|
|
|
|

Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməli, əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalı, təziyə məclislərində uşaqların iştirakına yol verilməməlidir.
Bu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvada Azərbaycan müsəlmanlarına edilən başlıca çağırışlardan biridir.
Qazılar Şurasının verdiyi fətvada məhərrəmlik ayında baş tutan dini mərasimlər zamanı zəncirvurma, başyarma, qançıxarma kimi adətlərin İslamla heç bir əlaqəsinin olmaması, dini-əxlaqi dəyərlərlə ziddiyyət təşkil etməsi önə çəkilir, bütün ölkə dindarları bu cür zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərində aktiv olmağa çağırılır.
Uzun müddətdir ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə apardığı maarrifləndirici tədbirlər nəticəsində Azərbaycanda məhərrəmlik mərasimləri zamanı qançıxarma, zəncirvurma, başyarma kimi insan psixologiyasına və sağlamlığına mənfi təsir göstərən adətləri həyata keçirənlərin sayı ildən-ilə azalır, əvəzində qan azlığından əziyyət çəkən xəstələrə dəstək xarakterli qanvermə aksiyalarına qoşulanların sıraları genişlənir. Bu savab əməl cəmiyyətimizdə yüksək qiymətləndirilir. Çünki Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir.
Təsadüfi deyil ki, son dövrlər digər müsəlman ölkələri də Azərbaycanın bu təcrübəsindən xəbərdar olaraq, öz vətəndaşlarını sadalanan zərərli vərdişlərdən uzaqlaşdırmağa çağırışlar edir, nümunəvi qanvermə aksiyalarının tətbiq edirlər.
Mövzu ilə bağlı fikirlərini bildirən Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizələr şöbəsinin müdiri Aqil Şirinov qeyd edib ki, Kərbəla faciəsinin yad edilməsi, Həzrət İmam Hüseyn və onun tərəfdarlarının, Əhli-beyt nümayəndələrinin Kərbəla çölündə şəhid edilməsi tarix boyunca müsəlman xalqları arasında, o cümlədən, Azərbaycan xalqı arasında qeyd olunub. O, SİA-ya bildirib ki, biz bu mərasimləri tarixən qeyd etmişik: “Bizim bir çox müsəlman ölkələrindən fərqimiz ondan ibarətdir ki, bu ənənələri, mərasimləri şüurlu şəkildə qeyd etmişik. Xüsusilə Azərbaycanın müstəqilliyindən sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışı ilə qanvermə aksiyalarının keçirilməsinə başlanıldı”.
A.Şirinovun sözlərinə görə, qanvermə aksiyaları Həzrət İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna daha uyğundur: “Bu, onların verdiyi mesaja daha uyğun bir haldır. Çünki biz qan verərək insanları xilas edirik. Necə ki, Həzrət İmam Hüseyin öz qanını verərək İslam cəmiyyətini qorumağa, insanları bəd hislərdən xilas etməyə çalışmışdı, eyni zamanda biz də burada qan verərək insanları xilas edirik. Beləcə bir çox neqativ haldan da yayınırıq”.
İdarə rəsmisi bildirib ki, insanların özünə zəncir vuraraq xələl yetirməsi, qurşağa qədər soyunaraq öz bədənlərinə müəyyən xələl yetirmələri İslam dinində qəbul olunan bir hal deyil: “Azərbaycanda gözəl ənənə mövcuddur”.
Digər müsəlman ölkələrində də qanvermə aksiyalarının tətbiq olunmasından danışan A.Şirinov əlavə edib ki, bu sevindirici haldır.
İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov isə qeyd edib ki, dinimiz bütün soyqırımlara və kütləvi qırğınlara qarşıdır. O, “Şərq”ə bildirib ki, müsəlman toplumlar təkcə Aşura günü baş verən faciəyə deyil, dünyada yaşanan bütün qətliamlara qarşı çıxmalıdırlar: “Aşura günü təkcə Kərbala hadisəsi deyil, Azərbaycan xalqının başına gətirilən faciələr də anılmalıdır”.
“Mən dəfələrlə Xocalı faciəsi ilə Aşuranı müqayisə etmişəm. Kərbəlada bir günahsız uşaq nizələnibsə, Xocalıda onlarla azyaşlı körpə qəddarcasına şəhid edilib. Aşura düşmənə sinə gərmək məktəbi kimi qeyd olunmalıdır. Bu mərdlik məktəbinin nümayəndələri bütün dünyada törədilən cinayətlərə, terrora qarşı mübarizə aparmalıdır”, - deyə ilahiyyatçı qeyd edib.
R.Məmmədovun sözlərinə görə, Aşura günü sinə vurmaq, baş yarmaq çox yanlış hərəkətlərdir.
İlahiyyatçı əlavə edib, Aşura günü vətənpərvərlik mövzusuna daha çox yer ayrılmalıdır: “Bu cür problemləri yalnız xurafata qarşı elmi mübarizə ilə aradan qaldırmaq mümkündür. Məscidlərdə bu mövzuda çıxış edən xətiblər oraya gələn insanları doğru-düzgün maarifləndirməlidir. Aşura günü kimsəsiz uşaqlara, qocalar evinə baş çəkmək, onların könüllərini almaq lazımdır”.
Yetkinlik yaşına çatmayanların məhərrəmlik mərasimlərindən iştirakı məsələsi ilə bağlı məsələyə toxunan sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, uşaqları Aşura məclislərindən bir qədər kənarda saxlamaq lazımdır: “Çünki bizim dövlətin də, ziyalıların da tutduğu əsas xətt odur ki, biz İslamın mənəvi dəyərlər aşılayan tərəfindən daha çox faydalanmalıyıq. Biz daha çox mənəviyyatımızın zənginləşməyini təbliğ etməliyik. Amma təəssüf ki, bu gün o mərasimlərin keçirilməsində cəhalət, fanatiklik elementləri çoxdur. Ona görə də bizim uşaqlarımız orada iştirak edəndə cəhalət, fanatiklik elementləri də onların şüurunda, qəlbində əks olunur”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, elə bir model düşünməliyik ki, orada həm bu mərasim haqqında məlumatlar öz əksini tapsın, həm də bunun uşaqlara mənfi təsiri olmasın: “Ona görə də indiki halda dəstəkləyirəm ki, uşaqlarımızı belə mərasimlərdən uzaq tutmaq lazımdır. Çünki hələ ki bu mərasimlərdə cəhalət, fanatizm elementləri çoxdur. Düşünürəm ki, müəyyən müddətdən sonra həmin mərasimlər daha maarifləndirici, mənəvi dəyərlər aşılayıcı bir şəkildə olacaq. O zaman uşaqların iştirakında da bir problem olmaz. Amma bu gün o problemlər var”.
Ceyhun ABASOV



