Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Türk Standartları İnstitutu (TSİ) tərəfindən Akademiyanın şəxsi heyəti üçün təlimlərin keçirilməsi məqsədilə sözügedən İnstitutun Azərbaycandakı nümayəndəliyi ilə saziş imzalanıb.
Tədbirdə Akademiyanın rəisi Qulu Novruzov, TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu, TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani və Akademiya kollektivi iştirak ediblər.
Qulu Novruzov Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması üçün hazırda bu sahədə müvafiq işlərin həyata keçirildiyini deyib. Akademiya rəisi DGKA-nın dörd standart üzrə İSO-nun sertifikatlarına sahib olmağı hədəf seçdiklərini vurğulayıb. Qulu Novruzov fəaliyyətin beynəlxalq standartlara uyğun qurulması üçün ilk olaraq keyfiyyətin təminatı üzrə beynəlxalq standart sertifikatının əldə edilməsinin vacibliyini bildirib.
TSİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu ölkəmizdə on ay bundan öncə fəaliyyətə başlamasına baxmayaraq, burada özünü doğma hiss etdiyini bildirib. Gülhan Yüzereroğlu təmsil etdiyi qurum haqqında qısa məlumat verərək, Akademiyaya lazımi dəstəyi verməyə hər zaman hazır olduğunu bildirib. O, imzalanacaq sazişin TSİ ilə Akademiya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ilk addım olduğunu nəzərə çatdırıb.
Sonra sazişin imzalanma mərasimi olub. İmzalanma mərasimindən sonra TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani Akademiya əməkdaşları üçün təlimə başlayıb.
S.QARAYEVA