|
|
|
|

Müsəlman dünyası üçün böyük anlamı və mənəvi əhəmiyyəti olan Məhərrəm ayı başlayıb.
Bu günlər İslam ölkələrində ənənəvi olaraq müxtəlif mərasimlərlə qeyd edilir. Sentyabrın 20-də isə Aşuradır. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. Bu ay müharibələrin, münaqişələrin qadağan edildiyi aydır. Aşura günü İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gündür. Bu, İslam dünyası üçün kədərli hadisə olsa da, din xadimləri hesab edirlər ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbin əhval-ruhiyyənin təlqini deyil, Vətən, iman sevgisi və əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq çağırışlarının təcəssümüdür.
Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının verdiyi fətvada da bu çağırışlar var. Fətvada Aşura günü İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsi tövsiyə edilib. Bildirilir ki, əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.
Aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq deyə bilərik ki, bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyasına və sağlamlığına mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda uzun müddətdir ki, imtina olunub. Əvəzində isə daha xeyirxah, faydalı, savab iş olan qanvermə aksiyaları təşkil edilir. İnsanlarımız ildən ilə bu aksiyalara daha böyük maraq göstərir və məscidlərə, poliklinikalara üz tutaraq qan verirlər. QMİ-nin Səhiyyə Nazirliyi ilə birgə təşkil etdiyi bu aksiyalar qonşu ölkələrdə də bir nümunə kimi tətbiq edilir. Məsələn, Türkiyə və İranda artıq qançıxarma ilə bağlı zərərli tədbirlərdən çəkinilib, bunun əvəzinə qanvermə aksiyaları keçirilir.
Bu gün Azərbaycan İslam dünyasının nümunəvi ölkələrindən biridir. Tarixən tolerantlığı ilə seçilən ölkəmizdə dini mərasimlərin keçirilməsi, bütün dinlərin nümayəndələrinin ibadəti üçün lazım olan hər bir şərait yaradılıb. Ölkəmizdə 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Dövlət-din münasibətləri yüksək səviyyədədir. Dini icmalara, mütamadi olaraq dəstək verilir.
Məhərrəm ayı günlərində də insanlar ənənəvi olaraq mərasimlərdə iştirak edəcəklər. Din xadimləri hər kəsi bu günlərdə rdikal tədbirlərdən yayınmağa, əzadarlığın ən ali nümunəsi ola bilən qanvermə aksiyalarında iştirak etməyə çağırır. Onlar hesab edirlər ki, Aşura mərasimlərində əzadarlar dinimizin etdiyi tövsiyyələrə mütləq şəkildə riayət etməlidirlər. Belə ki, əzadarlıq mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, sinə açmaq, saç yolmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb hərəkətlərə yol verilməməlidir.
Millət vəkili Azər Badamov mövzu ilə bağlı "525"ə bildirib ki, son illər bu sahədə aparılan maarifləndirmə tədbirləri sayəsində böyük dəyişiklilər baş verib: "Azərbaycanda artıq 20 il əvvəldə olduğu kimi, Aşura günündə kütləvi bədənə zəncir vurma, qan çıxarma halları yoxdur. Varsa da çox az miqdardadır. Yəni islamın fəlsəfəsini dərk edən heç bir şəxs özünə xəsarət yetirməklə şəhidləri yad etməz. Şəhidləri yad etmək, onlara ehtiramını bildirmək üçün məscidə getmək, Qurani Kərimi oxumaq, qan vermək kimi hərəkətlər etmək daha da düzgün hesab edirəm. İslam dini sülh dinidir. İslamda heç bir işgəncə yol verilməzdir. Ona görə də ən düzgün yolu Aşura günündə qanvermə aksiyasına qoşulmaqdır. Təbii ki, qan bankına yığılan qanlar minlərlə xəstəyə şəfa gətirir və buna görə də bu aksiyada iştirak etmək daha savab sayılır. Düşünürəm ki, maarifləndirmə tədbirləri geniş şəkildə aparılmalıdır. Xüsusilə, Məhərrəmlik ayında mətbuatda, məscidlərdə belə tədbirlərə geniş yer verilməlidir. Xalq nə qədər xurafatdan, dini radikalizmdən uzaq olarsa, maariflənərsə, cəmiyyət də o qədər yaxşı yaşayar, inkişaf edər".
QMİ-dən verilən məlumata görə, aparılan müşahidələr respublikanın əksər məscidlərində QMİ-nin məhərrəmlik ayı ilə bağlı göstəriş və tövsiyələrinə əməl olunduğunu göstərib. Ötən illərdə aparılmış monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib. Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilib, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinib. Mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Aparılan maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hərəkətlərə çox nadir hallarda rast gəlinir. QMİ-dən bildiriblər ki, qeyd edilən belə neqativ hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır.
PƏRVANƏ



