Məlum olduğu kimi, dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələn ilə bəslənən ümidlərdən danışıb.
Ölkə rəhbəri nəticə etibarilə qaçqın və məcburi köçkünlərin üzləşdiyi problemlərin müvəqqəti xarakter daşıdığını vurğulayıb, torpaqlarımızın gec-tez düşmən tapdağından azad ediləcəyinə, öz yurdlarından didərgin düşən ailələrin doğma el-obalarına qayıdacağına əminliyini ifadə edib.
Prezident bildirib ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti düşməni ağır vəziyyətdə qoyub: “Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində - iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çöküb. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir. Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir”.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb: “Xüsusilə, Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edilib. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynayıb”.
Prezidentin məcburi köçkünlərlə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirlərini şərh edən Milli Məclisin deputatı Çingiz Qənizadə qeyd edib ki, qarşıdan gələn 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı ümid verici hallar mövcuddur. O, SİA-ya bildirib ki, Paşinyanın hakimiyyətə gəlməsi və onun KTMT-yə üzv olan dövlətlərə qarşı xoşagəlməz münasibəti üzv dövlətlərin Ermənistana münasibətində müəyyən dəyişikliklər əmələ gətirib: “Fakt budur ki, hələ Rusiya prezidenti Paşinyanı təbrik etməyib. Bu da onu göstərir ki, artıq bu dövlətlər yavaş-yavaş Ermənistanın kimliyini və Ermənistan hakimiyyətində kimlərin təmsil olunmasının fərqinə varırlar. Geridə qoyacağımız 2018-ci ildə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı elə bir uğurlu prosesi qeyd edə bilmərəm. Demək olar ki, 2018-ci ildə ATƏT-in Minsk qrupu da ürəkaçan addımlar atmayıb. Ən yadda qalan odur ki, prezident öz mövqeyində qalır və Dağlıq Qarabağın Azərbaycan əzəli və əbədi torpağı olmasını qeyd etməklə milli və dövlət maraqlarından, eləcə də beynəlxalq hüquq normalarından çıxış edərək bu məsələdə hər hansı bir güzəşt olmayacağını bildirir”.
Deputat hesab edir ki, digər dövlətlərin təzyiqi və təsiri nəticəsində 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində nələrəsə nail olmaq olar: “Amma bunu zaman göstərəcək. Prezidentin qəti mövqeyi və beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi onu deməyə əsas verir ki, Ermənistana təzyiqlər davam edəcək və 2019-cu ildə uğurlu danışıqların başlanmasının şahidi olacağıq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə bildirib ki, ölkə prezidentinin bugünə qədər yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün kifayət qədər geniş imkanlar yaradır: “Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasət nəticəsində ölkəmiz 2018-ci il ərzində məhz özünün ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bir sıra mühüm nəticələr əldə edib”.
E.Mirzəbəyli bildirib ki, bu nəticələr sırasına NATO-nun zirvə toplantısının qətnaməsində ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, Avropa İttifaqı ilə paraflanan sənəddə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, eyni zamanda, Avropa Parlamentinin qəbul etdiyi son qərarda ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı fikrin ifadə olunması aid etmək olar”.
Politoloqun sözlərinə görə, əldə olunan uğurlar şübhəsiz ki, Azərbaycan prezidentinin şəxsi nüfuzundan qaynaqlanan amillərdir. O qeyd edib ki, bununla yanaşı, MDB məkanında ölkəmiz mühüm bir sıra uğurlu diplomatik addımlar atıb: “Bu, özünü Azərbaycan-Rusiya münasibətlərində qabarıq şəkildə özünü biruzə verir. Eyni zamanda, Azərbaycan-Belarus, Azərbaycan-Qazaxıstan münasibətlərində inkişaf və qarşılıqlı etimad mühitinin yüksək səviyyəyə çatdırılması nəticə etibarilə Ermənistanı KTMT-də tək qoyub, küncə sıxışdırıb. Bütün bunlar Dağlıq Qarabağın həlli üçün geniş imkanlar yaradır. Təbii ki, ölkə prezidenti bu amilləri, eyni zamanda, ölkəmizin gündən-günə artan hərbi gücünü, iqtisadi potensialını nəzərə alaraq “Rossiya-24” kanalına müsahibəsində bildirdib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müsbət irəliləyişlər olacaq”.
Ceyhun ABASOV