Şəmkirçay su anbarı yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam edir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Şəmkirçay sutəmizləyici qurğular kompleksinin tikinti layihəsinə qum filtrləri, reagent təsərrüfatı, hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, 1 ədəd transformator, xlorator qurğusu və inzibati bina daxildir.
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq. Buradan götürülən su qum süzgəclərdə təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq. Yeni yaradılacaq mənbə hesabına Şəmkir, Samux, Gəncə şəhərləri və magistral kəmərlərin marşrutu üzərində yerləşən yaşayış məntəqələri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 km olan magistral su kəmərinin tikintisi artıq yekunlaşıb, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.
Qeyd edək ki, Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə hesab olunan Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Bu da 3 şəhərdə və ətraf kəndlərdə 400 minədək insanın keyfiyyətli və dayanıqlı içməli su təminatına imkan yaradacaq.
“Azərsu”nun sifarişi ilə inşa edilən Şəmkirçay sutəmizləyici qurğularının inşası üzrə işlərin artıq 80 faizi yerinə yetirilib və tikinti-quraşdırma işlərinin yaxın 2-3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Ümumilikdə, Şəmkirçay su anbarı regionların sosial-iqtisadi inkişafına vacib töhfədir və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biridir. Bu layihə ərzaq təhlükəsizliyi, insanların həyat şəraitinin, maddi rifah halının yaxşılaşdırılması, bölgənin içməli suya olan tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyətlidir.
CEYHUN