|
|
|
|

Sentyabrın 11-də başlayan Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib. Lakin hicri təqvimlə 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.
Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn, o cümlədən, Rəsulullahın səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının verdiyi fətvada qeyd edildiyi kimi, İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ona görə də hesab edilir ki, ölkəmizdə İmam Hüseyn əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır: “Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır”.
Bildirilir ki, məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar.
Ancaq təəssüf doğuran məqamlardan biri odur ki, ayrı-ayrı vaxtlarda ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək cəhdləri müşahidə olunur. Halbuki əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.
Qazılər Şurası Allah rizası üçün İmam Hüseynə məhəbbətini izhar etmək istəyənlərə bu tövsiyələrə əməl etməlyə çağırır.
Xüsusilə qeyd edilməlidir ki, hazırda bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına və sağlamlığına mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda uzun müddətdir imtina olunub. QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb. Sevindirci haldır ki, artıq digər, qonşu müsəlman ölkələri, o cümlədən, Türkiyə və İran da Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, qançıxarma ilə bağlı zərərli tədbirlərdən imtina edir, bunun əvəzinə qanvermə aksiyalarının tətbiqinə üstünlük verir.
Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edir. Hesab olunur ki, Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edilir ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə xatir şəfa bəxş edəcəkdir.
Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pislənir və hesab olunur ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcək. Bu mənada, din xadimləri və dindarlar respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmalı, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmalı, bu cür həssas dönəmlərdə ölkədə qarışıqlıq, xaos yaratmaq cəhdlərinin qarşısının alınmasında qətiyyət nümayiş etdirməli, bununla hüquq-mühafizə orqanı əməkdaşlarına yardımçı olmalıdırlar.
Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılov qeyd edib ki, Məhərrəmlik mərasimləri ilə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalı, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına diqqət yetirilməlidir: “Qanunvericiliyin tələbləri hər kəsə məlumdur. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının verdiyi fətva isə yeni elan edilib. Fətvada Məhərrəm ayında keçiriləcək dini mərasimlərlə bağlı normalar və tövsiyyələr öz əksini tapıb. Hətta, idarənin fətvasını mükəmməl sənəd kimi qəbul edərdim. Orada birmənalı şəkildə göstərilib ki, Aşura mərasimi necə qeyd edilməlidir: uşaqların həmin mərasimlərdə iştirak etməsi məqsədə uyğun deyil; qanvermə aksiyalarına qoşulmaq daha məqsədəuyğundur; zəncir vurmaq, baş yarmaq islami noqteyi-nəzərdən doğru hesab edilmir”.
G.İsmayılov hesab edir ki, Aşura bədbinlikdən daha çox Vətənə, torpağa məhəbbət, dövlətə sədaqət ruhunda qurulan təbliğatlar, çağırışlarla müşaiyyət olunmalıdır.
İlahiyyatçı qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə verilən fətvanı, eləcə də qanunvericiliyinin tələbləri yerlərə, dindarlara, dini icmaları çatdırılması istiqamətində işlərini artıq başlayıb: “Bütün yerlərdə, o cümlədən, məscidlərdə, ziyarətgahlarda bununla bağlı maarifçilik işləri həyata keçirilir. Həmçinin, dünən Qazilər Şurasının elan etdiyi məlum fətva məscidlərdə oxunularaq, bütün dindarlara çatdırılacaq”.
Komitə sədrinin müavini bildirib ki, qanvermə aksiyasına qoşulanların sayı baxımından bu il çox əlamətdar olacaq: “Əvvəlki illərlə müqayisədə bu il qan verənlərin sayı daha da çox olacaq”.
G.İsmayılov hesab edir ki, ümumilikdə bu ilki məhərrəmlikdə neqativ halların sayı xeyli dərəcədə azalacaq: “İldən-ilə zəncirvurma, başyarma kimi, mənfi hallar azalmaqdadır. Düşünürəm ki, bu il bəlkə də bu cür nüqativ hallara rast gəlməyəcəyik”.
İlahiyyatçının sözlərinə görə, Aşura mərasimləri qətiyyən siyasiləşdirməsinə yol vermək olmaz: “Məscid ibadət üçündür, siyasət yeri deyil. Mənəviyyatı siyasiləşdirmək olmaz. Bu baxımdan, düşünürəm ki, Aşura mərasimlərində hər hansı siyasi çıxış, mərasimlərə siyasi rəng-çalar qatmaq cəhdlərinə əvvəlki illərdə olduğu kimi bu ildə yol verilməyəcək”.
Komitə sədrinin müavini vurğulayıb ki, radikal-dini qrupların istər Məhərrəm, istərsə də Ramazan ayında, eləcə də digər əlamətdar günlərdə dini məsələlərdən sui-istifadə etməsinə qətiyyən yol verilmir və bundan sonra da verilməyəcək”.
Ceyhun ABASOV



