"- Bəs, ilk məhəbbətə həyatınızın hansı mərhələsində düçar olmusunuz?"
"- Atanız ananızla necə tanış olub?"
"- Heç fala baxdırmısınmız?"
"- Sizin fikrinizcə, qadının ailə qurması mütləqdir?"
"- Toylarda oynayırsınız?"
"- Bəs Heydər Əliyev Ayaz Mütəllibova necə münasibət bəsləyirdi?"
"- Cavanlıqda ateist olmusunuz, bəs indi?"
"- Ən çətin müsahibləriniz kimlər olub? Müsahibə vermək istəməyənlər, sualdan yayınanlar nəzərdə tutulur".
"- Uşaqlıqda hansı sənətin ardınca getməyi düşünürdüz?"
"-Sonuncu sual: Siz xoşbəxt insansınızmı?"
Sadaladığım bu müraciətlər müxtəlif zamanlarda, ayrı-ayrı müxbirlər tərəfindən millət vəkili, Dövlət mükafatı laureatı Elmira Axundovaya verilən sualların bəlkə də mindən biridi; o ki qaldı bu sorğuların müfəssəl cavablarına, onda gərək E.Axundovanın hələ ki, kitab dükanlarında olan "Həmkarlarımla üz-üzə" kitabını alıb oxuyasınız. Onun həyatı - çox da uzun olmayan bir zaman kəsiyində - həm siyasət, həm də publisistika - ədəbiyyat aləmində parlaması örnəkdir. Hansı cavan ona oxşamaq istəməz ki?
E.Axundova ulu öndərimiz Heydər Əliyev haqqında romanlar silsiləsi yaratsa da, onun laiyqli davamçısı - prezidentimiz İlham Əliyev, həyatdan erkən getmiş ziyalı, deputat, ulu öndərin mərhum silahdaşı Əjdər Xanbababyev haqqında əsərlər qələmə alsa da, Zərifə Salahova və Qalina Mikeladzenin tərtib etdikləri "Epik layihənin vüsəti" kitabçasını nəzərə almasaq, onun zəngin həyat yolu və şəxsiyyəti haqqında hələ araşdırılma aparılmayıb. Amma "Həmkarlarımla üz-üzə" kitabında toplanmış müsahibələr (25 çap vərəqi həcmində) bu boşluğu müəyyən qədər doldurur. Sözün açığı, mən məhz bu mənbədən bəhrələnəndən sonra qərara aldım ki, düşüncələrimi paylaşım.
Elmira xanım heç bir sualdan qaçmır, ən naqolay sorğular belə onu diksindirmir. Hətta, ilk məhəbbətlə bağlı sualı da soyuqqanlı qarşılayır. "Bəli, yeddinci sinifdə oxuyanda, bir doqquzuncu sinif şagirdinə vurulmuşdum" deyir. Məncə, məhz bu sayaq səmimiyyətinə görə, mən də bu müsahibələrin heç birinə biganə qala bilmədim.
Lap erkən yaşlarında məhlədə doğmaları ilə top-top oynayanda, ondan tələb olunurdu ki, qapını qorusun. O, bunu bacardı. Valideynləri istəyirdilər ki, o da məktəbdə qardaşları, bacısı kimi əlaçı olsun. O, bunun da öhdəsindən gəldi. Xoreoqrafiya məşqlərindən çıxandan sonra üzgüçülük hovuzuna ona görə tələsirdi ki, gələcəkdə ulduz balerina olmaq üçün tam kompleksə yiyələnsin. Amma qəfildən gözlərində problem yarananda ən böyük arzusu ilə vidalaşmalı olur. Bakıda orta məktəbi bitirəndə böyük qardaşları, bacısı kimi ali məktəbə Moskvada daxil olmaq niyyətində idi, amma istəkli atasının tələbi bu istəyinin də üstündən xətt çəkir. Etirazını "acıq" etməklə, peşə məktəbinə (stenoqrafçılıq kursuna) girməklə bildirir. Amma bu gün Elmira xanım buna da peşman deyil. Hətta müsahibələrinin birində yarızarafat deyir ki, heç bir işi olmasa, kompüterdə yığıcı işləyər. Bəlkə də... Axı, o, səbrli insandır. Hətta qəfil lik məhəbbət iztirablarında da səbr, dözüm nümayiş etdirib; duyğu ilə düşüncənin savaşında ikinciyə üstünlük verib.
"Leyli və Məcnun" içində olmaqla, digər məhəbbət dastanlarına da can qurban, amma reallıq başqa şeydir. Moskvada yaşayan və rus dilində yaradan soydaşımız son hekayələrindən birində etik çərçivələrə bir qədər başqa səmtdən nəzər salaraq yazır ki, nigah kimi müqəddəs bir səddi sevgi kimi ötəri bir duyğuya qurban vermək şərəf gətirməz. Bu, 60 yaşını haqlamış peşəkar yazıçının müşahidəsidir, amma Elmira xanımın müsaibəsindən görünür ki, o, bu qənaətə elə orta məktəbdə oxuyanda gəlib. Örnəkdir, ya yox?
Müsahibələrdən məlum olur ki, ADU-nu fərqlənmə diplomu ilə bitirib və Az.TV-də "Ekran" yaradıcılıq birliyində işləməyə başlayıb və burda gələcək ömür-gtün yoldaşı, tanınmış rejissor Ramiz Axundovla qarşılaşıb. Hələ balerina sevdası yuxularından çıxmayan Elmira xanımın seçim etməyə nə qədər şansı olsa da, özündən on altı yaş böyük rejissoru seçib. Etiraf edir ki, hökm ürəkdən gəlib. İnanmamaq mümkün deyil.
Mənim yadımdadır, AYB-də Mirzə İbrahimov da, İmran Qasımov da, İsmayıl Şıxlı da ona son dərəcə nəzakətlə yanaşırdılar. Nə idi səbəbi? Onun işgüzarlığı və məsuliyyət duyğusu.
Namizədlik dissertasiyasını Mirzə Cəlildən yazması növbəti uğurlu seçimi idi. Bundan sonra özünü həmişə Mirzə Cəlil sevənlərin, böyük mütəfəkkiri araşdıranların çevrəsində gördü. Bu dairə isə çox geniş idi. Sonralar həyatında müstəsna rol oynamış İsa Həbibbəyli ilə də bu dairədə tanış olur.
1989-91-ci illərdə Sovetlər iflasa uğrayanda və bir çoxlarımız (mən də içində olmaqla) cəmiyyətdə özümüzə yer tapmayanda, Elmira xanım daha əngin üfüqlərdə göründü; səsi Almaniyadan - "Azadlıq" radiosundan, "Literaturnaya qazeta"dan, Rusiyanın müstəqil qəzetlərindən gəldi və Heydər Əliyevin də diqqətini bu üfüqlərdə çəkdi.
Müsahibələrdə son dərəcə həssas məqamlar var. Müxbir ittiham edir; deyir ki, siz prezident Elçibəyi bir dəfə də olsun, tənqid etməmisiniz. Və səbəbini soruşur. Elmira xanım deyir ki, prezident ölkənin simvolu - rəmzidir, onu tənqid etmək olmaz. Yeri gəlmişkən, prezidentlik səlahiyyənin uzadılması ilə bağlı verilən "naqolay" suala da Elmira xanımın cavabı diqqət çəkir: "Müharibə şəraitində həm parlamentin, həm də prezidentin səlahiyyəti uzadıla bilər".
"Həmkarlarımla üz-üzə" kitabı barəsində iradlarımı da bildirməyə ehtiyac duyuram. Bu nəfis toplunun təxminən üçdə biri Azərbaycan dilindədir, yerdə qalanı rusca. Bəyəm rusca mətnləri ana dilimizə çevirtdirmək olmazdımı? Bu həqiqətdir ki, bu gün rus məktəblərində oxuyan azərbaycanlıları nəzərə almasaq, gənc nəsil rus dilini bilmir, çünki ehtiyac daha çox digər əcnəbi dillərədir.
Güman eləyirəm ki, "Həmkarlarımla üz-üzə" kitabının gələcək müfəssəl nəşrində mənim bu iradlarım nəzərə alınacaq və şübhəsiz orijinalı rus dilində olan müsahibələri tərcümə etdirən bir qurum da tapılacaq.
Kitabı oxuyub başa çıxandan sonra bir də vərəqləyərkən gördüm ki, bu faydalı yazılar Elmira xanımın deputat həmkarlarının maddi dəstəyi ilə çap olunub. Bu nə dərəcədə yaxşıdır, söyləmək istəməzdim. Amma rəhmətlik Maqsud İbrahimbəyov deyirdi ki, "Bü- tün yaxşılıqlara ölüm!" Məncə, "Həmkarlarımla üz-üzə" kitabı kimi ümummilli yazıların nəşrinə dövlət qurumları yiyə durmalıdır.
Əgər dövlət qurumları Dövlət mükatı laureatının, deputatın əlyazmasına da sahib çıxmırsa, bunun adını nə qoymaq olar, görəsən? Məncə, bu gün Elmira xanımın verdiyi müsahibələrin tərcümə olunması da dövlət əhəmiyyətli işdir. Axı, bu müsahibələr yeni nəslə ünvanlanıb: oxu, bala, oxu, seçimini elə.
Bəli, "Həmkarlarımla üz-üzə" kitabı örnək bir ömür yoludur. Yolundan caymamaq, caydırmamaq istəyirsənsə, bu yola bələd olmalısan.
Bir neçə kəlmə də, ümumiyyətlə, müsahibə janrı haqqında. Mən 50 illik qələm təcrübəsi olan bir qələm sahibi kimi intervyünü jurnalistikanın ən çevik janrı bilirəm və sevimli qəzetim "525"- in hər sayında müsahibə görmək istəyirəm. Burda mətləb daha tez hasil olur. Çünki qarşı tərəflə üzbəüzsən: sən səviyyəni sualınla ortaya qoyursan, qarşı tərəfin də səviyyəsi bu sorğunun cavabıyla üzə çıxır. Bunu hardasa, duelə bənzətmək olar. Amma heç bir jurnalist həmkarımı məğlub görmək istəməzdim. Yeri gəlmişkən, Elmira xanımı bu məkanda həmişə qalib görmüşəm və o, jurnalistika janrlarında müsahibə ustasıdır. Onun ulu öndərimiz Heydər Əliyev haqqında beşcildlik roman-epopeyası da bu janrın üstündə qurulub. Elmira xanım, ümumiyyətlə, təfsilatçılıqdan uzaqdır. Müsahibə janrında isə birbaşa mətləbə gəlirsən. Elmira xanım kimlərdən müsahibə almayıb? Dindirilməsi müşkül güman edilən hansı məmurları dindirməyib? Buna əmin olmaq üçün uzağa getmək lazım deyil, "Şəxsiyyət və zaman: Heydər Əliyev" roman-epopeyasını sadəcə vərəqləmək kifayətdir.
Bu söhbətin əvvəlində vurğuladım ki, E.Axundova haqqında kitab yazmağın vaxtı çatıb. Gələcək müəllifə ilkin ünvanı da nişan verə bilərəm: "Həmkarlarımla üz-üzə" kitabı. Yazıların birindən bəlli olur ki, Elmira xanım hələ sovet dönəmində Bakı körfəzində gəmi saxlayırmış və münasib havalarda Xəzərin yaxın, uzaq adalarına həyat yoldaşı ilə birlikdə səfərlərə çıxırmış. Bu səyahətlərin birində qəfildən külək başlayır və bir kayut, bir xırda mətbəxdən ibarət olan bu gəmi gilə oturur. Bu elə bir ada idi ki, buraya aylarla gəmi, qayıq yan almırmış, insan nəfəsi dəymirmiş. Bəs onlar necə xilas olur? Bu sualın da müfəssəl cavabı "Həmkarlarımla üz-üzə" kitabında yer alıb. Bu məqam, həm də E.Axundovanın həyatını araşdıran müəllif üçün astana ola bilər. Naçar qalmış cavan ailə, kayutda dünyadan xəbərsiz uyuyan körpə, gilə oturmuş yaxta və haçan səngiyəcəyi bəlli olmayan külək.
Əlbəttə, indiki kimi mobil telefon şəbəkəsi mövcud olsaydı, kimisə koməyə çağıra bilərdin... Amma burda iki əlindən və düşünən beynindən başqa yardımçı yoxdur.
"Siz xoşbəxtsinizmi?" Bu ənənəvi bir sualdır və bu sorğuyla kimi dindirirsən-dindir, cavabı maraq doğuracaq. Elmira xanımın cavabı da gözlənilməz deyil, amma məntiqə əsaslanır. "Əgər Şuşa düşmən tapdağındadırsa, tam xoşbəxtlikdən necə danışmaq olar?" Və hiss edirsən ki, içdən gələn bir sözdür, ürək sözüdür. Müsahib bu sözü belə xırdalayır: "Yalnız müəyyən anlarda, dəqiqələrdə - gözəl bir əsər oxuyanda, həssas bir filmə baxanda - xoşbəxt anlar yaşamaq mümkündür". Həyat həmişə üzünə gülmür. Tam təminatın isə bəlkə də xoşbəxtliyə heç bir dəxli yoxdur.
Müsahibələrin birindən isə məlum olur ki, iki dəfə ulu öndərdən yüksək məmur vəzifəsinə dəvət alıb. Bəs nəticəsi? "Həmkarlarımla üz-üzə" kitabında bu müəmmanın da cavabı kufayət qədər işıqlandırılıb.
Beləcə "Həmkarlarımla üz-üzə" kitabını qatlayıb qoyuram bir tərəfə. Amma Xəzərin uzaq, kimsəsiz adasında gilə oturmuş yaxta və onun biri körpə uşaq olmaqla iki sərnişini ğözlərim önündən çəkilmir. Bəs, onlar necə xilas olub? Elmira xanım bunu təfsilatı ilə açıqlamır, amma inanclı insan olmasından danışır. Elə bu inanc da onu müqəddəs ziyarətə aparmayıbmı? Özü də Heydər Əliyevin "komandasında". Sanki o bilirmiş ki, gün gələcək, bütün bunları yazıya alacaq və ulu öndər haqqında beşcildlik roman-epopeya tamamlayacaq.
Fikirləşirəm ki, yeniyetmə yaşında gözlərində problem yaranmasaydı, o, yəqin ki, arzularının arxasınca gedib balerina olacaqdı. Bəs sonra? Bu zəngin insan teatr səhnəsində haçansa siyasət səhnəsindəki yerini görə biləcəkdimi? Kim bilir.
Bir çoxları (xüsusən vəzifə adamları) müsahibədən yayınmaq istəyirlər. Çox güman, fikirləşirlər ki, niyə ağrımayan başımıza dəsmal bağlayaq, axı? Məlum olur ki, siyasi büro üzvü Yeqor Liqaçov, böyük kürsü sahibi Nikolay Rıjkov, həmçinin, yenidənqurmanın dırnaqarası memarı Aleksandr Yakovlev müsahibədən qaçırmışlar. Amma nəticə göz qabağındadır: Elmira xanım onların üçünü də (başqa çətin müsahibləri sadalamaq istəmirəm) necə lazımdır, danışdıra bilib. Məncə, bu, jurnalist şücaətidir.
Təbii ki, Elmira xanımın həmkarlarından biri də mənəm və ola bilsin ki, haçansa mən də onu suallarla dindirdim. Təbii ki, yeni, zəruri suallar meydana gələrsə... Hətta fikirləşirəm ki, haçansa Elmira xanımın haqqında kitab yazası müəllif təzə nə soruşacaq ki, cavabı "Həmkarlarımla üz-üzə" kitabında açıqlanmasın?