|
|
|
|

Sosial şəbəkələrdə görkəmli şair Musa Yaqubun Yazıçılar Birliyinin sədri Anarla bağlı açıqlaması yayılıb. Musa Yaqub iddia edir ki, guya xəstəliyiylə bağlı Anardan kömək istəyib, o etməyib.
Mətbuat xidməti bəyan edir ki, Musa Yaqubun AYB sədrinə nə yazılı, nə şifahi heç bir müraciəti olmayıb. Təbii ki, Yazıçılar Birliyindən “icra başçısı desin, sonra kömək edək” kimi absurd sözlər də deyilməyib və deyilə də bilməzdi. İllərdir ki, Yazıçılar Birliyinə bəzilərinin münasibəti yalnız yalanlara, uydurmalara və böhtanlara əsaslanır.
Musa Yaqubun Yazıçılar Birliyinə münasibətindən asılı olmayaraq, Birlik istedadlı şairə həmişə diqqət və qayğıyla yanaşmışdır. Onun Bakıda və yaşadığı rayonda keçirilən geniş yubiley tədbirlərində şəxsən iştirak edən Anar, Musa Yaqubun dediyi kimi, kimdən və nədənsə qorxsaydı, şairi ən çətin məqamlarda müdafiə etməz və yüksək adlara təqdim etməzdi.
Mətbuat xidməti Şəhriyar del Gerani adlı Azərbaycanda yaşamayan və soyadından milləti anlaşılmayan birisinin “Anar nə şairi bilir, nə şeiri” adlı bəyannaməsiylə Birlik sədrini tanış edəndə - Anar müəllim kimdir bu adam, mən yəni hər yetənin cəfəng fikirlərinə cavab verməliyəm? - dedi. Anar müəllimə xatırlatdıq ki, bu, onun İran həbsxanasından qurtardığı adamdır. Əlbəttə, - dedi, - vicdanı defisit olan yaxşılığın əvəzini elə məhz belə çıxmalıdır, - dedi.
Biz isə, Şəhriyar del Geraniyə məsləhət bilərdik ki, “şairi və şeiri bilməyən” Anarın Musa Yaqub, Ramiz Rövşən və Nizamidən bu günə kimi onlarla şair haqqında yazdığı böyük esseləriylə tanış olsun. “Min ilin yüz şairi” və “Min beş yüz ilin Oğuz şeiri” ikicildliyini oxumağa vaxtı olmasa da...
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti
4 aprel 2019



