|
|
|
|

Sentyabrın 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Siyəzən və Xızı gənclərinin iştirakı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirib.
Siyəzəndə keçirilən tədbirin əvvəlində dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Rasim Şirinov deyib ki, Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Rasim Şirinov ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın ümummilli lideri Heydər Əliyev olduğu vurğulayıb.
O, bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirib.
Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Balabəy Balabəyov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və digər çıxış edənlər ordumuzun müasir silah-sursat və hərbi texnika ilə təmin olunduğunu qeyd ediblər.
Natiqlər gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiklərini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq dövlətçilik ənənələrini daim uca tutduqlarını söyləyib, onların dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
Xidmət tərəfindən şəhid ailəsinin nümayəndəsi‚ Qarabağ müharibəsi veteranı, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisində fərqlənən hərbi rəhbər və şagird diplomlarla təltif olunublar.
Tədbirin bədii hissəsində Siyəzən məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusuna həsr olunan proqramla çıxış ediblər.



