|
|
|
|

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə dövlət, hökumət və ictimaiyyət nümayəndələri, ölkəmizdəki dini icma rəhbərləri və xarici qonaqlar iştirak ediblər.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: "Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan dövlət kimi dünyaya öz modelini göstərib. Bakı bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir". M.Qurbanlı xatırladıb ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib: "Onlardan 32-i xristian dini icmlarıdır, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlamandır, yerdə qalan 4 faiz müxtəlif dini konfensiyaları özündə əks etdirir və onların ölkədə hərtərəfli fəaliyyəti üçün hər şərait yaradıb". Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterinə, tarixində əksini tapıb".
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Onun dediyinə görə, ölkədə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir: "Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır". O qeyd edib ki, Azərbaycan artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib. A.Paşazadə vurğulayıb ki, təəssüf ki, hazırda dünyada humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir. 20 faiz torpağı erməni ekstremistləri tərəfindən işğal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır: "Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması probleminin həllində, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizmin önlənməsində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı - milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmayaraq, bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoq sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi bütün bu uğurlarımıza rəvac verən məqamlardandır".
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkəmizin daxili siyasətinin tərkib hissələrindəndir. Onun dediyinə görə, Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır: "Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmini ölkə qanunvericiliyində öz əksini tapıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi ölkədə milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir".
PA rəsmisi qeyd edib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır: "Buna baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyyət ondan ibarətdir ki, dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən, maliyyə dəstəyi göstərir. Son dövrlərdə Bakıda və regionda çoxsaylı rus pravoslav, gürcü pravoslav, alban-udin kilsə və məbədləri, yəhudi sinaqoqları əsaslı təmir edilib".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda həm qanunun aliliyi, həm dəənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir. O bildirib ki, Azərbaycanda insan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır: "Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır. Biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq. Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir və dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır".
S.Novruzov vurğulayıb ki, din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir: "Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətinə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyəsətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin meyitlərinin qaytarılması istiqamətində Ermənistanın din xadimlərinə müraciət olunsa da, bizə müsbət cavab verməyiblər".
Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova isə bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb: "Ölkəmiz dayanıqlı inkişaf məqsədlərinə yüksək səviyyədə əməl edir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara nail olub. Azərbaycan BMT qarşısında götürdüyü bütün öhdəliklərə ciddi şəkildə əməl edir. Ölkəmizdə etiqad azadlığı əsaslı şəkildə təmin edilib".
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer vurğulayıb ki, Azərbaycanda tolerantlıq ili elan etmək ehtiyacı yoxdur, çünki burada hər il tolerantlıq ilidir. O bildirib ki, Azərbaycanda 100 illiklərlə tolerantlıq, dözümlülük hökm sürüb: "Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin, dünya miqyasında nümunəvi ölkədir. Çünki bunun bünövrəsini dahi siyasətçi Heydər Əliyev qoyub, onun üçün tolerantlıq, dözümlülük prioritet məsələsinə çevrilib. Azərbaycan dini tolerantlıq mövzusunda digər dövlətlərə örnək olmalıdır ki, onlar sizdən nümunə götürsün".
S.QARAYEVA



