
Gələn il Bakı Metropoliteninin yeni – 3-cü xəttinin (“Bənövşəyi xətt”) ilk 2 stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
Paytaxtın əsas giriş qapısı olan “Avtovağzal” stansiyasından başlayaraq inşa edilən “Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.
Beşillik proqrama əsasən, 2016-cı ildə bu xəttin ilk 5 stansiyası istismara veriləcək. Onlardan ikisi - “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaları eyni vaxtda, yəni, 2014-cü ildə açılacaq. Şərti adı “Memar Əcəmi-2” olan stansiya bu xəttin ilk əsas sahələrindən biridir. Çünki “Memar Əcəmi-2” “Bənövşəyi xətt”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaqdır. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.
Tikinti sahəsi ilk baxışdan o qədər böyük görünməsə də, yerin altına endikcə inşaatçıların yaratdıqları möcüzə insanı heyran edir. Sahə rəisi Emin Məmmədov deyir ki, “Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxtadək tikilən metro stansiyalarından fərqlənir. Stansiya 5 mərtəbədən ibarət olacaqdır. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 metrdir.
AzərTac



