|
|
|
|
Dünən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun prezidenti Günay Əfəndiyeva Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüş keçirib.
Görüş zamanı G.Əfəndiyeva Fondun üzv dövlətlərindən biri olan Qırğızıstan Respublikası ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən və cari il ərzində görüləcək bir sıra ortaq tədbirlərdən danışaraq, onların türk dünyasının irsinin dünyada tanıdılması üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Bakıt Yusupov müasir dünyada türkdilli dövlətlərin zəngin mədəniyyəti və irsinin layiqincə təmsil olunmasına böyük zərurət olduğunu və Fondun bu istiqamətdə mühüm töhfələr verdiyini qeyd edib. O, türk dünyası xalqlarının tarix, dil və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olduğunu bildirərək, qardaş xalqlar arasında əlaqələrin daha da güclənməsi istiqamətində Fondun fəaliyyətinin əhəmiyyətindən danışıb.
Görüş zamanı həmçinin, cari ilin sentyabr ayında Qırğızıstanda keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısının hazırlıq işləri və gündəmi üzrə fikir mübadiləsi aparılıb. Həmçinin, bu ərəfədə, Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək III Dünya Köçərilər Oyunlarının türk köçəri xalqlarının mənəvi özünüdərkinin və tarixi yaddaşının dirçəldilməsi baxımından mühüm hadisə olduğu qeyd olunub.
Daha sonra, tərəflər arasında cari ildə yaradıcılığında hər zaman türkdilli xalqların adət ənənələrini təbliğ edən türk dünyasının böyük mütəffəkiri Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsinə dair görülən hazırlıq işləri üzrə müzakirələr aparılıb.
Eyni zamanda, görüşdə Qırğızıstan Respublikası ilə Fond arasında əməkdaşlığın prioritet istiqamətləri üzrə qarşılıqlı maraq doğuran mövzular barədə müzakirə olunub.