, barışıq süfrəsində əyləşsin. Ancaq Əmrah inadından dönmədi. Cavabı da o oldu ki, haçan uryadnik zəhmətə qatlaşıb Əliquluuşağına gələr, etdiyi qələti boynuna alar, Hacı Misirxandan arvad-uşağının gözü qarşısında üzr istəyər, onda gələrəm.
Ancaq Məşədi İbrahim Əmrahın göndərdiyi cavabı açıb-ağartmadı. Qonaqlara bildirdi ki, Əmrah hara isə gedib. Onu tapa bilməyiblər. Pristav silahlılarının başçısı da bu məsələni közərtmədi. Beləliklə, pristavın silahlıları patrondaşlarını boşaltmaq, qan tökmək niyyəti ilə gəlsələr də, onları duz-çörəklə qarşılayan ağsaqqalların ağıllı kəlamlarından sonra fikirlərini dəyişib, kəndi qansız-qadasız tərk etdilər.
lll
Günəş kəndin arxasındakı dağlardan boylanıb ətrafdakı dərələrə, təpələrə, rəngbərəng qayalara, bağlara nur çiləyirdi. Əmrah sübh tezdən yerindən qalxıb həyətdə atına qaşov çəkir, tumar vurur və hara isə səfərə hazırlaşırdı. O, təzə toxunmuş tərk xurcununu yəhərin qaşına keçirmək istəyəndə çəpərin o tərəfindən hənirti eşitdi. Altında qaşqa madyan olan tanımadığı bir nəfər:
- Bağışlayın, Əmrahın evi buradır?
- Bəli, buradır. Düz gəlmisiniz,- Əmrah cavab verdi.
- Mənə Əmrahın özü lazımdır.
- Əmrah elə mən özüməm. Buyurun, nə sözünüz var, eşidirəm.
Buralara nabələd olan orta yaşlı adam atdan düşüb Əmrahın həyətinə daxil oldu. Onlar yaxınlaşıb əl tutdular.
Əmrah ilk dəfə gördüyü adama “xoş gəlmisən” deyib əyləşmək üçün dəhlizdə xalı salınmış taxtı göstərdi.
Əmrahın atı qonağın mindiyi qaşqa madyanı görəndə gözləri hədəqədən çıxdı. Atın burnu körükləndi və kırıldayıb şahə qalxdı. Başındakı cilovu qırıb, qaşqa madyana tərəf dartınmağa başladı. Əmrah tez yerindən qalxıb atına çəmkirdi və dalda bir yerə çəkib bağladı. Bununla da Əmrahın erkək atı sakitləşdi. Əmrah qayıdıb qonaqla üzbəüz əyləşdi. Ondan hardan gəlib-hara getdiyini və nə məqsədlə Əmrahı görmək istədiyini soruşdu. Dolu sifəti, gur saçı, ötkəm danışığı olan qonaq:
- Laçının Kürdhacılı kəndindən gəlirəm. Alaqaranlıq evdən çıxmışam. Yol da ki, getməklə qurtarmaq bilmir. Atı ordan bura birnəfəsə sürmüşəm. Fikirləşdim ki, geciksəm, Əmrah da iş-güc adamıdır, ora-bura gedər, görüşə bilmərəm.
- Bir belə yol qət edib gəlməkdə xeyir ola?! - Əmrah bayaqkı sualını təkrar etdi.
- Şərə lənət. Məni bura Sultan bəy göndərib. - Qonaq cavab verdi. - Yəqin ki, Sultan bəyi tanımamış olmazsınız!, - əlavə etdi.
Əmrah:
- Sultan bəy barəsində çox eşitmişəm. Ancaq şəxsi tanışlığımız yoxdur.
Qonaq diqqətini Əmrahdan ayırmadan təmkinlə:
- Sultan bəy vacib bir məsələdən ötrü sabah və ya birisi gün Laçının Zabux körpüsündə sizinlə görüşmək istəyir, - deyib susdu.
Əmrahın cavabı bu oldu:
- Sabaha söz versəm, yalançı olaram. Birisi gün günorta olmamış Sultan bəylə görüşməyə etirazım yoxdur.
Onlar razılaşdılar. Əmrah qonağa çay-çörək verib, hörmət-izzətlə yola saldı.
Əmrahı fikir götürdü. Və daxilən öz-özünə belə bir sual verdi: “Görəsən, dünyanın bu qarışıq vaxtı Sultan bəyi mənimlə görüşməyə vadar eləyən nədir?” Əmrahın fikri yüz yerə çözələndi. Laçın yolunu xatırladı. Hər daşın dibində müsəlmanların qanını içməyə hazır olan bir erməni daşnakı güdükdə dayanıb. Yox, canım, kişiyə qorxaqlıq yaraşmır. Bir halda ki söz vermişəm, getməliyəm. Sultan bəy kimi mötəbər bir adamın sözünü yerə sala bilmərəm...
lll
Sultan bəy nəinki Laçında, bütün Zəngəzur, Qarabağ mahalında tədbirli, qorxmaz, comərd adam kimi tanınırdı. Uşaqdan-böyüyə hamının ona rəğbəti vardı. Özü də varlı-hallı adamdı. Saysız-hesabsız qoyun sürüləri, at ilxıları, mal naxırları vardı. Xasiyyəti də eləydi ki, eyş-işrəti xoşlamazdı. Qazandıqlarını satıb İrandan, Türkiyədən və başqa ölkələrdən silah-sursat alırdı. Çünki Laçın kəndlərinin çoxu qonşu Ermənistanla kövşən-kövşənədir. Və erməni daşnaklarının hər cür riyakar sifətinə yaxşı bələd idi. Bilirdi ki, bu gün yağlı dillərini işə salıb özlərini yazıq, məzlum millət kimi göstərib, fürsət düşəndə müsəlmanların qanını içməyə hazırdırlar. Ona görə də Sultan bəy həmişə onlarla ayıq-sayıq dolanır, camaatını da silahlandırıb, erməni təhlükəsinə qarşı hazır olmağı tövsiyə edirdi.
lll
Andranik Gorus şəhərində özünə hərbi iqamətgah yaratmışdı. Sisyan, Muğancıq, Laçın sərhədlərinə bitişik olan Dığ və başqa kəndlərdəki ermənilərdən ibarət nizami ordu yaratmışdı. Məqsədi də o idi ki, yeganə yol olan Laçından keçib Qarabağı işğal etsin və oradakı müsəlmanlara divan tutsun. Ancaq Andranik onu da yaxşı bilirdi ki, Sultan bəyi tovlayıb, onun razılığını almadan Qarabağa keçmək müşkül məsələdir. Ona görə də Andranik azərbaycanca yazıb-pozmağı, səlis danışmağı bilən bir nəfər erməni tapıb, Sultan bəyə çatdırmaq üçün belə bir namə hazırladı:
“Çox hörmətli Sultan bəy cənablarına. Məlumdur ki, Laçın Ermənistanla həmsərhəddir və həm də mehriban qonşudurlar. Əsrlər boyu əmin-amanlıq şəraitində yaşayırlar. Ermənilər heç vaxt Laçın camaatına xəyanət etməmişdir. Sultan bəy cənabları əmin ola bilər ki, ermənilər bundan sonra da müsəlmanlara dəyib-dolaşmaz. Lakin Qarabağdan yaxşı xəbərlər gəlmir. Orda erməni-müsəlman qarşıdurması yaranıb. Hər iki tərəfdən çoxlu insan itkisi var. Bu, şübhəsiz, məni narahat edir. Və belə qərara gəlmişəm ki, qoşunumla Qarabağa keçib erməni-müsəlman qırğınının qarşısını alım. İki dost millətin arasında əmin-amanlıq yaranmasına kömək edim. Sizdən də təvəqqəm odur ki, ordumun Laçın ərazisindən maneəsiz keçməsinə razılıq verəsiniz. Bu, bizim aramızda qarşılıqlı etimadı daha da möhkəmləndirərdi...”
(Ardı var)