
Avqustun 20-dən 25-dək İtaliyanın Neapol şəhərində VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalı keçiriləcək. Məlumata görə, festivalda Azərbaycan Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi ilə təmsil olunacaq.
AzərTAc xəbər verir ki, festival müxtəlif ölkələri təmsil edən gənc rejissorlara filmlərini mötəbər münsiflər heyətinə göstərmək, eləcə də elmi tədqiqatlar, nəşrlər və seminarlar vasitəsilə Avropanın kino sahəsindəki yenilikləri ilə tanış olmaq imkanı yaradacaq.
Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak edəcəkləri festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir.
Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək. Bu festivalda da uğur qazanmağa iddialı olan “Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.
Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən heyvandarlıqla məşğul olan insanların çətin və maraqlı taleyi işıqlandırılır. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə davam etdirirlər.
Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. Əlli iki dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.
“Köç” filmi bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş olunub.



